Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanmış tamaşa haqqında - Əsəd CAHANGİR

Tarixi dəyişən adam - Əsəd CAHANGİR 

Xalq Yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesi əsasında hazırlanmış tamaşanın (quruluşçu rejissor Azərpaşa Nemətov, rejissor Anar Sadıqov, musiqi tərtibatı Kamil İsmayılov) Milli Teatrda oktyabrın 22-də nümayiş olunacağına dair elanı oxuyub, çoxdan baxmaq istədiyim, amma fürsət bula bilmədiyim tamaşaya getmək qərarı verdim, üstəlik, teatr sevdalı qələm yoldaşlarım Etibar Muradxanlı və Nazilə Gültacı tamaşaya çağırmağı da unutmadım. Necə deyərlər, cəhənnəm (sakinlərin)ə gedən özünə yoldaş axtarar.

Yaxşı, bəs, "hansı dərd, hansı şirin xatirə" bu sakinləri tarixin daş divarlarını yarıb, əbədiyyət yuxusundan oyadıb, ana teatrımızın səhnəsinə gətirib çıxarmışdı? "Quran" təsdiq edir ki, cəhənnəm əhli yalnız o vaxt azadlığa çıxa bilər ki, dəvənin beli incəlib, incəlib  axırı iynənin gözündən keçsin. Amma insani düşüncə ölçüləri ilə bu, imkansızdır - dəvənin beli heç vaxt iynənin gözündən keçəcək qədər incələ bilməz! Dramaturq da deyir ki, öz ağlımızın ölçülərini mütləq, etalon saydığımız yetər! Gəlin məsələlərə ilahi və ya vicdani ölçülərlə baxaq, nədən ki, vicdan özü elə içimizdəki Allahdır! Və biz vicdanı susdura, Allaha inanmaya bilərik, amma onlar gec, ya tez qarşısında dayanıb haqq-hesab verəcəyimiz qaçılmaz, amansız həqiqətdir!

Elçin özgürlük dönəmi teatrımızın iki dramaturq imzasından biri, çağdaş dram sənətimizdəki ən mühüm yeniliklərin şəriksiz bayraqdarıdır: postmodernistik çoxvariantlı finallar, "ağıldan bəla" problemi və dəlixana metaforasından doğan şok-tendensiya, metafizik fantastika... Nələr yoxdur dramaturgiyamızın postəfəndiyev dönəmində iyirmidən çox səhnə əsərinə imza atmış və bununla da milli dramaturji fikirdə yeni səhifə açmış bu yazıçının pyeslərində.

"Cəhənnəm sakinləri"nə Kamran Şahmərdanov Rus Dram Teatrında hələ bir neçə il öncə quruluş vermiş və tamaşa teatr ictimaiyyəti tərəfindən ümumi razılıqla qarşılanmışdı. Amma indi - vur-tut bir neçə ildən sonra tamaşadan heç nə xatırlamıram və  belə çıxır ki, onun oyatdığı təəssürat kino və teatr elementlərini sintez eləməklə şərtlənən texniki vasitələrin yaratdığı illüziya imiş, çünki hər hansı fakt, o sıradan da sənət əsəri yadda qaldığı qədərdir.

Elçinin pyesi isə gərgin, lakonik, metafizik-psixoloji səciyyəli tamaşaya yetərincə əsas verir. "Cəhənnəm sakinləri"nin indiyə qədərki səhnə yozumlarını kölgədə qoyan və bəzi məqamlarda özü-özünü də ötüb-keçən quruluşçu rejissoru bu işin öhdəsindən uğurla gəlir. Bu ustad rejissorun indiyə qədər "Ah, Paris, Paris" (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Mənim ərim dəlidir" (Elçin), "Hamlet" (Şekspir), "Şah Qacar" (Ə.Əmirli), "Ölülər" (C.Məmmədquluzadə), "Almaz" (C.Cababrlı) tamaşalarına baxmışam və ayrı-ayrı səhnələr, özəlliklə də kütləvi səhnələrin uğurlu həllinə baxmayaraq, bu tamaşalardan heç biri, məncə, "Cəhənnəm sakinləri" qədər aydın rejissor yozumuna malik olmayıb. Bunu deyəndə hər şeydən öncə tamaşanın rejissor ideyasını bütün qabarıqlığı ilə ortaya qoyan, estetik yöndən  heyranedici finalını göz önünə alır, amma axır sözü əvvəl deməyib, hələlik bu barədə danışmaq istəmirəm.  Bircə bunu deyim ki, şimşək çaxışını xatırladan, tamaşaçının beynini qəfildən işıqlandıran belə yaddaqalan finalları Vaqif İbrahimoğlunun "Lənkəran xanının vəziri", Bəhram Osmanovun "Çar Edip, yaxud alın yazısı", "Kral Lir", "Köhnə ev", "Mesenat" tamaşalarında görmüşəm.

