Bir kürd, bir slavyan, bir gürcü, bir də Lotu Quli... - FOTOLAR

Kriminal aləm Şakronun və Şişkanın həbsindən, Taronun İspaniyaya təhvil verilməsindən sonra yeni lider axtarışında 

Rusiya kriminal aləmi ciddi lider böhran yaşayır. Şakro Molodoy kimi tanınan yezidi kürdü olan “qanuni oğru” Zaxari Kalaşovun həbsindən sonra kriminal aləm uzun müddət “1 nömrəli boss” axtarışında oldu. Yada salaq ki, Zaxari Kalaşov Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən və 2 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı saxlanılmışdı. Uzun sürən məhkəmənin yekununda  ona 9 il 10 ay həbs cəzası verildi. 

Bu həbsdən sonra “1 nömrəli “qanuni oğru” statususa bir neçə nəfərin adı çəkilsə də, sonda Şişkan kimi tanınan Oleq Şişkanovun adı üzərində dayanıldı. Bir il yarım müddətində kriminal aləmdə danışıqlar və namizədlərin müzakirəsi getdi, acaq sonda mafiya başçıları əsas “oğrunu” seçdilər. O.Şişkanov ölkədə slavyan əsilli ən məşhur və avtoritar liderlərdən biri sayılır. Onun 1992-ci ildə Moskvanın “İzmaylovo” otelində “qanuni oğru” adına layiq görüldüyü bildirilir. Oleq Şişkanov özü 1980-ci illərdə qəsdən adam öldürmək üstündə 10 il həbs cəzası alıb. Kriminal aləmdə əfsanə gəzir ki, 18 yaşlı Şişkan, əslində, bu cinayətdə iştirak etməyib, özündən böyük avtoritet həmkarlarının əməllərini özü üzərinə götürüb.  

Müzakirələrdən sonra Şişkanı “taxta” Vasiliy Xristoforov (Vasya Voskres), Dmitriy Çanturiya (Miron), Aleksey Petrov (Petrik), Sergey Aksyonov (Aksen), Bardi Koquaşvili (Bardi Kutaisski), Kaxaber Parpaliya (Kaxa), Elduca Turkadze (Quca Kutaisski), Merab Qoqiya (Meliya) kimi “qanuni oğru”lar layiq bildilər.   

Bu ilin yayında isə Şişkan Moskva vilayətinin Ramensk rayonunun qanunverici məclisinin deputatı Tatyana Sidorova və ailəsinin məhv edilməsində təqsirli bilinərək həbs edilib. Şişkan tərəfindən öldürüldüyü deyilən Tatyana Sidorova “Plemzavod Ramenskoe” şirkətinin baş direktoru olub. Rusiya mətbuatı T.Sidorovanın həm bələdiyyə məclisindəki deputatlığına, həm də zavoddakı vəzifəsinə görə məhz Şişkana borclu olduğunu bildirirdi.

2012-ci ildə deputat Sidorova, onun 73 yaşlı həyat yoldaşı, 28 yaşlı kiçik oğlu və 64 yaşlı bacısı birdən-birə yoxa çıxıb. Onların cəsədləri 7 il sonra  tapılıb və killerlər sifarişçi kimi Şişkanı göstərir. Şişkan isə hələ bir müddət əvvəl təcridxanada Ded Xasan ləqəbli Aslan Usoyanın öldürülməsindən və Şakronun məhkum edilməsindən sonra ona "1 nömrəli oğru" adı verilməsində medianı suçlamışdı. "Məhkəmədə məni cinayət icmasının lideri adlandırdılar" deyən  Şişkan sözlərinə belə davam etmişdi: “Lider hər yerdə yaxşıdır- istehsalda, partiyada və s. Bəs, kriminal iyerarxiyanın lideri nə deməkdir? Əvvəl sübut olunmalıdır ki, cinayət törədən bir qrup var. O qrup haradadır? Mənə deyirlər ki, sənin lider olmanla bağlı internetdən məlumatlar var. İnternetdə nələr yazmırlar ki?”  Ancaq bu günlərdə artıq qətllərdə birbaşa iştirak etmiş cinayətkarlar ifadə verir və bu, Şişkanın da uzun müddət azadlığı görməyəcəyinə işarədir. 

Şişkanın “1 nömrə” almasının və həbsindən bir müddət sonra “kriminal kastanın generallarından” olan Tariyel Oniani (Taro) azadlığa buraxıldı.   2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmişdi. Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində – 1980-cı illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. Həm Ded Xasana, həm Vyaçeslav İvankova (Yaponçik) sui-qəsdə əsas fiqurant kimi Kutaisi qruplaşmasının və onun rəhbəri Onianin adı hallanıb. 

Taro azadlığa buraxılan kimi həbs olundu və bu günlərdə Rusiyadan ekstradisiya edilərək İspaniya hüquq-mühafizə orqanlarına təhvil verildi. Məlumata görə, Taro bir sıra cinayətlərdə iştirak etdiyinə görə İspaniya polisi tərəfindən axtarılırdı. 

 Həbsxanadan çıxdıqdan sonra Türkiyəyə, oradan Birləşmiş Ərəb Əmirliklərinə gedən azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) hazırda “nömrə 1” olmağa ən real namizəddir. Düzdür, onun öz klanını formalaşdırmaqla məşğul olduğu və liderliyə həvəsli olmadığı  deyilir. İddialara görə, hələ Şişkan lider seçiləndə səsvermədən yeganə imtina edən azərbaycanlı Lotu Quli olub. Bildirilir ki, Lotu Quli öz mövqeyini “bizə kral lazım deyil” ifadəsi ilə izah edib. Musavat.com  






Fikirlər