Qəbələni İSVEÇRƏYƏ bənzətmək istəyirlər, amma... - REPORTAJ, VİDEO, FOTOLAR

 

Qəbələni İsveçrəyə bənzətmək istəyirlər, amma... - REPORTAJ, VİDEO, FOTOLAR

.. Hələlik oxşar olan iaşə xidmətlərinin qiymətidir; Azərbaycanın “ən çox maya qoyulan” rayonunda bir neçə saat 

 

Daha öncəki yazımızda da qeyd etdiyimiz kimi, yolumuz Qəbələyədir. Daha doğrusu, Qəbələdən İstanbula, eləcə də Avropanın şəhərlərinə gerçəkləşdirilən aviareyslərin açılışından yazmağa gəlmişdik. İlk reyslə İstanbula sağ-salamat çatdıq. Amma Qəbələyə gəlib, ordan, onun “əhval”ından yazmamaq ən azı haqsızlıq olar.  

AVTOBUSLA 3 SAATA, TƏYYARƏ İLƏ 45 DƏQİQƏYƏ ÇATMAQ OLAR 

Qəbələ Bakıdan 225 km məsafədə yerləşir. Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm avtobusdan, həm də təyyarədən istifadə etmək mümkündür. Bakıdan-Qəbələyə avtomobillə təxminən 3.5-4 saata (maşını qovmadan sürməklə) çatmaq olar. Avtobusla səyahət etmək istəyənlər üçün isə Bakı-Qəbələ, Gəncə-Qəbələ, Mingəçevir-Qəbələ, Sumqayıt-Qəbələ, Zaqatala-Qəbələ avtobus marşrutları mövcuddur. Avtobuslar Bakıdan Qəbələyə hər gün Bakı avtovağzalından sutkanın istənilən saatında, hər yarım saatdan - 45 dəqiqədən bir yola düşür. Avtobusda bir yerin qiyməti isə 6 manat təşkil edir. Daha doğrusu, kassada 5.10 AZN, avtobus sürücülərindən almaq şərtilə 6 AZN. Bu da bir Azərbaycan klassikasıdır, bilənlər bilir. 
Amma təbii Qəbələyə daha tez çatmaq üçün təyyarədən də istifadə etmək olar. Çünki bu halda uçuş 55 dəqiqə təşkil edir. Biletin qiyməti isə gediş-dönüş 60 manat təşkil edir. 
Qəbələyə səyahət etmək istəyənlər üçün müxtəlif turizm şirkətləri bir günlük səyahət paketləri də təklif edirlər.

ÖZƏL EVLƏRİN BİR GÜNÜ 20 MANAT, BİR GÜNLÜK TURLAR 23-25 MANAT 

Burada fərdi evlərdən, kotteclərdən tutmuş ən yüksək xidmət təklif edən beşulduz otellərə qədər çox yerdə gecələmək mümkündür. Buradakı məşhur otellərdə bir gecəlik qiymətlər 40 manatdan 100 manatadək dəyişir. Bu qiymətə səhər yeməyi, hovuz, əyləncə məkanlarından istifadə də daxildir. Burada iki və üçulduz otellərdə isə daha ucuz qiymətlər təklif edilir.
 
Özəl evlərdə qalmaq isə qidasız bir nəfər üçün təxminən günü 20 manata təklif olunur. Bu günlərdə isə Qəbələ turları çox populyardır. Məsələn, avtobusla Qəbələ-Lahıc turunu 25 manata təklif edirlər. Bu, bir günlük istirahətin qiymətidir. 5 yaşa qədər uşaqların pulsuz aparıldığı tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar daxildir. Eyni şərtlərlə Qəbələ-Şəki turunun qiyməti 23 manatdır.


PARİSDƏ BİR HƏFTƏLİK TƏTİL 700, QƏBƏLƏDƏ 1700 MANATA ...

Qəbələdəki “Qafqaz Resort” hotelində qiymətlər səhər yeməyi daxil olmaqla 120 AZN-dən başlayır. Bu səbəbdən də tez-tez belə xəbərlərlə rastlaşmaq zorunda qalırıq: Parisdə bir həftəlik tətil 700, Qəbələdə 1700 manata... Ümumən hesablayanda da qiymətlər təxminən bu civarda alınır. Hətta yerli turizm agentliklərindən bildirirlər ki, onlar Qəbələyə hər hansı tur paket hazırlamırlar. İndiki məqamda insanların cibinə uyğun gələn birgünlük Qəbələ turlarıdır. Turizmçilərin bildirdiyinə görə, Parisə, Madridə və ya Türkiyənin istirahət bölgələrinə tur-paket təşkil etmək daha asan başa gəlir, nəinki Qəbələyə. Çünki burda “gündə üç dəfə yemək” servisi yoxdur, belə bir sistem qurulmayıb. Bundan başqa, gecəsi 120 manat olan otelin bir həftəlik, cəmi bir dəfə yeməkli istirahət paketi də 840 manata başa gəlir. Bura nahar və şamı əlavə edəndə isə qiymətlər fantastik həddə çatır.  

