29.03.2014. - Bakıda bankomat növbələri niyə uzanır?

29.03.2014. -  Bakıda bankomat növbələri niyə uzanır? Pensiya, maaşların və sosial ödənişlərin verilməsi iki bankın inhisarından çıxarılmalıdır”-Samir Əliyev.

Tez-tez bankomatların qarşısında uzun növbələrin olması barədə mediada məlumatlar yer alır. Xüsusilə də ayın bəlli günlərində maaş və pensiya almağa qaçan vətəndaşlar növbələrdə xeyli vaxt itirməli olurlar. Bu azmış kimi, uzunmüddətli bayram günlərində insanlar pul qıtlığı problemi ilə üzləşirlər. Çünki qeyri-iş günləri bankomatlar vaxtında pulla təmin edilmir və buna görə də pul çatışmır.

Novruz bayramı günlərində də əsasən paytaxt bankomatlarında pul qıtlığı yaranıb. Bəzi hallarda isə aparatın nasaz olması səbəbindən pul çıxartmaq mümkünsüz olur.

29.03.2014. -  Bakıda bankomat növbələri niyə uzanır?

Ekspertlər bildirirlər ki, hər bir halda zərbə qazancı ancaq aylıq məvacibdən ibarət olan vətəndaşa dəyir. “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, göstərilən problemin yaranmasını əsasən 4 səbəblə izah etmək olar:

“Birinci səbəb bankomatların sayının kifayət qədər olmamasıdır. Bankomatların sayının optimal səviyyədə olması kart sahiblərinin nağd pula əlçatanlığı üçün vacib şərtdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Hər bank orta hesabla 56 bankomata xidmət göstərir. Bu, ölkədəki şəhər və rayonların sayından da azdır. Cəmi bankomatların təxminən yarısı 2 bankın - Beynəlxalq Bankın və Kapital Bankın payına düşür. Bu halda yerdə qalan bankların payına orta hesabla 30 bankomat düşür”.

Onun sözlərinə görə, ölkədə əhalinin hər 100 min nəfərinə 25 bankomat düşür. Bu göstəriciyə görə Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Orta Asiya ölkələrini qabaqlayır. Qırğızıstanda əhalinin hər 100 min nəfərinə 12, Tacikistanda 8, Özbəkistanda 5 bankomat xidmət göstərir. Oxşar göstərici Moldovada 301, Rusiyada 153, Ukraynada 84, Qazaxıstanda 66, Gürcüstanda 42, Ermənistan və Belarusda 41-ə bərabərdir.
İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir: “Belə ki, Kanadada əhalinin hər 100 min nəfərinə 208, Avstraliyada 167, İspaniyada 149, Yaponiyada 129, Fransada 110, İsveçrə və İtaliyada 100 bankomat ximət göstərir”.

Ekspert bildirir ki, bankomatların yüklənməsinin ikinci səbəbi pensiyaların və büdcədən verilən maaşlara ancaq 2 bankın xidmət göstərməsidir: “Hazırda 3 milyona yaxın şəxs dövlət büdcəsindən müxtəlif təyinatlı ödəniş alır ki, bunların da təxminən 1,3 milyon nəfərini pensiyaçılar təşkil edir. Pensiyalarla yanaşı, büdcə işçilərinin maaşları, sosial müavinətlər, təqaüdlər və sair debet kartları vasitəsilə alınır. Həmin kartlara isə yalnız 2 bank - Beynəlxalq Bank və Kapital Bank xidmət göstərir. İki bankın sərəncamında olan bankomatların ümumi sayı 1167-dir. Bu halda 1 bankomatın öhdəsinə 2570 nəfər pensiyaçı və ya büdcə işçisi düşür. Bura bankların özəl müştərilərini də əlavə etsək, vəziyyətin nə qədər kritik olduğunu görmək olar”.

29.03.2014. -  Bakıda bankomat növbələri niyə uzanır?

Üçüncü səbəb isə bayram günləri bankomatlara zəif xidmətin göstərilməsidir: “Bir qayda olaraq uzunmüddətli bayram günlərində bankomatlarda pul qıtlığı müşahidə edilir. Çünki adi iş günlərindən fərqli olaraq bayram günləri bankomatlara ya pul yerləşdirilmir, ya da mütəmadi edilmir.
Çünki bayram günləri bank sistemi işləmir. Bayram günləri bankomatların pulla doldurulması prosesi bankları adi günlərlə müqayisədə daha çox xərcə salır”.

S.Əliyev bildirir ki, dördüncü səbəb əhalinin hələ də kartlardan nağdsız ödəniş vasitəsi kimi istifadə etməməsidir: “Hazırda ölkədə 5,8 milyon plastik kart mövcuddur. Bu kartların 4,8 milyon ədədi maaş, pensiya və sosial ödəniş kartlarının payına düşür. Kart sahiblərinin 85%-i nağdlaşdırma əməliyyatına üstünlük verir. Əlbəttə, bütün bu səbəblər aradan qaldırıla biləndir. Bunun üçün hökumət tərəfindən bir sıra addımların atılması vacibdir: Pensiya, maaşların və sosial ödənişlərin verilməsinin 2 bankın inhisarından çıxarılmalı, digər bankların da bu xidmətə qoşulması təmin edilməlidir. Nağdsız ödənişlər inkişaf etdirilməli, belə ödənişlərin edilməsi üçün zəruri infrastruktur yaradılmalı, stimullaşdırıcı tədbirlər görülməlidir. Əhalinin maarifləndirilməsi sahəsində işlər gücləndirilməli, nağdsız ödənişin üstünlüyü və vacibliyi təbliğ edilməlidir”.






Fikirlər