Qadınların geyiminə edilən ETİRAZLAR - dinimiz NƏ DEYİR?
“Qadınları zorlayın” çağırışı ilə ölkə ictimaiyyətini ayağa qaldıran “Pantural” ləqəbli Tural Səfərov cəzasını alsa, üzr istəsə də, günlərdi ki, bu məsələ böyük müzakirələrə, hətta mübahisələrə səbəb olub. Zaman-zaman qadınların açıq-saçıq geyim tərzləri tənqidlərə, narazılıqlara səbəb olur. Bu yaxınlarda Türkiyədə də oxşar hadisə yaşanmışdı. Belə ki, İstanbulda avtobusda qısa şort geyinən qızın döyülməsi barədə xəbər hər kəsin təəccübünə səbəb olmuşdu. Qızı döyən oğlan Ercan isə ifadəsində bildirmişdi ki, qız onu ehtiraslandırıb, o da qızı Ramazan ayında belə geyindiyinə görə şillələyib... “Pantural"ın özü əxlaqsızdır. İnsanları əxlaqa səsləyən adam dilinə o cür biədəb sözlər almaz, o cür fikirdə olmaz". Bunu paytaxt sakini Mikayıl bizimlə söhbətdə bildirib. O qeyd edir ki, qadınların bu formada aşağılanmasının əleyhinədir: “Mən özüm inanclıyam, xanımlarımızın da açıq-saçıq geyiminin əleyhinəyəm. Amma burada əxlaq məsələsi önəmlidir, əsl mömin başını qaldırıb naməhrəm qadınlara baxmaz. Qadınlara da sözüm odur ki, özlərini yad, pis gözlərdən qorusunlar. Bizim qadınlara əxlaq çox yaraşır”. Xatirə adlı digər paytaxt sakini isə qadınlar haqqında deyilənlərlə razılaşmadığını bildirib: “Nəyə görə qadınların geyimlərindən danışırlar. Kişilər də açıq geyimdə çölə çıxırlar. Qadınlar da onlara baxırlar. Biriləri də kişilərə etiraz etsin də?!” Göründüyü kimi, mövzu ilə bağlı müxtəlif, zidd fikirlər səsləndirilməkdədir. Bəs, görəsən, inanclılar “Pantural”ın qadınların geyimləri ilə bağlı dedikləri razıdırlarmı? Azərbaycan qadını necə geyinməlidir? Çarşab, yaylıq olmasa da, bizim ana-bacılarımız, qızlarımız necə geyinməlidir? Açıq-saçıqlığa haqq qazandıranlara inanclılar nə deyir?
Bizimlə söhbətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov “Pantural”ın səsləndirdiyi fikirləri əxlaqdan kənar və sərt adlandırdı: “Görünür ki, o ”like" yığmaq, bu yolla gündəmə gəlmək istəyib. Ümumiyyətlə isə, bu mövzu həqiqətən bütün dövrlər üçün aktual olub, cəmiyyətdə tez-tez müzakirə olub ki, belə əks-səda yaradıb. Aydındır ki, “Qurani-Kərim”ə görə, qadın üçün ən mükəmməl geyim hicab sayılır. Söhbət el arasında yayılan “baş bağlamaq” yanaşması deyil, yəni söhbət qadının, Quran dili ilə desək, “zinətlərini gizlədən” geyimdən gedir. Yəni “Qurani-Kərim”də yalnız baş bağlamaq, hicabla bağlı məsələ nəzərdə tutulmur. Müqəddəs kitabda bir neçə yerdə qadınların geyiminə nəzər salınıb. Birincisi, “zinətlərinizi gizlədin” deyilir, burada qadının bədənindən yad kişilərin ehtiras mənbəyi kimi istifadə etməməsi vurğulanır. Hətta orada belə bir fikir də bildirilib ki, yad kişilərlə danışanda səsinizi çox incəltməyin, əzilib-büzülməyin ki, qəlbi xəstələr sizin haqqınızda başqa fikrə düşməsinlər. “Qurani-Kərim”də daha çox qadının iffətini qoruyan geyimə və davranışına diqqət yetirilir. Ola bilər ki, qadın hicab taxmasın, amma geyimlərində diqqətli olmalıdır ki, onların bədənin bütün hissəsini göstərən, açıq-saçıq olan geyim olmasın. Qəlbi xəstə insanlar hər yerdə var. Qadınlar bu kimi insanlardan özlərini qorumalıdırlar. Ola bilər kimsə desin ki, məni başqalarının fikri maraqlandırmır. Amma elə etməyin ki, haqqınızda olmayanları danışsınlar. Çünki qəbul etsəniz də, etməsəniz də, islami dəyərlər önəm daşıyır". Bakıxanov qəsəbəsi “İmam Rza” məscidinin imamı Mirhəmid Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu məsələyə üç istiqamətdə nəzər salmaq lazımdır. Birincisi, ”Pantural"ın zorakılıqla bağlı ifadəsi qeyd olunur, dini baxımdan zorakılıq, ümumiyyətlə, yolverilməzdir. Heç kəs başqasına zorla, vurmaqla və ya hansısa bir işgəncə ilə, hansısa dini, milli ayinləri məcbur edə bilməz. Bu bizim etiqadımızdır. Hər bir insan dini, milli qaydaları özü təfəkkürü, qəlbi