Elçinin təkcə "Cəhənnəm sakinləri" deyil, "Teleskop" və "Şeytanın oyunları" pyeslərində də söhbət vicdandan gedir və bunlar üçü bir yerdə, əslində, "Vicdan" trilogiyası  adlandırıla bilər. Dramaturqa görə, həyatda ən böyük faciə insanın özü-özünü itirməsi, ən böyük problem özünəqayıdış, ən dəhşətli hakim oyanmış vicdan, ən amansız məhkəmə vicdan qarşısında verilən hesabatdır. Vay olsun o  kəslərin halına ki, onları vicdan əzabı, vicdan məhkəməsi, vicdanın hökmü gözləyir! Bu, cəhənnəm əzabından daha betərdir! Elçin sözügedən pyeslərində bəzən tarixi, bəzən çağdaş həyat materialında məhz bu ideyanın dramaturji həllini verir və bu, qanunauyğundur. Çünki  sovet rejiminin yıxılması və bu çöküşün doğurduğu istər fərdi, istər milli, istərsə də ümumbəşəri  əzabların bir ümdə anlamı var -  ağlasığmaz sarsıntılar bahasına yatmış vicdanların oyanması və bu oyanış hesabına özünə qayıtmaq, sovet adamı yox, sadəcə, adam olmaq! Pyesdə baş verən olayların zamanı kimi yeni il gecəsi, yəni Həzrəti İsanın mövludunun seçilməsi də təsadüfi olmayıb, fərdi, milli və ümumbəşəri anlamda mövluda, oyanışa, intibaha  çağırışdır.   

Daxili-mənəvi oyanış problemi baxımından "Cəhənnəm sakinləri" pyesi dramaturqun  yaradıcılığında özəl yer tutur və bu, təsadüfi deyil. Pyes vicdan (və buna paralel olaraq Allah) amilinin az qala yoxa çıxdığı, qarşılığında Stalinin Tanrı səviyyəsinə qaldırıldığı bir dönəmdən - 37-ci ildən söz açır. Olsun ki, mövzu ilk baxışdan yeni görünmür - Soljenitsının "İvan Denisoviçin bir günü" povesti, A.Rıbakovun "Arbat övladları", Y.Səmədoğlunun "Qətl günü" romanları, Nəbi Xəzrinin "Gecə döyülən qapılar" pyesi, Elçinin özünün "Ölüm hökmü" romanı... Lakin Elçinin problemə yanaşması özünəməxsusdur, sosial ittiham pafosundan daha çox, daxili qınaq, özünümühakimə ilə səciyyələnir və buna uyğun olaraq hadisələr psixoloji və ruhi-metafizik qata köçürülür. Pyesin əsas qəhrəmanları olan Kişi, Qadın və Qonaq, əslində, eyni bir şəxsin üç yerə bölünmüş fərqli parçalarıdır. Kişi və Qadın zahiri, cismani, Qonaq isə daxili, ruhi bölgünün təcəssümüdür. Odur ki, burda ittihamçı da, ittiham olunan da, qalib də, məğlub da, hakim də, məhkum da eyni bir subyekt - insandır!

Məncə, dramaturqun insanlığın ən qədim arxetipi olan Adəm-Həvva-Şeytan üçlüyünə üz tutması, öz qəhrəmanlarını konkret adlar deyil, Kişi, Qadın və Qonaq adlandırması da problemə yanaşmada belə bir müəllif konsepsiyasından doğur ki, söhbət hansısa konkret şəxslərlə yanaşı və bundan daha çox ümumən insandan, təkcə 37-ci il olayları deyil, "Tövrat" və digər qutsal kitablarda öz əksini tapan əskidən əski günah kompleksindən, sadəcə bir-birini NKVD işçilərinə satmaq yox, vicdanı, Allahı şeytana satmaqdan, yəni insanlığın dünyaya gəlişi, həyatın başlanğıcından gedir. Sual doğur - əgər həyatın kökündə günah durursa, insan günahdan doğulubsa, onda kimisə nədəsə suçlamaq nə qədər məntiqi, nə qədər ədalətlidir? Lakin dramaturq bu sualın o üzünə keçir, nədən ki, vicdan günahdan öncə və sonradır, onun "beşiyi və məzarı əbədiyyətdir". İnsan sadəcə cismən günahdan doğulub, ruhən isə təmizdir və öz ruhi başlanğıcına qayıtmağa borcludr. Hətta ən amansız  rejimin yaratdığı repressiv durum belə insanı bu məsuliyyət yükündən azad eləmir. Çünki insan bu yükü çəkməyə sadəcə məsul yox, həm də məhkumdur, istəsə də, istəməsə də! Çünki Allah şeytandan, vicdan insandan, ilkin törəmədən üstündür! Elçinin pyesinin bütün sosial-siyasi yönləriylə yanaşı, ilahi nüvəsi, metafizik özülü bundan ibarətdir. İstər pyesin, istəsə də tamaşanın sərt aurası da problemin özünün müəllif iradəsinin dışına çıxan bu güzəştsiz səciyyəsindən doğur.

