Mübarzi Mədətovla bağlı kimlər dezinformasiya yayırlar?
Son dövrlər bir sıra mətbuat orqanlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv olunacağı barədə məlumatlar dolaşmağa başlayıb. Bu məlumatların haradan qaynaqlandığı və kimlər tərəfindən yayıldığı isə üzə çıxarılmır.
Əslində, bu cür məlumatların yayılması məqsədlidir və hədəf olaraq da donanmanın rəisi Mübariz Mədətov götürülüb. Məqsəd isə peşəkar donanmaçı və bacarıqlı kadr olan Mubariz Mədətov barəsində qarayaxma kampaniyası aparmaq və onun peşəkarlığını şübhə altına almaqdır.
Qeyd edək ki, Xəzər Dəniz Neft Donanması Azərbaycanın həqiqətən böyük tarixi olan və bir sıra uğurlara imza atmış qurumlarından biridir. Hələ sovet dövründən indiyə qədər neftçilərin daşınması, sualtı boruların çəkilməsi və bir sıra mühüm işlərin görülməsini həyata keçirən donanma SSRİ dövründə böyük nüfuza malik idi. Lakin SSRİ dağılandan sonra yaranmış sıxıntılı dövrdə donanmanın əhəmiyyəti bir qədər azalmışdı. Amma Mübariz Mədətov bu quruma rəhbər təyinatı aldıqdan dərhal sonra genişmiqyaslı fəaliyyətə başlayaraq, donanmanın yenidən qurulması və gəmilərin əsaslı təmiri prosesini həyata keçirməyə başladı.
Bildirək ki, Mübariz Mədətov peşəkar kadrdır və o, işinin öhdəsindən layiqincə gələ bilir. Eyni zamanda, o, donanmanın qurulmasında və ölkə iqtisadiyyatına fayda verən bir qurumun ən yüksək səviyyədə işləməsinə nail olan şəxsdir. Nəzərinizə onu da çatdıraq ki, təkcə Mədətovun təşəbbüsü ilə bu yaxınlarda 15-ə yaxın gəmi yenidən təmir olunaraq, istifadəyə verilib. Üstəlik, Xəzər Dəniz Neft Donanması SSRİ dövründəki uğurlarını təkrarlayaraq, yenidən dünyada məşhur olmağa başlayıb.
Xatırladaq ki, Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman, SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Dənizdə neft istehsalının inkişafı haqqında" qərarı ilə "Azərdənizneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə "Üzən Vasitələr İdarəsi" yaradılmışdır. Xəzər Dəniz Neft Donanmasının inkişaf yolu da məhz bu tarixdən başlanır. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə "Üzən Vasitələr İdarəsi" "Xəzərdənizneftdonanma" idarəsinə çevrilmişdir.
Xəzər Dəniz Neft Donanması Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərinə dəniz nəqliyyatı xidmətinin göstərilməsi, o cümlədən, dənizdə neftçıxarma özüllərinin və estakadaların tikilməsi, mühəndis-geofiziki və geoloji tədqiqatların həyata keçirilməsi, sualtı neft-qaz boru kəmərlərinin çəkilişi, onların təmiri, neft və qazçıxarma obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin, müxtəlif növ yüklərin (yanacaq-sürtkü yağları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınması kimi işlərin icrasını təmin edir.
Donanmanın tərkibinə İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi, Cənub Rayon Dəniz Neft Donanma İdarəsi, Gəmi Təmiri zavodu, Dalğıc və Qəza-xilasetmə işləri İdarəsi və Maddi-Texniki Təchizat idarəsi daxildir.
Dənizdə neft və qazın istehsalı ilə bağlı bütün nomenklatur işlərin təmin edilməsi üçün Xəzər Dəniz Neft Donanmasının balansında müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı 70 layihə üzrə 237 gəmi (23 kran, 34 sərnişin, 21 təchizat, 5 yedək, 7 liman-yedək, 10 dalğıc, 8 mühəndis-geoloji və mühəndis-geofiziki, 4 su daşıyan, 3 yanacaq daşıyan, 1 metanol daşıyan, 8 yanğınsöndürən, 2 sualtı borudüzən gəmi, 106 müxtəlif təyinatlı kater və köməkçi gəmi, 5 ədəd barj) vardır. Gəmilər keçmiş SSRİ-nin zavodlarında, habelə keçmiş Yuqoslaviya, Finlandiya, Polşa, Bolqarıstan, Almaniya, Norveç, Hollandiya və Fransada inşa edilmişdir.
Bu gün iqtisadiyyatın əsas qollarından biri olan neft sənayesinin aparıcı sahəsi kimi qəbul edilən Xəzər Dəniz Neft Donanması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Çünki Mübariz Mədətov kimi bacırıqla və peşəkar bir rəisin donanmaya rəhbərlik etməsi orada neqativ halların baş verməsini mümkünləşdirmir. Eyni zamanda, Mədətovla ARDNŞ prezidenti cənab Rövnəq Abdullayevin münasibətlərinə xələl gətirməyə çalışan müəyyən qüvvələrin niyyəti heç də donanmanın inkişafı üçün çalışmırlar. Əksinə, onlar bununla öz çirkin niyyətlərini həyata keçirməyə çalışır və ölkənin ən aparıcı sahəsinin nüfuzdan düşməsinə nail olmaq istəyirlər.
Halbuki indiki məqamda yeni neft quyularının qazılmasından dolayı sualtı boruların çəkilməsindən tutmuş, neftçilərin vaxtında iş başına çatdırılmasına kimi ciddi və məsuliyyətli bir sahənin daha da gücləndirilməsi zərurəti mövcuddur. Bu işlərin öhdəsindən layiqincə gəlmiş və bacarıqlı kadr olan Mübariz Mədətov kimi insanlarından imkanlarından yetərincə istifadə olunmalıdır. O ki qaldı bəzi qüvvələrin cənfəşanlığına onların nəticə verəcəyi inandırıcı deyil. Ona görə ki, Mübariz Mədətov kimi peşəkarlara dövlətimiz həmişə yüksək qiymət verib və dəstəkləyib.
Azertaym.az