ABŞ-ın ATOM BOMBASI təyyarəsi Yaxın ŞƏRQdə :HƏDƏFDƏ KİMDİR?!
ABŞ İŞİD-lə mübarizə çərçivəsində Qətərə B-52 bombardman təyyarələri göndərib. Təyyarələr əl-Üdeyd Hava bazasında yerləşdirilib.
Strateq.az xəbər verir ki, məlumatı ABŞ Hava qüvvələri Komandiri general Çarles Broun da təsdiqləyib. General bu təyyarə transferinin səbəbinə də aydınlıq gətirərək deyib: "B-52 “Təbii Müqavimət Əməliyyatı” çərçivəsində həyata keçirilən əməliyyatlara əhəmiyyətli hava dəstəyi verəcək". ABŞ-ın Luiziana ştatındakı Barksdal hava bazasından Qətərə göndərilən B-52 təyyarələrinin İŞİD-ə aid strateji hədəfləri bombalayacağı bildirilir. Həmin təyyarələrin sayı isə açıqlanmayıb. İŞİD-lə mübarizə çərçivəsində bu günə qədər 33 mindən çox hava əməliyyatı keçirən ABŞ-ın Yaxın Şərqə öz bombardıman təyyarəsini göndərməsi ilk baxışdan adi bir xəbər kimi görünsə də, bir çox hərbi ekspertlər narahatlıqlarını gizlətmirlər. Onları narahat edən məqam Qətərə göndərilən təyyarələrin tipidir: B-52-lər ABŞ Hava Qüvvələrinin strateji bombardmanlar etmək qaniliyyətinə malik, uzunmənzilli təyyarələrdir. Adındakı 52 rəqəmini istahsal tarixindən alan bu təyyarələr ilk dəfə 1952-ci ilin 15 aprelində istifadəyə verilib. Soyuq müharibə illərinin ən qızğın zamanlarının məhsulu olan B-52-lər keçmiş SSRİ-yə aid torpaqlara atom bombası daşımaq və atmaq üçün kəşf olunub. Ona görə də nüvə bombası təyyarəsi kimi də tanınır. Qanadları gövdəsindən uzun (gövdəsi 49.7, qanadları 56.39 metr) olan bu hava divləri hələ 1957-ci ildə dünyanı bir uçuşla başdan başa gəzməsiylə ad çıxarmış, 50 saata yaxın havada qalmağı bacarmışdı. ABŞ-ın ondan 2 dəfə ağır yük daşıyan bombardıman təyyarələri (Məsələn, B-1B Lancer) olsa da, B-52-lər indiyə qədər daha uzaqmənzillilikləri ilə tanınırlar. Bu təyyarələr, təbii ki, təkcə atom bombası üçün nəzərdə tutulmayıb. O, adi bombalar da atır. İstər Vyetnam müharibəsində, istərsə də körfəz savaşları zamanı B-52-lərdən geniş istifadə olunub. Hətta Vyetnam savaşı boyunca ABŞ-nin 30-dan çox B-52-sini itirdiyi bəllidir. Sözügedən müharibədə B-52-lər minlərlə əməliyyat həyata keçirərək, bu ölkənin torpaqlarına 100 minlərlə ağır bombalar yağdırmışdılar. Körfəz savaşlarının statistikası isə hələ də gizli saxlanılır. Bununla belə, B-52-lərin ən qorxunc tərəfi hansısa konkret bir hədəfi yox etmək üçün hazırlanmamasıdır. Məhz bu səbəbdən də güdümlü silah daşımaq xüsusiyyətinə malik deyil. Lokal hədəflərdən daha çox, ağına-bozuna baxmadan geniş bir ərazini yerlə bir edəcək ağır bombalar atmaq üçün nəzərdə tutulub. Bir sözlə, B-52-lər, deyim yerindəsə, “kütləvi qırğın” təyyarəsidir, atacağı bomba nüvə bombası olmasa belə, mülki, hərbçi demədən hər kəsi yox etmək qabiliyyətinə malikdir. Mütəxəssislərin fikrincə, İŞİD mülki vətəndaşlarla sıx təmas halında öz varlığını mühafizə edir. Bunun başlıca səbəblərindən biri onlardan canlı qalxan kimi istifadə etməsidir. İŞİD-lə mübarizə çərçivəsində B-52 təyyarələrindən istifadə olunması terrora qarşı mübarizə metodlarıyla bir araya sığmadığından həmin təyyarələrin döyüş poliqonuna göndərilməsi 2 ehtimala yola açır: Ya, super güc Yaxın Şərqi insansızlaşdırmaq istəyir, ya da İŞİD bəhanə edilirək, hansısa daha böyük müharibələrə hazırlıq görülür. O da mümkündür ki, bu təyyarə transferi sadəcə hansısa qüvvələrə göz dağı vermək məqsədi güdür.
