Əbülfəs Qarayevin himayəsinə arxalananlar turizm sektorunu inhisara alıb
Ölkənin turizm məkanlarında 500 manata bir həftə istirahət etmək qeyri-mümkündür Mədəniyyət və Turizm Nazirliyi üzərinə düşən işi lazımi səviyyədə icra edə bilmir Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkənin mədəniyyət və turizm sektoru ilə bağlı bir sıra ciddi problemlər mövcuddur. Məsələn, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev özü də bu yaxınlarda etiraf edib ki, əksər otellər özlərini 4, ən azı 3 ulduzlu kimi təqdim etsələr də, əslində onların təklif etdiyi xidmətlər tələb olunan standartlara heç də uyğun gəlmir. Gördüyünüz kimi, mədəniyyət və turizm naziri rəhbərlik etdiyi sahədə yaşanan neqativ halları etiraf etsə də, nədənsə adıçəkilən qurum bu istiqamətdə lazımi tədbirlərə baş vurmaqda maraqlı görünmür. Əgər belə olmasaydı, o zaman yay və qış aylarında ölkənin əksər turizm məkanlarında qiymətlər ceyran belində olmazdı. Məsələn, əksər yerli və xarici turistləri özünə cəlb edən Qusar rayonundakı turizm obyektlərinin əksəriyyəti ildən-ilə qiymətləri süni şəkildə qaldırırlar. Belə ki, rayondakı olimpiya kompleksinin 4 nəfərlik ikimərtəbəli kottecləri sutkası 100-120 manata təklif olunur. Bu qiymətə isə yalnız səhər yeməyi daxildir. "Alpen Qusar"da isə iki nəfərlik ikimərtəbəli kotteclər 100-120 manata, birmərtəbəlilər isə 60 manata təklif olunur. Lakin burada ümumiyyətlə yemək verilmir. Oradakı başqa obyektlərdə isə yemək çox bahadır. "Şahdağ" kompleksindən isə heç danışmağa belə dəyməz. Həm yayda, həm də qışda minlərlə təbiət həvəskarının üz tutduğu Quba rayonundakı istirahət məkanları da olduqca bahadır. Məşhur Nabran istirahət zonasının yerləşdiyi Xaçmaz rayonu barədə isə artıq həyəcan təbili çalmaq vaxtıdır. Nabran hələ sovet vaxtı - burada cəmi bir neçə turbaza və dövlət idarələrinin balansında olan istirahət mərkəzləri olanda daha cəlbedici idi. Bu gün isə Nabran çoxdan atılmış, tərk edilmiş, gözdən-könüldən uzaq yaşayış məskənini xatırladır. Xaraba qalmış yollar, birbaşa dənizə axan kanalizasiya suları, insanların günəş vannası ala biləcəyi sahilboyu qumsal ərazini yatağa çevirən mal-qara sürüləri, zibil qalaqları, çirkab... Düzdür, son illər ərzində burada xeyli yeni və müasir obyektlər tikilib. Lakin ildən-ilə burada dincəlmək istəyənlərin sayı azalır… Hələ bu, harasıdır. Araşdırmalar zamanı bəlli olub ki, Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzində 2 nəfər üçün səhər yeməyi daxil olmaqla 1 otaqlı nömrə 55-80 manat, 2 otaqlı nömrə isə 100 manat, Qubada yerləşən "Bərpa SPA Mərkəzi"ndə 2 nəfərlik 1 otaq 60, 2 otaq 160, Xaçmazda yerləşən "Çoban bulaq" istirahət mərkəzində 2 nəfər üçün istirahətin qiyməti 60-80 manat, Qax rayonundakı "El Resort" hotelində 1 nəfərlik nömrə 80-100, 2 nəfərlik 90-110, ailəvi nömrə 150-170, Şəkidəki "Küngüt" istirahət mərkəzində 1 otaq 50, 2 otaqlı 75, Qusardakı "Suvar" istirahət mərkəzində səhər yeməyi daxil olmaqla 2 nəfər 50, 4 nəfər 80, Şamaxıda "Magic Life" istirahət zonasında 6 nəfərlik 3 otaqlı lüks kottec 90, 2 otaqlı kottec 53 manat təşkil edir. Qəbələdə "Qafqaz Resort" hotelində isə qiymətlər səhər yeməyi daxil olmaqla 120 manatdan başlayır. Xülasə, artıq hamı başa düşür ki, sözdə əhaliyə xidmət adı altında yaradılan bu obyektlərin bəziləri əslində turizm sektorunu inhisara alan, Əbülfəs Qarayevin himayəsinə arxalanan bir qrup şəxsin cibini doldurmaq, onların asan yolla daha çox gəlir əldə etməsi üçündür. Məhz elə bu səbəbdən də qeyd olunan qiymətlərlə tanış olan ölkə vətəndaşları məbləğin baha olduğundan şikayətlənirlər. Odur ki, xaricdə dincəlmək daha məqsədəuyğundur. Məsələn, bəzi özəl turizm şirkətləri 500 manata 1 həftəlik hər şey daxil xaricə turlar təşkil edirlər. Lakin bu gün Azərbaycanda bu qiymətə bir həftə istirahət etmək qeyri-mümkündür. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı daxilində qarşıya qoyulan məqsədlərdən biri olan turizmin inkişafı hələlik sual altında qalır. Bu isə onu göstərir ki, Mədəniyyət və Turizm Nazirliyi üzərinə düşən işi lazımi səviyyədə icra edə bilmir… Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (gündelikbakı.com)