Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınmasına dair razılıq əldə edib.

Fonddan verilən məlumata görə, Palazzo Turati ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Bu investisiya Fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilib. 

Palazzo Turati Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meragvili 7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 



Palazzo Turati binası xaricdən və daxildən


1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunub. Palazzo Turati ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülmüşdü. Binanın satıcısı qismində Texnoholdinq S.P.A. çıxış edir.