18.01.2014. - Ramil Usubova hesabat verdilər
AzerTaym az. DIN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Əməliyyat müşavirəsini açan nazir R.Usubov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu və hərtərəfli islahatlar nəticəsində ötən ilin xalqımızın rifah halının yüksəlməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə səciyyəvi olduğunu xatırladıb.
O, bildirib ki, bütün bunlar möhtərəm dövlət başçımızın bəyan etdiyi proqram və planların ardıcıllıqla həyata keçirilməsinin, milli maraqlara tam cavab verməsinin və əsl reallığa söykənməsinin əyani təsdiqi olmaqla daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərib. General-polkovnik Ramil Usubov deyib ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurub. 2013-cü ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə əsas diqqət xidmətin əməliyyat şəraitinin təhlili əsasında aparılmasına, şəxsi heyətin bilik səviyyəsinin, dünyagörüşünün, mənəvi, döyüş və fiziki hazırlığının artırılmasına yönəldilib. Qeyd olunub ki, təhkim olunmuş ərazidə kriminogen durum, o cümlədən törədilmiş cinayətlər, axtarışda olan şəxslər, nəqliyyat vasitələri və s. barədə şəxsi heyətin məlumatlılığının artırılmasında xüsusi əhəmiyyəti olan naryadların xidmətqabağı təlimatlandırılması işinin təkmilləşdirilməsi məqsədilə lazımi təşkilati tədbirlər görülüb. Ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 528 nəfərin, o cümlədən oğurluğa görə 133, xuliqanlığa görə 126, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 129, dələduzluğa görə 16, digər cinayətlərə görə 27, habelə axtarışda olan 78 şəxsin tutulmasında iştirak etmişdir. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 26052 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunub.
Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz çox olub. Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkəmizdə sabitliyin, etibarlı qorunduğunu, belə təhlükəsiz şəraitdən, əmin-amanlıqdan hər bir kəsin çox yararlandığını bildirib. Nazir son illər Alayın professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb.
Ramil Usubov xidməti vəzifələrin icrası üçün zəruri avadanlıqların alındığını, ən müasir müdafiə və texniki vasitələrlə təchiz olunduğunu vurğulayaraq, şəxsi heyətin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində olduğunu qeyd edib. O demişdir ki, şəxsi heyətin peşəkarlığı daha da artırılmalı, əməkdaşlar qanunla təsbit olunmuş vəzifə, funksiya və hüquqlarını dərindən bilməlidir. Eyni zamanda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində elmi-texniki nailiyyətin, yeni informasiya texnologiyalarının tətbiqinə geniş yer verilməli, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməli, gündəlik fəaliyyət ictimai maraqlara uyğun aparılmalı, xüsusilə cəmiyyətdə polisə etimadın artırılmasına xidmət etməlidir.
Çıxışının sonunda Ramil Usubov əmin olduğunu bildirib ki, Alayın əməkdaşları 2014-cü ildə də üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcək, xidmətdə, həmçinin şəxsi həyatda başqalarına nümunə olacaq, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər.