Hansı vaksin daha etibarlıdır? – Həkimlər AÇIQLADI...

Uhanda başlayan epidemiya dərdinin dərmanını hamıdan birinci Çin özü tapdı. Və beləliklə tunelin sonunda ilk işıq görünməyə başladı. “Sinovac” vaksinlərinin istehsal olunması bəşəriyyəti ağuşuna alan bu problemin həll olunmasına dair ekspertlərə ümid verdi, lakin koronavirus zəncirini boynumuza dolayan Çini bağışlaya bilmək üçün əlimizdə kifayət qədər əsaslar yoxdur. Odur ki, Çin istehsalı olan vaksinlərin effektivliyinin dünyada şübhə doğurması və ona münasibətin birmənalı olmaması təəccüblü deyil. Belə görünür ki, Çin öz günahını yumaq üçün vaksinlərin inkişaf etdirilməsi üzərində hələ çox işləməlidir.

 "AzerTaym.az" bildirir ki, Publika.az hansı vaksinin effektivliyi daha yüksəkdir sualı ilə ekspertlərə müraciət edib.

Yeni həyat normaları üfiqdə görünür

Uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, vaksinlərin keyfiyyəti barədə dünyada ciddi elmi araşdırmalar aparılmayıb: “İmkanım olsaydı, “Pfizer” də vurdurardım, amma bu o demək deyil ki, o “Sinovac” peyvəndindən daha yaxşıdır. Sadəcə şəxsi seçimdir.

Peyvənd əleyhinə xeyli sözlər deyilsə də, “könüllü” olan peyvəndlənmə qərarının əslində “nisbi könüllü” olduğu məlum oldu. Bu, anlaşılan qərardır və müxtəlif fəaliyyət sahələrində peyvənd tələbini şiddətlə dəstəkləyirəm. Koronavirusa qarşı immun qoruma mexanizmi sonsuza qədər deyil, bir neçə ay davam edir. Şiddətli xəstəliyə qarşı qoruma ən çox 6 ay çəkir. O zaman peyvəndlənmə necə həyata keçiriləcək? Müxtəlif ssenarilər mümkündür. Lakin məncə, qrafik aşağıdakı kimi olacaq:

– 3-4 həftə ara ilə 2 peyvənd dozası tətbiq ediləcək

– ikinci dozadan 6 ay sonra üçüncü doza tətbiqi

– sonra yenə 6 ay sonra peyvənd tətbiqi. Burada tək və ya yenə 2 doza tətbiq edilib-edilməyəcəyinə dair hələlik nəsə deyə bilmərəm. Mahiyyətcə ildə 2 dəfə peyvəndlənmə olacaq.

COVID pasportunun alınması üçün bu şərt yaxın zamanlarda artıq qanunvericilik aktı kimi qarşımıza çıxacaq. Bu şərti qanunvericiliyinə daxil edib təsirli nəzarət mexanizmi qurmayan ölkələrə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Bu rejimdə on illərlə yaşamağa hazır olun. 2019 həyat normalarına əlvida! 2021 həyat normaları üfiqdə görünür. Xoş gəldin!”

Vaksin istehsal edən Rusiyada vəziyyət niyə kritikdir?

Rusiyada epidemioloji vəziyyətin kəskinləşməsindən danışan ekspertin sözlərinə görə, bu, əhalinin peyvənd olunmaq istəməməsinin acı nəticələridir:

“Rusiya peyvənd istehsal edən ölkə olsa da, xalq peyvəndlənmədə aktiv iştirak etmir. Ümumiyyətlə, Rusiyada peyvəndlənmə dərəcəsi çox aşağıdır. Rusiya ilə quru sərhədləri açmağımız bizdə epidemioloji vəziyyətə nəzarət cəhətdən çətinlik yaradacaq. Bunun qarşısını almaq üçün sərhədləri keçərkən müəyyən şərtlər qoymaq olar. Azərbaycan əhalisinin əksəriyyəti peyvəndlənib, bu mənada bizim Rusiyadan gələn təhlükədən qorxumuz olmaz”.

“Sinovac”ın effektivliyi nə qədərdir?

Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov bildirib ki, “Pfizer”, “AstraZeneca”, “Oxford”, “Moderna” və “Johnson & Johnson” Avropa İttifaqında qəbul olunan vaksinlərdir:

“Hər bir Avropa vətəndaşı COVID pasportları ilə Avropa İttifaqına daxil olan ölkələrdə rahatlıqla səyahət edə biləcək. Azərbaycanda çox geniş istifadə olunan – Çindən gələn “Sinovac” vaksini 10-15 gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təxirəsalınmaz vaksin kimi qəbul olundu. Epidemioloji situasiyanı nəzərə alsaq, bu vaksin də artıq dünya ölkələri tərəfindən qəbul olunub. Amma effekti barədə tədqiqatlar sona çatmayıb. Müşahidələr göstərir ki, “Sinovac”ın bəzi ölkələrdə effektivliyi yüksək, bəzilərində də azdır. Ümumilikdə bu vaksinin effektivliyi 50-55% arasında dəyişir.

