10.01.2014 - Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi

10.01.2014 -  Zakir Qaralov əməliyyat müşavirəsi keçirdiBaş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.
AzerTaym.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, müşavirədə 2013-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan 2013-cü ildə Azərbaycanın prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.
Korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədən danışan Z.Qaralov bu istiqamətdə atılan addımların kəsərliliyinin daha da artırılması, həmin sahədə ciddi tədbirlərin görülməsi, bu sosial bəlanın aradan qaldırılması, ona qarşı həyata keçirilən preventiv tədbirlərin səmərəliliyininin artırılması üzrə fəaliyyətin daha intensiv, ardıcıl və sistemli aparılmasının təmin ediləcəyini vurğulayıb.
Əməliyyat müşavirəsində 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun 2013-cü il iş planının icrası və cari ilin iş planı barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun, Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı 2013-cü ildə elan edilmiş müsabiqənin təşkili və keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə baş prokurorun müavini Namiq Əsgərovun, 2013-cü ildə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər barədə Baş Prokurorluğun idarə rəisi Natiq Hüseynovun məlumatları dinlənilərək müvafiq qərarlar qəbul edilib.






Fikirlər