ilə ixtiyarı olaraq qəbul edib, əməl etməlidir. Zorla edilən bir iş məcburiyyət götürüləndən sonra yenə də əvvəlki halına qayıda bilər. Eyni zamanda dünyada da görürük ki, zorla tətbiq olunan bir sıra qanunları gizlində də olsa, qüvvədə qalır. İkincisi, din baxımından yanaşsaq, müsəlmanların etiqadına görə “Qurani-Kərim”ə, peyğəmbərin buyurduğuna əsasən, müsəlman qadın elə geyinməlidir ki, başqasının ona qarşı meyili yaranmamalıdır. Yəni başqalarının fikirlərinin ona tuş gəlməsinin qarşısını almalıdır. Bu müsəlman qanunudur. Hətta hicabda olan bir xanım da kiminsə diqqətini çəkirsə, bu, yolverilməzdir. Çünki dini qaydalarda qadın, kişi hüquqları var. Qadınının namusu kişi üçün qorunur. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Din məhrəm, naməhrəmi ona görə tələb edir ki, nəsil tanınmalıdır. Zina qadağandır. Eyni zamanda cəmiyyətdə hərc-mərclik baş verməməlidir. Üçüncü baxış isə, milli qaydalara əsaslanır. Qədim dövrlərdə belə xanımlarımız geyimlərinə diqqət yetirmişlər. Tarixə nəzər salsaq, bizim xanımlarımız dünya qadınlarına nümunə olublar. Həm davranışlarında, həm də geyimlərində, həm də danışıqlarında. Xurşudbanu Natəvandan tutmuş sərkərdə qadınlarımızın hamısı qeyrət və namus simvolu olublar. Onlar öz geyimlərində ədəb-ərkan, əxlaqları ilə nümunə göstəriblər. Bu üç istiqaməti nəzərə alsaq, zorakılığı qəbul etməsək, dini və milli qaydaları nəzərə alsaq, müsəlman qadın ilk növbədə öz etiqadına əməl etməlidir. Dini çərçivədə yaşamalıdır. Əgər dini ayinlərə riayət etmirsə, yaxud qəbul etmirsə, heç olmasa azərbaycanlı, türk qadını olaraq milli adət və ənənələrini unutmamalıdır. Özünü dünyanın başqa ölkələrində olan, bizim qəbul edə bilməyəcəyimiz formaya salmamalıdır. Biz hazırda elə bir dünyəvi ölkədə yaşayırıq ki, insanlar azaddır, geyiminə görə, etiqadına görə kimisə sıxmaq, boğmaq mümkün deyil. Bu, qanunla da yolverilməzdir. Tarixi keçmişimiz göstərir ki, hər kəs öz etiqadına hər zaman istədiyi qaydada əməl edə bilib. İndi də belədir. Ona görə mənəvi məsələləri insanların özlərinə həvalə edirik. Sadəcə, hər hansı qaydalar cəmiyyətdə problem yaradırsa, başqalarının tərbiyəsini pozursa, uşaqların, yeniyetmələrin tərbiyəsinə təsir edirsə, biz bunun əleyhinəyik. Tövsiyəmiz isə dini, milli qaydalara əməl etməkdir". İlahiyyatçı, “bəs kişilər açıq-saçıq geyimlə küçəyə çıxa bilərmi, din buna necə yanaşır” sualına da cavab verib: “Ümumiyyətlə, kişi və qadın fərqi yoxdur, abırlı, ismətli olmaq ümumbəşəri qanundur. Tarixdə də, bizim dində də, digər dinlərdə də bu göstərilib. Bayaq dediyim məsələlər yalnız müsəlmanlara deyil, xristianlıqda, yəhudilikdə də geyim tərzinə xüsusi diqqət və önəm var. Hazırda dini cəmiyyətlərdə - istər yəhudi, istərsə də xristianlıq olsun, digər səmavi dinlərin nümayəndələrinə baxsaq, onların geyimlərində mütləq ədəb, əxlaq özünü göstərməkdədir. Bununla da məlum olur ki, dinlərin kökləri birdir. Peyğəmbərlər eyni yolu göstəriblər. Dini ayinlərdə keçirilən qaydalara və digər mövzulara diqqət yetirsək, bu vəhdəti görə bilirik. Əlbəttə, kişi də öz qeyrət-namusunu göstərməlidir. Kişi də, qadın da əxlaq çərçivəsində yaşamalıdır. Bu o demək deyil ki, qadınlar əməl etməlidir, kişilər yox. Zina qadına da, kişiyə də haramdır. Başqasının namusuna pis baxmaq, başqa niyyətlə baxmaq qadına da, kişiyə də haramdır. Burda heç bir fərq qoyulmur. Sadəcə, qadınlar zərif məxluq olduqları üçün onlara qarşı başqa fikirlərin tez oyana biləcəyini nəzərdə tutsaq, onda görürük ki, qadınlar xüsusi qorunmalıdır. Zərif insanlardan kimsə sui-istifadə etməsin. Bunların mərhəmətli, şəfqətli niyyətlərindən kimsə sui-istifadə etməsin. Qadınlar bizim ilk müəllimimiz olan analarımızdır, onlar bizim üçün müqəddəsdir. Onlar da çalışmalıdırlar ki, özlərinin müqəddəsliyini qorusunlar”.