Bütün vaksinlərə aiddir

Təbii ki, vaksin vurdurduqdan sonra xəstələnməmək ehtimalı tamamilə aradan qalxmır. Bu, bütün vaksinlərə aiddir. Ən azından xəstəliyin ağırlaşması hallarına rast gəlinmir. Odur ki, bu gün vaksin vurdurmaq ən yaxşı yoldur. Ölkədə insanlarımızın əksər hissəsi vaksin olunarsa, o zaman xəstəliyə qarşı kollektiv immunitet yaradırıq. Yalnız kollektiv immunizasiya ilə pandemiyaya qəlib gələ bilərik.

Son günlər Rusiyada baş verən hadisələr, kütləvi yoluxma halları acınacaqlı vəziyyət yaradıb. İndiyə qədər görülməyən rəqəmlər qeydə alınıb. Rusiyada bir gündə 150-160 min xəstələnmə oldu. Bildiyim qədər, Azərbaycan Rusiya Federasiyasından 2 milyon vaksin dozası gətirib. Səbəbini onunla izah etmək olar ki, Rusiya vətəndaşları məsələnin ciddiliyinin fərqinə varmadılar. Bununla bağlı hazırda çox ciddi tədbirlər görmək istəyirlər. Hətta ötənilkindən daha sərt qapanmaların olacağı gözlənilir. Düşünürəm ki, artıq gecdir, infeksiya ölkədə kifayət qədər yayılıb. Məcburi olaraq bir neçə vilayətdə vaksinasiya tədbirləri aparılmaqdadır”.

Həkim qeyd edib ki, Rusiyada epidemioloji vəziyyətin kəskinləşməsi ölkəmizə də təsirsiz ötüşməyəcək:

“İnfeksiyanın Azərbaycanda yayılma təhlükəsi olsa da, özünü o qədər də kəskin göstərməyəcək. Çünki Azərbaycanda cəmiyyətin 3 milyonu artıq vaksin olunub, rəsmi statistikadan kənar rəqəmlərə əsasən deyə bilərəm ki, təxminən 1 milyon insanımız bu xəstəliklə tanışdır, virusa yoluxub və sağalıb. Toplumda 4 milyon nəfərin bu xəstəliyə qarşı immun yaddaşı var. Bu da təxminən 50 faizə yaxın rəqəm deməkdir. Mükəmməl immunitetin formalaşması üçün təbii ki, kifayət deyil. Kütləvi immunitetin 70-80% olması daha təhlükəsizdir. Ona görə vaksinasiyanın davam etdirilməsi tövsiyə olunur”.

Ciddi tədqiqatlar aparılmaması şübhə doğurur!

Ekspert vurğulayıb ki, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri üzərində ciddi tədqiqatlar aparılmaması şübhə doğurur: “Rusiyanın yaydığı rəsmi məlumatlara əsasən, 37-yə yaxın ölkə “Sputnik V” peyvəndi alıb. Amma əldə olunan nəticələr barədə məlumatlar yoxdur. Özlərində də kütləvi aparılmadığı üçün erkən tədqiqatların nəticələri yoxdur. Rusiya dövlətinin vətəndaşları da vaksinasiyaya səthi yanaşdılar. “Sputnik V” vaksininin effektivliyi barədə konkret qənaət bildirmək üçün yetəri qədər tədqiqatlar mövcud deyil.

Bütövlükdə bəşəriyyətin daha mükəmməl və daha effektiv vaksinə ehtiyacı var. Belə bir vaksinin inkişaf etdirilməsi zaman alacaq. Ən ciddi vaksin “Pfizer”, ən etibarlı vaksin isə “Moderna”dır. Bu gün cavan insanlarımız “Sputnik V” və “Sinovac” vurdura bilər. Cəmiyyətdə müəyyən qrup insanlar var ki, onlar risk qrupuna daxildir, xəstəlikdən ölüm riski yüksəkdir. Bunlar xroniki xəstəliklərin daşıyıcıları və ahıl insanlardır. Bu qrupun vaksinasiyası daha ciddi aparılmalı idi. Onlar “Pfizer” və “Moderna” kimi vaksinlərdən yararlansaydılar, daha yaxşı olardı. İstənilən halda “Sinovac” da onları ağır xəstəlikdən xilas edir, ölüm riski də kifayət qədər azalıb. Bunları nəzərə alaraq vaksinasiyanın bütün mümkün variantlarından istifadə etmək lazımdır”.






Fikirlər