Qətərin İranla qonşuluğu göz dağı verilən ünvan kimi ilk ağla cənub qonşumuzu gətirir. Fəqət nüvə sazişindən sonra İranın Qərblə, xüsusilə ABŞ-la yaxınlaşdığı, bəzi məqamlarda hətta onun ən ciddi rəqibi sayılan Rusiyanın tamamilə əleyhinə mövqe tutması bilinir. Bunun ən bariz nümunəsi Rusiyanın dünya bazarında neftin qiymətinin aşağı salınması məqsədilə OPEK-lə apardığı danışıqlarının İran əngəlinə ilişməsidir. Məlum olduğu kimi, Rusiyanın hasilatı azaltmaq təklifinə Səudiyyə Ərəbistanı öz bazarını itirməmək üçün İranın da bu razılaşmaya əməl etməsini şərt qoymuş, amma əks-tərəf bundan imtina etmişdi. İmtinanın səbəbi isə maraqlı idi: Uzun illərdən bəri qarşı-qarşıya qaldığı sanksiyaların ölkə iqtisadiyyatına vurduğu zərəri aradan qaldırmaq üçün yeni bazarlar əldə etmək. Konkret olaraq Səudiyyə Ərəbistanının iqtisadi maraqlarının əleyhinə olan bu tezis Moskvanın arzuladığı razılaşmanın alınmaması demək idi və bu həmlə rəqibdən yox, müttəfiqdən gəlirdi. Bu fakt indiki İranın seçkilərdən əvvəlki İran olmadığındanxəbər verir Qətərdə yerləşdirilən B-52 təyyarələrinin digər bir hədəfi kimi Rusiya ön plana çıxır. Sözügedən körfəz ölkəsinin Rusiyadan uzaqda yerləməsinə baxmayaraq, bu məsafə sadəcə coğrafi müstəvidə keçərlidir. Şimal qonşumuz öz hərbi varlığı ilə Suriyanın Tartus limanında ABŞ-ın qlobal dəniz hegemoniyasını dəlir, Qərbin Şərq ölkələrinə açılan qapısının ağzında “ürək bulandırır”. Hansı ki, bu qapı Qərbi Qərb edən, onun iqtisadi yüksəlişinin təməlini atan ticarət dəhlizidir. Rusiya da bu dəhlizə özünün dünya dövləti olmaq yolunda yeganə fürsət kimi baxır və sovet dövründən bəri Aralıq dənizində var olan hərbi donanmasını mühafizə etməyə çalışır. Görünür, Qətərə B-52 təyyarələrini göndərən ABŞ Rusiyaya konkret mesajlar verir, ağına-bozuna baxmadan böyük əraziləri yerlə yeksan etmək imkanında olduğunu göstərir. B-52-lərin Rusiyanın Azov və Qara dənizlərində keçirdiyi hərbi manevrlərdən sonra Yaxın Şərqə göndərilməsi də bu versiyanı qüvvətləndirir.