YERLİ SAKİNLƏR BURA AZƏRBAYCANIN İSVEÇRƏSİ DEYİR, ÇÜNKİ... 

 
Qəbələni turistlər üçün maraqlı edən bir neçə yer var. Əslində qəbələliləri dindirsən, onlar bura Azərbaycanın Parisi, Azərbaycanın İsveçrəsi, Berlini.... və adlarını bildikləri Avropa paytaxtları deyəcəklər. Çünki Azərbaycanın rayonları arasında ən çox “maya qoyulan”, bəzədilən, turizmi üçün ciddi layihələr həyata keçirilən yer Qəbələdir. 1800 ildən çox mövcud olan Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olub. Qədim Qəbələnin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir. 
Yaxşı, Qəbələyə gəlib, haraları gəzmək, görmək olar? İlk növbədə təbii ki, Nohur gölü. Nohur göl Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru adlanan dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir.
Nohur gölü  1949-cu ilə kimi təbii göl  olub. 1949-cu ildə bu gölün cənub hissəsində - Güllüburun dağı ilə Yumuru dağ arasında torpaq bənd çəkilərək su anbarı yaradılıb. Nohurqışlaq su anbarına Dəmiraparan və Vəndam çaylarının suyu axıdılır. Bura gedib, qayıqla gəzmək mümkündür. 
“Yeddi gözəl” şəlaləsini də yaddan çıxarmayaq. Şəlalə Vəndam qəsəbəsindən  dörd kilometr məsafədə, dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar. 

ABSURDUN BU QƏDƏRİ - ƏYLƏNCƏ MƏRKƏZİNİ ÇƏKMƏK ÜÇÜN İCRA HAKİMİYYƏTİNDƏN YAZILI İCAZƏ?

 
 Azərbaycanın ən tanınmış əyləncə parklarından biri –Qəbələnd burada yerləşir. Burada uşaqlar və böyüklər üçün qurulmuş parlaq attraksionlar mövcuddur.  Elə biz də Qəbələyə gəlmişkən, buraya baş çəkmək, videosüjet üçün çəkiliş etmək istədik. Amma qəzetdən olduğumuzu bilən kimi dedilər ki, içəridə çəkiliş aparmaq üçün icra hakimiyyətindən yazılıl icazə almaq lazımdır. Təsəvvür edin, mərkəzin rəhbərliyindən, administratorundan yox... məhz icra hakimiyyətinin rəhbərliyindən. Üstəlik, saatlar 6-nı göstərdiyi üçün icra hakimiyyətində də heç kim olmaya bilərmiş, ona görə də rəsmi icazə ehtimalı zəifmiş. Sanki Pentaqonun, NATO-nun hərbi bazasına giriş üçün icazə istəyirik. 
 
Hərçənd içəri girsək, oranı “bizim üçün bağlatdırıblar” təəssüratı yaranacaqdı. Məntiqlə bayram həftəsi başlasa da, içəridə turist adına heç kim yox idi.  Məlumat üçün deyək ki, Qəbələndə giriş iki manatdır, burada attraksionların qiyməti isə növündən asılı olaraq 1 manatdan 5 manatadək dəyişir. Amma burda daha maraqlı tariflər var. Mərkəzdəki futbol meydançasının bir saatı 25 AZN, basketbol və voleybol meydançasınınkı 15 AZN-dir. Bir sözlə, içəri uşağınızla girdinizsə, onun əyləncəsi üçün pulları xəzəl kimi xərcləməyə hazır olun.  

QAR YAĞANDA BAYRAM OLUR, TOY OLUR... 

 

Qış mövsümünün qarlı günlərindən birində Qəbələnin məşhur məkanlarından olan Tufandağdan geniş reportaj hazırlamışdıq. O səbəbdən də yenidən həmin məkan barədə xüsusi yazmayacam. Sadəcə xatırlatma edim ki, Tufandağa gəlib, burada gecələmək istəyənlər üçün isə kompleksin ərazisində Qafqaz “Tufandag Mountain Resort Hotel” fəaliyyət göstərir və burada bir gecəlik qiymət 190 manat təşkil edir.
 
