GƏNCƏDƏ RƏSULZADƏ PARKI bağlandı - RƏİS ŞİKAYƏT edəcəyini deyir
İki gün öncə doğumunun 132-ci ili qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı yenidən bağlanıb. ANS bu xəbəri yerli sakinlərə istinadən yayıb. Sakinlər deyiblər ki, əvvəllər də təmir işləri aparılan bu parkın ətrafı bağlı olsa da, insanların giriş-çıxışı üçün yerlər olub. Ancaq fevralın 2-si səhərdən başlayaraq parkın ətrafı tamamən bağlanıb.İnsanlar M.Ə.Rəsulzadənin büstünü ziyarət etmək üçün gəlsələr də, parkın hər tərəfi bağlı olduğu üçün bu baş tutmayıb. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həsən Əliyev bildirib ki, həmin park «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansındadır: "Hər hansı təmir-tikinti və yaxud başqa işləri onlar həyata keçirir. Bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur". «Azərbaycan Dəmir Yolları» QSC-nin Yükdaşımalar departamentinin Qərb bölgəsi üzrə bölmə rəisi Qurban Nəbiyev isə deyib ki, parkın ətrafını gecə saatlarında naməlum şəxslər bağlayıb: «Mən dünən ərazidən keçərkən parkın ətrafının hər tərəfi bağlı deyildi. Ancaq gecə saatlarında kimlərsə gələrək ərazini tamamən bağlayıb. Bu məsələ ilə bağlı mən baş idarəyə müraciət etmişəm. Yaxın saatlarda polisə də şikayət edəcəyəm ki, bu addımı kimin atdığı müəyyən edilsin. Hələlik isə kimlərin belə bir addım atdığı məlum deyil. Parkın hansı qurumun səlahiyyətində olmasına gəlincə, ərazi bizim səlahiyyətimizdədir». Yada salaq ki, son bir neçə ildə Məmməd Əmin Rəsulzadənin bu parkdakı büstünə çuval keçirilmişdi. Ancaq 2015-ci il dekabrın 4-də büstünün başına keçirilmiş çuval çıxarılıb. Bu, M.Ə.Rəsulzadənin AXC-nin ilk paytaxtı sayılan Gəncədəki yeganə büstüdür. Büstə çuval keçirilməsi əvvəlcə parkda aparılan təmir işləri ilə izah edilmişdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, çuvalın çıxarılmaması qalmaqala səbəb olmuşdu. (Azərtaym.az)