 

***

Azərpaşa Nemətov çağdaş teatr anlayışının tələbinə uyğun "tamaşanın müəllifi" olmasını proqramda özəl vurğulayır və buna iki yöndən haqq edir. Birincisi, rejissor  dramaturji mətnə müəyyən redaktələr edir, məsələn, bütün qonşuların bir yerə cəm olduğu yeni il qonaqlığı səhnəsi rejissorun bu redaktəsinin nəticəsidir. İkincisi və ən başlıcası o, finalda az qala görünməyəcək qədər nazik kəndirlərlə sahibləri repressiya olunmuş, boş qalmış  stulları teatr "səmasına" qaldırır və bununla da tamaşaya orijinal yozum, özünəməxsus anlam verir. Bu final hesabına iki saata yaxın davam edən və tarixi olaylardan bəhs edən tamaşa birdən-birə aktual məna, çağdaşlıq statusu qazanır. Kilsə musiqisini xatırladan qutsal melodiyanın müşayiətilə havada yellənən stullar çoxqatlı məna daşıyır - bir anda boş qalan vəzifə kürsüləri, dağılan tifaqlar, məhv olmuş talelər, yerin cazibə qüvvəsindən, nəfsin tələlərindən, dünyanın hay-küyündən qopub, efir boşluqlarına yüksələn və bizə hər şeyin fani olduğunu  xatırladan ruhlar!.. Məhz bu final akkordu tamaşaya orijinal rejissor yozumu verir, dini məzmunlu musiqi parçası isə məsələni lokal çərçivədən çıxarır, qərb-xristian dünyasının zahiri nəzakət pərdəsinə bürünmüş siyasi oyunları, pambıqla baş kəsməsinin planetar miqyaslarına işarə edir.

Tamaşanın finalının zalda əyləşənlər üzərindəki təsirinə konkret bir misal çəkim. Antrakt zamanı teatrın bufetində çay içə-içə tamaşadan elə də məmnun qalmadıqlarını bildirən qələm dostlarım ikinci hissədən sonra fikirlərini tamam dəyişdilər. Və indi sizə yazdığım və bundan sonra yazacağım bir sıra yozumlar da, əslində, üçümüzün birgə fikirlərimizin ifadəsidir. 

İstər bir-birini və qonşularını NKVD-yə satan və  xəyanətlərinin üzə çıxdığı kəskin psixoloji durumlarda rəngarəng insan emosiyalarının bütün qammalarını büruzə verən Qadın (Məleykə Əsədova) və Kişi (Elşən Rüstəmov), istərsə də başlanğıcda komik, finalda dramatik planda, gah NKVD işçisi, gah şeytan, gah da vicdanın səsi kimi təqdim olunan Qonaq (Nurəddin Mehdixanlı) öz səliqəli, ölçü-biçili, çoxillik səhnə təcrübəsindən doğan bitkin oyunları ilə razılıq doğururlar. NKVD zabitləri (Elçin Əfəndi, Vüsal Mustafayev) və qonşular (Mirzə Ağabəyli, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu) baş rolların ifaçıları üçün gözəl fon yaradırlar.

Tamaşa bitir. Teatrdan çıxıb, dostlarımla birlikdə Füzuli meydanının altındakı yeraltı keçiddən keçir və tamaşa ilə bağlı anındaca iki işarə alıram. Yeraltı keçiddəki mağazalardan birində qucağındakı körpəyə süd verən Məryəm ananın portreti mənə öz antipodunu - xristian dünyasının nə İsa mərhəməti, nə də Məryəm şəfqətinə uyğun gəlməyən siyasətini yada salır. Sovetdənqalma kitablar satılan qonşu mağazadan gələn köhnə kağız qoxusu isə elə bil ki, vicdanınızı kif atmağa qoymayın deyir, allahsız, vicdansız sovetizm ruhundan təmizlənmənin vacibliyi barədə xəbərdarlıq edir. Bu işarələrin çözümü barədə fikirlərimi dostlarımla bölüşürəm: Etibar heç nə deməyib, fikrə gedir, Nazilə isə bunu hökmən yazacağın yazıya əlavə edərsən deyir. Yeraltı keçiddən çıxıb, ciyər dolusu təmiz hava alırıq. Elə bil, üstümdən ağır bir yük atmış, katarsis keçirmişəm.  Yağışı gözləyirəm...

 

 






Fikirlər