Rayon bazarlarında da bahalaşma müşahidə olunur
Paytaxt bazarları ilə yanaşı, rayon bazarlarında da satışa çıxarılan kənd təsərrüfatı məhsullarıının əksəriyyətini xarici ölkələrdən gətirilən meyvə -tərəvəz tutur. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, Göyçay bazarında gözə dəyən yeganə yerli məhsul nar idi. Satıcıların sözlərinə görə, rayon bazarına meyvə-tərəvəz İran, Türkiyə, Gürcüstan kimi ölkələrdən gətirilir və yerli məhsulla müqayisədə baha qiymətə satılır. Bazarda aparılan müşahidələr göstərir ki, alma, portağal, feyxua, banan, üzüm, qoz və fındıqda qiymət artımı 50 qəpiklə 1 manat arasındadır. Hazırda rayon bazarına Gürcüstandan gələn və əhalinin gündəlik qida rasionunu təşkil edən kartof, soğan kimi kənd təsərrüfatı məhsulları isə bir ay əvvəl kq-60-70 qəpiyə satılırdısa, indi 1 manat 50 qəpiyə satılır.
Satıcılar deyir ki, başqa yerdən məhsul gətirmək heç onların özünə də sərf eləmir. Xüsusilə də yanacağın bahalaşması və yol xərclərinin artmasından sonra.
Yerli istehsalçılar isə bildirirlər ki, əkib-becərdikləri meyvə- tərəvəz məhsullarını rayonda soyuducu anbarlarının azlığı və məhsulun çürüməsi üzündən bu vaxta saxlamaq mümkün olmur. Ona görə də məhsul yetişən kimi elə sahədəcə dəyər-dəyməzinə satılır.