Qiymətlərin bahalaşması

Qubad İbadoğlu: “Tələbatın artması qiymətlərin bahalaşmasına təsir göstərir”
Bir həftə sonra bütün dünya Yeni ili qeyd edəcək. Azərbaycanda isə 31 dekabr ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bir-birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Amma bayramqabağı ərzaqların qiymətinin sürətlə bahalaşması heç də hamıya ürəyi istədiyi bayram süfrəsi açmağa imkan verməyəcək, deyəsən. Əksər ölkələrdə bayram öncəsi ərzaqların qiyməti əvvəlki günlərə nisbətən xeyli ucuzlaşdırılır.

Uzun illərdir İsveçdə mühacir həyatı yaşayan rejissor Rahim Sadıqbəyli öz facebook profilində bayram qabağı həmin ölkədə ərzaqların qiymətinin ucuzluğundan yazıb: “Bayram bazarlığı başladı. Artıq bir həftədir İsveçdə bayrama görə bütün ərzaqların qiyməti ucuzlaşıb. Bu gün 5 kiloqram kartof 10 kr (1 manat), mandarinin kilosu 5kr (50 qəpik), təzə qoyun əti 50 kr (5 manat), çəkilmiş mal əti 45kr (4 manat 50 qəpik), təzə hinduşkanın kilosu 49 kr (4 manat 90 qəpik), təzə qırmızı okean balığı - Lax 60 kr (6 manat), pomidor 13 kr (1 manat 30 qəpik) və sairə”.

Maraqlıdır, bəs bizdə normal bayram süfrəsi açmaq orta hesabla neçəyə başa gəlir?
Bunu öyrənmək üçün bazar və ərzaq mağazalarına baş çəkdik. 8-ci kilometr bazarında ərzaqların qiyməti İsveçdən fərqli olaraq bu cür idi: kartofun 1 kiloqramı 1 manat - 1 manat 50 qəpik, mandarin 1,5- 2 manat, pomidor 2-3 manat, xiyar 2 manat, qoyun əti 8 manat, mal əti 7 manat, balıqların qiyməti isə 3 manatdan başlayırdı. Hər halda, fərq göz qabağındadır. Satıcılar bazarlarda alıcıların çox, ancaq alış-verişin zəif olduğunu dedilər.
Meyvə satan Elçin deyir ki, hər kəs cibinə uyğun bazarlıq edir, elə alıcılar olur, gəlib hər meyvədən yarım kiloqram alır.

Yumurta, turşu satan Mahirə xala kənd yumurtası alanların az olduğunu deyir: “Camaat kənd yumurtası almır, nisbətən ucuz olan dükan yumurtası alır. Özüm bayramı keçirmək üçün 40 manat pul ayırmışam. Yəqin ki, kasıb süfrəsi qurmağıma bəs edəcək”.
Müəllim olduğunu deyən alıcı Eyyub bəyin sözlərinə görə, 5 nəfərlik ailə üzvü üçün normal süfrə açmaq 100-150 manata başa gəlir: “Maaşlarımızı tez verdilər ki, guya bayramı keçirək. 200 manat maaş alıram. Bu pulla ailəmə tam istədiyim kimi olmasa da, yəqin ki, ortabab bir bayram süfrəsi təşkil etmək mümkün olacaq. Qiymətlər çox bahadır. Maaşımı tez alsaydım, 2-3 həftə əvvəl gəlib bazarlıq edərdim, bir az ucuzluq idi onda. Amma alınmadı. Bayram süfrəsi üçün 100 manat xərcləməyi nəzərdə tutmuşam”.
Digər alıcı Təranə xanım isə bayram süfrəsi üçün cəmi 40 manat pul ayırdığını bildirdi: “Artıq pul xərcləməyə imkanım yoxdur. Bu pulla plov bişirəcəyəm, bir az da meyvə alacam, vəssalam”.

Maraqlıdır, nəyə görə hər bayram qabağı Azərbaycanda qiymət artımı müşahidə edilir?
İqtisadçı ekspert Qubad İbadoğlu bunun artıq bir mənfi ənənəyə çevrildiyini dedi: “Yeni il və Novruz bayramı ərəfəsində həmişə qiymətlər bahalaşır. Bu, bayramla əlaqədar tələbatın artması ilə əlaqədardır. Həm də bu, mövsümi amillərlə bağlıdır. Çünki hər iki bayram ehtiyatda olan ərzaq məhsullarının tükənməsi, eyni zamanda kənd təsərrüfatı məhsullarının mövsümlə əlaqədar olaraq bahalaşması dövrünə təsadüf edir. İndiki halda bizdə özəl sektorda rəqabət də yoxdur ki, onlar kampaniya aparsınlar və öz alıcılarına daha sərfəli qiymətlərlə bayramqabağı təkliflər versinlər. Təəssüflər olsun ki, bu istiqamətdə yalnız dövlət tərəfindən nazirlik sistemi ilə müəyyən yarmarkalar keçirilir. Biz nadir hallarda özünə hörmət edən şirkətlərdən bayram, qabağı endirimlərlə rastlaşırıq. Böyük əksəriyyət isə bayramqabağı yalnız yaranmış situasiyadan istifadə edərək öz məhsullarını daha baha qiymətə satmağa çalışırlar. Bir daha qeyd edim ki, bu, tələbatın artmasından irəli gəlir. Tələbatın da artması qiymətlərin bahalaşmasına təsir göstərir. Hər bayramqabağı ərzaqların qiymətinin artmaması üçün hökumət rəqabəti dəstəkləməli, bonus sistemi yaratmalı, qiymətlərin üzərində inhisarçıların nəzarətini aradan qaldırmalıdır. Həm azad ticarət, həm də liberal iqtisadiyyat formalaşdırılmalıdır. Onda qiymətlər aşağı düşəcək, nəinki artırılacaq”.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək. Yarmarkalar 28-31 dekabr 2013-cü il tarixlərində aşağıdakı ünvanlarda təşkil ediləcək:
Binəqədi rayonu - Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;
Xətai rayonu - Bakı kinoteatrının yanı;
Nərimanov rayonu - Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;
Nəsimi rayonu - "Təzə bazar"ın ərazisi;
Səbayel rayonu - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2. Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;
Yasamal rayonu - Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.






Fikirlər