Məlumdur ki, Azov və Qara dənizləri Rusiyanın Aralığa çıxan yeganə su hövzələridir. Həmin su hövzələrində keçirilən hərbi təlimində Bolqarıstandan hücum edəcəyi gözlənilən NATO gəmilərini zərərsizləşdirmək ssenarisini məşq edən Moskva bununla qarşı tərəfə sanki “bizimlə zarafat etməyin” mesajını verirdi. Ondan əvvəl isə Azərbaycan-erməni silahlı qüvvələrinin təmas xəttində münaqişə başladılmış, 3 günlük müharibədən sonra tərəflər Moskvaya çağırılaraq atəşkəs sazişi bağlatdırılmışdı. Bununla da Xəzər-Qara dəniz hövzəsində hələ də rus hərb şeypurunun ötdüyü nümayiş olunmuşdu. Bu iki mesajdan sonra NATO 2014-cü ildə dayandırdığı Rusiyayla dialoqu yenidən bərpa etməyə qərar vermişdi. Növbəti 2 həftədə NATO-Rusiya Şurasıçərçivəsində keçirilməsi gözlənilən bu toplantıda tərəflər öz kozrlarını ortaya qoyacaqlar. Belə aydın olur ki, ABŞ həmin toplantıya “kütləvi qırğın” təyyarələriylə getmək niyyətindədir. Ümumiyyətlə, B-52-lər savaşlardan daha çox, hansısa ölkəyə verilmiş göz dağı kimi istifadə olunur. 1952-ci ildə ilk testini keçirən bu təyyarələr 1955-cü ildən bəri ABŞ ordusunun Hava Qüvvələrinin tərkibinə daxil olunmuş əsas qorxu saçan obyekt kimi tanınır. Bu yaxınlarda Şimali Koreyanın hidrogen bombasını sınaqdan çıxarmasından sonra ABŞ öz B-52-lərini Cənubi Koreyaya göndərmiş və bu hava divləri düşmən olan iki qardaş ölkənin sərhədləri boyunca qarşı tərəfə göz dağı vermişdilər. 2013-cü ildə Çinlə Yaponiya arasında gərginliyə səbəb olan adalar üzərində Pekinə xəbər vermədən ABŞ-ın 2 ədəd B-52-sini uçurması havadan Asiya nəhənginə barmaq silkələməsi başa düşülmüşdü. Eynilə ötən Rusiyanın Baltik dənizi sahillərində NATO qüvvələri qarşısında “at oynatmasına" cavab olaraq da B-52 təyyarələri havada öz məharətlərini göstərmişdilər. Bütün bu faktlar B-52-lərin Rusiyaya növbəti dərsi vermək üçün Yaxın Şərq səmalarında peyda olduğu, lazım gələrsə, İŞİD üzərində daha əyani təcrübələri sınaqdan keçirərək, nəyə qadir olduğunu ortaya qoymaq istədiyi ehtimalını qüvvətləndirir. Azərbaycan mentalitetinə uyğun dillə desək, “qızım sənə deyirəm, gəlinim sən eşit” məntiqinə söykənən bu mesajlara Rusiyanın necə cavab verəcəyi maraq doğurur. Yəqin ki, o da öz gücünü müsəlman xalqların üzərində göstərəcək. ABŞ-la Rusiya arasında “laborotoriya siçanı”na çevrilən İŞİD və ona bənzər qüvvələrin bütün dünyanın hərbi iradəsinə qarşı indiyə qədər niyə mövcud olduğuna, zənnimizcə, yuxarıdakı arqumentlər daha yaxşı aydınlıq gətirir. Axı, sevməsə belə, üzərlərində təcrübə keçirdiyi siçanlara bəşər oğlunun hər zaman ehtiyacı var. Və bəzən uğurlu alınan təcrübələrdən ilk qazanclı çıxanlar da elə həmin xəstə siçanlar olurlar. Heydər Oğuz