Kompleksdə kanat yollarında gəzinti 6 yaşadək olanlar üçün pulsuz, 6 yaşdan yuxarı olanlar üçün isə 10 manat təşkil edir.  Xizək yollarında sürüşmək üçün lazım olan geyimlər yarım günlük - 10 manat,  bir günlük - 15 manat, iki günlük - 25 manat, üç günlük - 30 manatdır. Buranın “toyu-bayram”ı isə təbii ki, ancaq qar yağanda, süni qar yağdırılma imkanları olanda baş verir. 
 

“ANALOQU OLMAYAN” ZOOPARKI GÖZLƏYƏN QƏBƏLƏLİLƏR 

Qəbələdə Avropanın məşhur markası “Beltmann” fortepianolarının istehsalı fabriki də var. “Beltmann” markalı pianolar yalnız bu fabrikdə hazırlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir. Bundan başqa, qəbələlilərin fəxrlə təkrarladığı bir anons da var. Deyilənə görə, yaxın zamanlarda Qəbələdə yeni zoopark da açılacaq. Üstəlik, “dünyada analoqu olmayan”. Düzü, yerli sakinlər bu analoqsuzluğun nədən ibarət olduğunu bilmirlər. Amma zoopark üçün ərazi də artıq müəyyənləşib, Afrikadan gətiriləcək heyvanlar da. Sadəcə hələlik “yuxarıdan” icazə yoxdur. Bunu sakinlər deyir. 


QƏBƏLƏ İNTERNETİ SEVİR, HƏTTA İCRA HAKİMİYYƏTİNİN SAYTINDA KOTTEC REKLAMI EDƏCƏK QƏDƏR... 

Qəbələ internetlə ən çox “dost” olan şəhərlərdəndir. Burada turizmi inkişaf etdirmək üçün demək olar ki, turizm saytlarının əksəriyyətində otellər və sairlə bağlı geniş məlumat var. Ayrı-ayrı tarixi kəndlərlə bağlı saytlarda məlumatlar görmək olar -  necə getmək olar, Qəbələdən neçə kilometr aralıdadır, fotolar, videolar... Tufandağla bağlı ayrıca sayt fəaliyyət göstərir, içində bütün detallara dair qeydlər var.  
Daha çox icra hakimiyyətinin rəsmi internet saytını inkişaf etdiriblər. Sayta daxil olub, bütün məlumatlarla tanış olmaq mümkündür. Hətta istirahət mərkəzləri ilə bağlı detallarla. Fotoları, yerləşdiyi məkan, bir günlük qiymətlərlə. Əslində rəsmi saytda özəl istirahət məkanlarının reklamı nə qədər doğrudur, bilinməz. Çünki rəsmi sayt az qala turizm agentliyi təyinatında görünür. İsitrahət mərkəzində nələr var, bir günlük qiymətə nələr daxildir, kotteclərə verilən isti-soyuq su və s. və i. 
Reklamlar sırasında hətta qəbələlilərin ən məşhur restoranı, yolda maşını dayandırıb “harda nahar edə bilərik” deyə soruşanda hamısının ağızdolusu təriflədiyi “Xanlar” restoranının da adına rast gəlmək mümkündür . Qəbələlilər bu və ya digər yeri tərifləmək üçün adətən onu belə təqdim edirlər: “Prezident də burda olub”. Sözügedən restoran barədə də anons təxminən aşağıdakı kimi idi:  “İlham Əliyev hər dəfə gələndə yeməyini burda yeyir”. 
Nə qədər doğru, nə qədər yanlış... bilinməz. Bildiyimiz odur ki, 2002-ci ilə qədər restoran kimi fəaliyyət göstərən məkan hazırda istirahət mərkəzidir. İçəridə kotteclər var, yayda istirahət edənlər çoxdur. Qışda isə daha çox Tufandağa gedənlərin dayanacağıdır. Qiymətlərə gəlincə... nə siz soruşun, nə mən deyim. Restoranda menyu olmadığından qiymətlər də müştəriyə öncədən bəlli deyil. Sürpriz kimi, tapmaca kimi. Sonda fantastik qiymətlərlə rastlaşırsan. Orta statistik azərbaycanlının cibinə o qədər də uyğun olmayan rəqəmlər. Və biz azərbaycanlıların psixoloji durumuna uyğun mənzərə. 
 
Əgər ailənlə, tanışlarınla gəlmisənsə və sonda səni qane etməyən qiymətlə razılaşmırsansa, çox vaxt başını aşağı salıb gedirsən: ən azından gəzinti təəssüratını korlamamaq üçün, hesaba görə dava salıb, pərt olmamaq üçün. Hər şeydən öncə isə “bura sənlik deyil, gəlməyəydin, səni məcbur edən oldu” cavabını eşitməmək üçün.
 AzerTaym.az






Fikirlər