"Atama başdaşı düzəltdirməyə imkanımız yoxdur. Çox çətin vəziyyətdəyik, bilmirik necə edək”.
Bunu Əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanovun qızı Miranda Qurbanova deyib. Mərhum rejissorun qızı Mədəniyyət Nazirliyini ittiham edib:
"Oruc Qurbanovun yaradıcılığı teatrdan ibarətdir. Saysız-hesabsız tamaşaya quruluş verib. Tamaşaları anşlaqla keçib, belə bir rejissorun ölümü ilə Mədəniyyət Nazirliyi maraqlanmadı. O boyda nazirlikdən bir nümayəndə belə atamın ölümü ilə bağlı baş sağlığı verməyib. Budur rejissora qoyulan hörmət? Eləcə də teatrlardan, aktyorlardan onun yas mərasiminə gələn olmadı. Bəs, nazirlik, teatrlar ittifaqı nə üçündür. Lənkəran Dövlət Dram Teatrından başqa bir adam qapımızdan içəri girməyib. Millət vəkili Qənirə Paşayayeva da gəlməyib, nə də maraqlanmayıb. Səhifəsində baş sağlığı verib, vəssalam.
Atama yas mərasimi verdik, imkan olmadığından 3 və 7 mərasimini birləşdirdik. 40 mərasimini də vermək istəyirik. Amma ən əsası atamın qəbrinin üstünün götürülməsidir. Buna da imkan yoxdur. Mən də, həyat yoldaşım da maaşımızı alıb, üst-üstə qoyub çalışacağıq ki, qəbrinin üstü götürülsün. Başdaşının qiyməti ilə bu gün maraqlanacağıq".
Miranda Qurbanova deyib ki, atası imkan olmadığından müalicə ala bilməyib:
"Son saatlarına kimi teatr, səhnə dedi. Evdə xəstə döşəyində tamaşanın məşqlərini aparırdı. Deyirdi bura mənim üçün səhnədir, siz də aktyorlar. Biz onu yataqda saxlaya bilmirdik. Deyirdi "mənim paltarımı verin, teatra gedirəm”. Belə bir adama heç kəs qiymət vermədi. Sentyabrdan xəstə idi. Maddi durumumuz yaxşı deyildi, pul olmadığından nə mülaicəyə gedə, nə də həkimin yazdığı dərmanları ala bildi. Bizi bir adama ağız açmağa qoymadı. İndi biz pul tapa bilmirik ki, belə bir rejissora 40 mərasimi verək, baş daşı qoyaq”.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov dekabrın 23-də 73 yaşında vəfat edib. /Qaynarinfo