“Oxumuram, əl çəkin!” - Subyektiv

image here

Füzuli Səddinov,
texnika üzrə fəlsəfə doktoru

Hələ sağlığında ikən özünə sənət və söz abidəsi ucaldan böyük fikir adamı Mirzə Ələkbər Sabirin ilk dəfə müəllimlik fəaliyyətinə başladığı Balaxanı kəndində ucaldılmış heykəli qarşısından keçəndə hər dəfə ani ayaq saxlamaq qərarında oluram və deyirəm: “Böyük ustad! Sən məktəbə, elm ocağına “küfranlıq yuvası” kimi baxan, onu “mələbə” adlandıran cahil ataların övladlarını zorla ordan çıxarıb “Oxutmuram, əl çəkin!” deyərək dövrün həyat tərzi olan, baş alıb gedən mövhumata, xurafata, nadanlığa dəm tutan ictimai şüura sonadək üsyan etmisən. Dövrün zəka sahiblərindən olan Axundov, Zərdabi, S.Ə.Şirvani, Nərimanov, Cavid… onlarla başqaları kimi millətin nicatını savadlanmada görmüsən. Allah sənə rəhmət eləsin!”.

İndi üstündən az qala yüz əlli il keçir. Dövran dəyişib. Seyrə, asimana “balonlarla” yox, raketlərlə çıxırıq. Kosmik sürət əsiri yaşayırıq. Texnologiya, firavanlıq, rifah ölçüyəgəlməzdir. Savad, maarif artır. Ölkədə 150 mindən çox tələbə var. Müəllimlərin sayı az qala 200 minə yaxındır. Ziyalı potensialın 3-4 min nəfəri elmlər doktoru, 10 min nəfərdən çoxu fəlsəfə doktorudur. Minlərlə elmi işçi var. Ali və orta ixtisas, peşə təhsili müəssisələrinin sayı yüzlərlə ölçülür. Təkcə Bakıda 330 tam orta məktəb var. Nə qədər paradoksal olsa da, bunların qarşılığında elmdən ayrı düşən, oxumayan, təhsilini yarımçıq qoyan, təhsilə maraq göstərməyən, hətta yeni qrafikalı əlifbamızda güclə yazan saysız miqdarda soydaşımız vardır. Fəlakətin dərinliyi ondadır ki, bunların böyük əksəriyyəti yeniyetmələrdir, bugünkü gənclərin bir qismidir, az bir pay da orta nəslə düşür.

Mən peşə fəaliyyətim, ömür yolumla bağlı irili-xırdalı kollektivlərdə olmuşam. Elə bir müəssisə olub ki, min nəfərlik kontingentin 60 faizi 18-35 yaş arasında olub və onlardan az qala yarıyadək olanı ümumi orta, xeyli qismi tam orta, cüzi hissəsi isə orta ixtisas təhsilinə yiyələnib. Ümumi münasibətdə aydın olur ki, 200 nəfəri sadə bir ərizə formasını yaza bilmir. 100 nəfəri adi dövlət təsisatlarını tanımır, 150-dən çoxu bir mətbuat adı çəkə bilmir, 50 nəfər adını güclə yazır, xeyli qismi əlifbamızın hərflərini qarışdırır. Bu, sadə bir kollektivin mənzərəsidir. Hər kənddə, hər rayonda heyrət doğuran belə nəticələr var. Üst-üstə bunlar minlərlə gənc övladımızı əhatə edir. Biz hansı övladlarla gələcəyə gedirik?

