Diqqət: GÜC strukturlarının simvolları BAKIDA açıq satışda…

Son illərə qədər Bakıda belə bir dəb var idi - polis saxlamasın deyə çoxbilmiş sürücülər qohumdan-tanışdan bir polis papağı tapıb maşının arxa şüşəsinin yanına qoyurdular.

Daha zirəkləri bir az da qabağa gedərək onu ön şüşədən görünən bir yerdən asırdılar. Nə qədər effekti olurdu, deyə bilmərəm, amma orta nəslin yaxşı xatırladığı bu tendensiya bir qədər fərqli formada indi də davam etdirilir.

Odur ki, tezliklə Bakıda avtomobilinə Çevik Polis Alayının, Daxili Qoşunların və digər qurumların emblemini yapışdırıb şütüyən avtomobillər görsək, təəccüblənməyək. Çünki əksər güc strukturlarına məxsus emblem və simvolları paytaxtın istənilən reklam materialları satılan mağazasından asanlıqla əldə etmək mümkündür.

Paytaxtın Səbail və Xətai rayonlarında yerləşən və reklam materiallarının satıldığı bir neçə mağazaya baş çəkdik. Nümunə üçün Çevik Polis Alayına məxsus emblemi almaq istədiyimizi dedik. Heç bir sənəd tələb etmədən 2 manata satdılar.

Bəs belə emblemlərin adi mağazalarda satılması nə dərəcədə düzgündür? Bu emblem və simvolları fiziki şəxslərə satmaq olarmı?

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevin virtualaz.org-a bildirdiyinə görə, adi insanların şəxsi maşınına güc strukturlarına məxsus emblemləri yapışdırması qanunsuzluqdur: “Güc strukturunun emblemini xüsusi maşınlara yapışdırıb sürmək düzgün deyil. Hərdən polisə aid ləvazimatlar icazəli şəkildə adi mağazalarda da satılır. Amma emblemi istənilən şəxsin alıb maşınına yapışdırması hüquqi baxımdan qanun pozuntusudur. Hətta polis əməkdaşı da onu özünün şəxsi maşınına yapışdıra bilməz. Mağazada hər hansı güc strukturunun embleminin satılması ilə bağlı qanunda, ola bilsin, heç nə yoxdur. Ümumiyyətlə bəzən elə məqamlar olur ki, qanunlarda boşluq olur və bəzi insanlar bundan istifadə edirlər”.

 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da virtualaz.org-a açıqlamasında qanunda güc strukturlarının emblemlərinin ancaq xüsusi mağazalarda satıla bilməsilə bağlı müddəaya rast gəlmədiyini deyir. Amma onu da əlavə edir ki, həmin emblemlər xüsusi xidmət orqanlarının əməkdaşlarına vəsiqə təqdim edildikdə satıla bilər: “Avtomobillərə xüsusi xidmət orqanlarının fərqlənmə nişanlarını qoymaq olmaz. Ümumiyyətlə, avtomobildə reklam yerləşdirmək üçün də xüsusi icazə alınmalıdır. Əgər kimsə avtomobilinə güc strukturlarının simvollarını yapışdırırsa, bu reklam kimi qiymətləndirilərsə, cəriməsi 30-50 manat ola bilər”.

AzerTaym.az






Fikirlər