Ailə-məişət zorakılıqlarının əsas səbəbləri – Ən çox edilən səhvlər -Ekspert təhlili
“İnsanları arzuolunmaz istiqamətlərə itələyirik”. Məişət zorakılıqlarının qarşısının alınması yolları ilə bağlı Moderator.az-a açıqlama verən gender məsələləri üzrə ekspert Aynur Veysəlova bu məsələnin kökündə duran problemlərdən danışdı: “Ailədaxili münaqişələrin səbəbləri müxtəlifdir. Birinci yerdə insanların ailəyə, biri-birinə olan münasibəti, ailə quran zaman öz üzərinə götürdüyü sosial və mənəvi məsuliyyətlər dayanır. Ailə nə üçün qurulur, bu zaman qarşıya hansı məqsəd qoyulur, ailədə ər və arvad arasında rol və vəzifə bölgüsü necə olmalıdır, dünyaya gələcək uşağın tərbiyyəsi və onun ehtiyaclarının qarşılanması və s. bütün bunlar dərindən düşünülməli, daha sonra ailə qurulmalıdır. İstər konstitusiyada, istərsə də digər qanuni sənədlərdə göstərilir ki, ailə qurmaq insanın hüquqlarını məhdudlaşdırmamalıdır. Bu sənədlərdə ər-arvad, valideyn-övlad məsələləri hüquq və vəzifələri açıq formaqda göstəririlib. Sadəcə insanların məlumatsızlığı, ailədən ailəyə, nəsildən-nəsilə ötürülən stereotiplər ailədaxili münasibətlərə mənfi təsir göstərir və tez-tez münaqişəli vəziyyət yaradır. Psixoloqlar, sosioloqlar bildirir ki, hər bir yeni qurulan ailədə 3-7 ilə qədər davam edə bilən böhran dövrü yaşanır. Bu dövr iki insanın biri-birini tanımaq dövrüdür. Biri-birini sevmək hələ bir yerdə yaşamağa hazır olmaq deyil. Bir yerdə yaşamaq, qarşılıqlı anlayış, güzəşt və s. istəyir. Bir insanın münasibətdə digərini mənimsəməsi bəzən “mənim arvadım”, “mənim ərim”, “mənim oğlum”, “mənim qızım” kimi kimi sanki onu şəxsi əmlakıymış kimi sahiblənməyinə gətirib çıxarır. Bu da öz növbəsində münaqişələrə, zorakı davranışlara zəmin yaradır. Gənclər ailə quran zaman hərtərəfli düşünməli, hər iki cinsin nümayəndəsi öz məsuliyyətini dərk etməlidirlər. Azərbaycanda son illərdə “Atalar məktəbi” adlı maarifləndirici layihə həyata keçirilir. Ailə qurmağa, ata olmağa hazırlaşan, yeni ata olan kişilərlə treniqlər keçirilir. Təlimlər zamanı onlarda müəyyən fikir dəyişiklikləri olur. Belə ki, təlimin ilk günlərində onlar daha qəti stereotiplərlə fikirlərini bildirsələr də növbəti günlərdə artıq öz fikirlərində, yanaşmalarında dəyişikliklər edirlər. Buna görə də bizim hazırki əsas işimiz hədəflərimizi düşgün müəyyənləşdirmək, maarifləndirmə işləri aparmaqdan ibarətdir”. “Bu sahədə müqayisədən çox, sahib olduğumuz dəyərləri inkişaf etdirsək, daha yaxşı olar” Ekspert ailədaxili münaqişələrin qarşısının alınması prosesində dəyərlərin önəmindən də söz açdı: “Digər inkişaf etmiş ölkələrlə müqayisələr aparmaq yaxşı haldır. Lakin bu sahədə müqayisədən çox, sahib olduğumuz dəyərləri inkişaf etdirsək daha yaxşı olar. Ötən gün 8 Martla bağlı tarixi vərəqləyəndə kifayət qədər xalqına, millətinə töhfələr verən Azərbaycan xanımlarını gördüm. Onların çox gözəl ailələri olub. Daha sonra tanınmış maarifpərvər ictimai-siyasi xadimlərin ziyalıların ailə həyatına nəzər sala bilərik: Həsən bəy Zərdabi, onun həyat yoldaşı Hənifə xanım Məlikova, Cəlil Məmmədquluzadə, həyat yoldaşı Həmidə xanım Cavanşir. Bizim kifayət qədər bu qəbildən gözəl nümunələrimiz var. Nə üçün bu gözəl ailə modellərini KİV-də sosial şəbəkələrdə təbliğini aparmırıq? Nə qədər belə müsbət, gözəl nümunələr göstərilərsə bir o qədər də insanlar oonlara oxşamağa çalışacaq, olardan ibrət götürəcəklər. Biz daha çox özündə zorakılıq, kriminal məsələlər əks etdirən xəbərləri paylaşaraq insanları arzuolunmaz istiqamətlərə itələyirik”.