Yeniyetmə sosial şəbəkənin əsiri olub. Məşğul olduğu müxtəlif mövzularınsa nə adını başa düşür, nə özünü yaza bilir. Qələm və kağızın üzünü aylarla görmür. İşə qəbul ərizəsini başqasına yazdırır. Özünün doğum bioqrafiyasını, kim olduğunu, peşəsinin düzgün adını, lap elə sürdüyü avtomobilin nömrə nişanını düşüb öyrənərək dilə gətirir, yazıda göstərməkdən yayınır. Hara gedirik, görəsən? Çoxlarını çağırıb məzəmmət edirsən, yol göstərirsən, tövsiyə verirsən, savada səsləyirsən, acığı tutur. Özünü aşağılanmış sayır, qürurunu zədələnmiş. Daha demir ki, bu adam ailə başçısıdır, yaxud sabah ailə quracaq, geniş ictimaiyyətə çıxacaq, ünsiyyətə girəcək, ataların, nəsillərin yerini tutacaq, günün içindən, real həyatdan baş çıxarmalı olacaq. Necə? Cəmiyyət axı onların çiyinləri üzərində qurulacaq, estafet onlara veriləcək. 5-10, lap elə 1000, 10000 potensial, savadlı, intellektual gənclərlə iş düzəlmir ki? Sənin özünə nə gəlib? Bu axı korluq, cahillik deməkdir, utanclıq, gözüqıpıqlıq, xəcalət və gələclək ömür, tale, həyat yollarında növbənöv uğursuzuqlardır. Cahil olan insanın düşüncəsi kasadlaşar, ömrə baxışı olmaz, gələcəyi görməz, hər anı psixi gərginliklə, dilemmalar qarşısında keçər.

Bəlkə baş verən kütləvi yol qəzalarının, hər gün artmaqda olan boşanma faktlarının, dəmir barmaqlıqlarda bitən ailə dramlarının, ağ ölümün cənginə düşən kütləvi yeniyetmələrin faciəsini bunda axtaraq?!

Savadlanmaya biganə baxan nəslin qisməti həmişə belə olacaq. Çünki nadanlıq böyük bəladır. Cahillik geridönməz xəstəlikdir. Böyük Nərimanovun, ustad Mirzə Cəlilin, ulu Cavidin, dərd etalonu binəva Sabirin... müqəddəs, sərgərdan ruhları qarşısında hörmətlə baş əyərək onların dövrünə nisbətən bu gün bu mübarizə yollarının çətin olmadığını demək isdəyirəm.

Nə etmək olar? “Oxutmuram, əl çəkin!” deyən cəhalət rahiblərinə rəğmən bu gün az qala israrla “Oxumuram, əl çəkin!” deyən övladların minimum təhsilə, savada malik olmaları, buna həvəsləndirilmələri, bunu həyat, yaşam, tale forması kimi təbiidən təbii qəbul etmələri üçün sadə vəzifələr nəzərdən keçirilməlidir. Hər şey məktəbdən başlanır. Məsələn, mənim təkliflərim nədir? Bu aksiyomdur. Təlimin canı davamiyyətdir. Bu, yoxsa, heç nə yoxdur. Sonra öyrətmə metodikası, müəllim səriştəsi, bir sözlə, akademik vərdişlərdir. Uşaq, yeniyetmə konkret dərsdə olmalıdır, minimum vərdişlərə, təlimə yerində yiyələnməlidir. Daha adı məktəbdə, özü küçədə, işdə yox. İkinci yerdə ailə, valideynlər durur. Bu da təzə fikir deyil. Amma bilmək olmur, valideyn necə dözür ki, övladı dərsə getmir və ya gedirsə də, oxumur, orda oturmur, yad təsir dairəsindədir. Lap əgər belədirsə də, niyə özü övladı ilə konkret məşğul olmur? Yəni onu savadlandırmır, tərbiyəsinə nəzarət etmir? Yetər ki, bu övladın dərrakəsi olsun. Gələcək cahillik bəlalarından hifz olunsun.
İctimai tribunadan çıxış etsək, qeyri-hökumət təşkilatları müxtəlif layihələr təşkil edə bilərər. Adının, iş quruluşunun necəliyi önəmli deyil. Yerlərdə savadlanma dərəcəsi xeyli aşağı olan həmin kateqoriyalı soydaşlarımızla treninglər, öyrədici kurslar, hazırlıq məşğələləri keçirilə bilər. Bu adlar şərtidir, onun məzmunu, formatı daha mükəmməl tapıla bilər. Son məqsəd birdir və bəllidir.
Ana yurdun böyüklü-kiçikli yeniyetməsi, gənci əvvəlcə özünün, sonra ailəsinin, sonra cəmiyyətin, axırda vətənin sabahına alnı açıq, cəsarətlə, elmli, savadlı gəlməlidir.
Başqa yol yoxdur. 

 

 

 

 
 

 






Fikirlər