Barselona Universitetinin alimləri müəyyən ediblər ki, orqanizmdə B12 vitamini çatışmazlığı nəticəsində yaranan iltihablar ürək-damar xəstəlikləri, şəkərli diabet və neyrodegenerativ pozğunluqların inkişaf riskini artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Journal of Science of Food and Agriculture” (SOCI) jurnalında dərc olunub.
Vitamin B12 bədəndəki müxtəlif fizioloji proseslərdə iştirak edən vacib bir qidadır. Bu vitamin ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Onun çatışmazlığı pis qidalanmanın (vegeterianlığa sadiqlik, veqanizm) və ya səmərəsiz udma nəticəsi ola bilər.
İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, B12 çatışmazlığı orqanizmdə iki iltihabi markerin - interleykin (IL)-6 və C-reaktiv protein (CRP) səviyyəsinin artması ilə əlaqələndirilir. Alimlər izah ediblər ki, xroniki iltihab şəkərli diabet, neyrodegenerativ pozğunluqlar, infarkt və hipertoniya kimi geniş spektrli xəstəliklərin riski ilə bağlıdır. Həmçinin məlum olub ki, bir insanın bədənində B12 vitamini nə qədər çox olarsa, onun iltihab əlamətləri bir o qədər aşağı olur. Buna tərs asılılıq deyilir.
Alimlər ümid edirlər ki, onların işi bizi Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərini anlamağa yaxınlaşdıracaq. Alimlər indi orqanizmdə xroniki iltihabın piylənmə və qıcıqlanmış bağırsaq sindromu ilə bağlı olub-olmadığını müəyyən etmək üçün tədqiqatları davam etdirməyi planlaşdırır.