31.01.2014. - Əbülfəs Qarayev: “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbirlər ilboyu davam edəcək”

31.01.2014. -  Əbülfəs Qarayev: “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbirlər ilboyu davam edəcək”
“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ölkəmizdə və ondan kənarda böyük coşqu ilə qeyd olunur”.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, yubiley tədbirləri xüsusi plan əsasında respublikanın müxtəlif bölgələrində qeyd olunmaqdadır: “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbirlər ilboyu silsilə şəkildə davam edəcək”.

Nazir qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi Türkiyədə, Rusiyada və digər ölkələrdə də yüksək səviyyədə keçiriləcək: “Biz Məhəmməd Əmin Rəsulzadənin bir neçə əsərini, tədqiqatlarını, onunla bağlı araşdırmaları nəşrə hazırlayırıq və bu il ərzində onlar işıq üzü görəcək. Hesab edirəm ki, bu, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə çox böyük töhfə olacaq”.

Ə.Qarayev əlavə edib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk Demokratik Cümhuriyyətin banilərindən olub və bu gün biz həmin Cümhuriyyətin varisləriyik: “İstiqlal” abidəsi M.Ə.Rəsulzadə və silahdaşlarına vahid bir hörmət əlamətidir. Hesab edirəm ki, biz onları birlikdə qəbul etməliyik. Çünki onlar Azərbaycan Demokratik Respublikasının yaradıcılarıdır və ona görə də biz keçmişimizə fərəhlə baxırıq”.






Fikirlər