İşıq, qaz, su da bahalaşacaq

Dekabrın 2-də Tarif Şurasının gizli qərarı ilə benzinin qiyməti bahalaşıb. İqtisadçı ekspertlər isə bildirirlər ki, bu, son deyil və bahalaşma davamlı olacaq. Benzinin, dizel yanacağının bahalaşması istehlak mallarının azı 20-30 faiz bahalaşmasına səbəb olacaq. Ekspertlərin fikrincə, bahalaşma ilə bağlı qərarın heç bir iqtisadi əsası yoxdur.


Belə ki, ölkədə neft emalı müəssisələrinin (eynilə kommunal müəssisələrin) xərcləri qəsdən şişirdilir, rəqabət olmadığından xərcləri istədikləri qədər artıra bilirlər. Ekspertlər bildirirlər ki, bir azdan eyni arqumentlə kommunal xidmətlərin qiyməti artırılacaq. Tezliklə kommunal xidmətlərin, elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq, həmçinin sərnişin daşıma xidmətlərinin qiymətinin artırılacağı vurğulanır.

Rəsmi qurumlar isə bunu təkzib edirlər. “Azərsu”dan bildirildi ki, qurum qiymət artımı barədə heç bir müzakirə aparmır və Tarif Şurasına müraciət də edilməyib.

“Azəriqaz”dan da bildirildi ki, qiymət artımı gündəmdə deyil və bununla bağlı qurumda heç bir müzakirə yoxdur.

İşıq, qaz, su da bahalaşacaq
“Azərenerji”dən isə konkret bir söz deyilmədi. Bildirildi ki, bununla bağlı suallar rəsmi müraciətdən sonra cavablandırıla bilər.

“Bakıelektrikşəbəkə”dən isə bildirildi ki, onlar icraçı qurumdurlar və Nazirlər Kabineti tərəfindən hansı qərar qəbul olunsa, onu həyata keçirəcəklər.

Ekspertlər isə vurğulayırlar ki, tezliklə kommunal xidmətlərin bahalaşacağı şübhəsizdir. Ekspert Qadir İbrahimlinin sözlərinə görə, hökumət neft itkilərini qeyri-neft sektorunu canlandırmaq və çoxşaxəli iqtisadiyyat qurmaq hesabına kompensasiya etmək əvəzinə, çox primitiv bir yola əl atıb: “Yanacağın qiyməti artandan sonra buna ilk reaksiyanı nəqliyyat sektoru verəcək. Yük və sərnişin daşınmasının maya dəyərinin əsasını yanacaq xərcləri təşkil edir. Ardınca ticarət və xidmət sektorunda qiymətlər artacaq. Rəsmi qurumların təkziblərinə baxmayaraq, kommunal xidmətlərin də tariflərinin artması tam realdır. Büdcə layihəsində büdcə təşkilatları üçün kommunal ödənişlərin 346,8 milyon manat artırılması və büdcəni tərtib edən maliyyə nazirinin açıqlaması qiymətlərin artacağından xəbər verir. Kommunal ödənişlər 2013-cü illə müqayisədə 85 faiz çoxdur. Maliyyə naziri isə qiymət artımını real hesab etdiyini bildirib. Bu bahalaşma hələ son deyil. Benzinin bahalaşması dolayısı ilə bütün sektorlarda qiymət artımını şərtləndirir. Daha böyük, çeşidli qiymət artımlarına hazır olmaq lazımdır. Yanvar ayından elektrik enerjisinin, əhaliyə verilən təbii qazın, suyun qiymətində artımlar olacaq. Hökumətin mövqeyindən yanaşdırda, təbii baxmaq lazımdır. Çünki neft gəlirləri, büdcə gəlirləri azalır və bunun azalması fonunda büdcənin yeganə doldurulma vasitəsi qiymət artımlarına getməkdir. Hökumət qiymət artımlarına gedəcək. Büdcə və neft gəlirləri azaldıqca, hökumət mütəmadi olaraq qiymət artımlarına gedəcək”.

Onun sözlərinə görə, təbii qazın əhaliyə satış qiyməti 1 kubmetr üçün 10 qəpikdən 15 qəpiyə (50 faiz artım), elektrik enerjisini 1 kv/saatının qiymətinin 6 qəpikdən 10 qəpiyə (66 faiz artım), 1 kub metr suyun qiyməti 30 qəpikdən 50 qəpiyə (40 faiz) çatdırılması mümkündür: “Büdcədən bu xidmətlər üzrə ödənişlərin artımının analizinə əsasən bahalaşmanın həddi müəyyənləşib. Ona görə də ”bahalaşma olmayacaq" deyib insanları sakitləşdirənlərin büdcə layihəsini bir az diqqətlə oxuması məsləhətdir".

İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirir ki, benzinin bahalaşması növbəti mərhələdə digər məhsulların bahalaşmasına təkandır: “Yaxın zamanlarda Tarif Şurası su, elektrik enerjisi, qaz, kommunal xidmətlərin bahalaşmasını elan edəcək və qərar verəcək. Eyni zamanda şəhərlərarası və şəhərətrafı avtomobil nəqliyyatında bahalaşma baş verəcək. Bundan sonra da metroya, dəmir yolu nəqliyyatına tələbat artacaq və həmin sektorlarda da gediş haqları bahalaşacaq. Yük daşınmaları da bahalaşacaq. Bu da ərzaq, qeyri-ərzaq məhsullarının qiymətində artıma gətirib çıxaracaq. İlk növbədə bahalaşan ərzaq məhsulları olacaq. Biz bahalaşmanı davamlı olaraq müşahidə edəcəyik. İnflyasiya eyni zamanda əhalinin gəlirlərinin dəyərsizləşməsini və xərclərin çoxalmasını şərtləndirəcək”.






Fikirlər