Suriyada hökumət qüvvələri və radikal islamçı qruplaşmalara daxil olmayan üsyançı qruplar arasında Rusiyanın liderliyi ilə əldə edilən atəşkəsə baxmayaraq Yaxın Şərqdəki bu böhrana cəlb olunmuş qüvvələr indiki status-kvo ilə hesablaşmaq niyyətində deyillər
Çünki indiki atəşkəs, Bəşər Əsəd qüvvələrinin ölkənin şimalında irəliləməsi Rusiyanın Suriya böhranındakı aparıcı qüvvə statusunun tanınması deməkdir. Belə görünür ki, ABŞ bununla barışıb. Lakin Səudiyyə Ərəbistanı, o cümlədən Türkiyə onlar üçün açıq-aşkar məğlubiyyət hesab oluna biləcək indiki status-kvo ilə barışmağa hazır deyillər.
Xəbər verildiyi kimi atəşkəsin əldə edilməsi ərəfəsində Səudiyyə Ərəbistanı Suriyaya quru qoşunlarının yeridilə biləcəyinə dair xəbərdarlıq edib. Türkiyənin də bu əməliyyata qatılacağı haqda xəbərlər yayılıb. Lakin daha sonra Türkiyə və onun ərəb müttəfiqləri Suriyaya quru müdaxiləsi ambisiyalarını cilovladılar. Çünki bu, açıq-aşkar böyük müharibə və Rusiya ilə birbaşa toqquşma demək olardı. Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan etdi ki, ərəb müttəfiqlər dəstək vermədiyi üçün Suriyanın şimalına quru müdaxiləsi və bufer zona yaradılması əməliyyatı baş tutmayıb. Hərçənd ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin İncirlik bazasında yerə endi və bəzi iddialara görə hətta Səudiyyə xüsusi təyinatlı dəstələri də Türkiyə ərazisində dislokasiya olunub, mümkün Suriya müdaxiləsi üçün gözləyir.
Bu günlərdə isə Səudiyyə Ərəbistanının şimal-şərqində 20-dən çox ölkənin, o cümlədən Türkiyənin iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirildi. Krallığın rəsmi informasiya agentliyi bunu “dünyada ən irimiqyaslı hərbi manevrlər” adlandırmışdı. Təlimlərdə 150 minə yaxın hərbçi, 2750 təyyarə və vertolyot, minlərlə zirehli texnika iştirak edir. Təlimlərin məqsədi kimi “terrorçu qrupların mümkün hücumlarının qarşısını almağa hazırlıq” göstərilib. Ancaq analitiklər hesab edir ki, bu, Səudiyyənin və müttəfiqlərinin Suriyaya mümkün quru müdaxiləsi planlarına hazırlıqdır. Ər-Riyad atəşkəsə dəstək versə də razılaşmanın nə dərəcədə kövrək olduğunu anlayır və onun uzunmüddətli olmayacağını hesablayır. Deməli, Suriya qazanının yenidən tam gücü ilə qaynamasına hazır olmaq lazımdır.
Lakin Rusiya da boş dayanmır, dayanmaq niyyətində deyil. Martın 1-də Rusiya Müdafiə Nazirliyi Xəzərdə 50-dən çox gəminin iştirakı ilə növbəti irimiqyaslı hərbi manevrlərin başladığını elan edib. Hər gəmi tipindən və qarşısında qoyulan döyüş vəzifəsindən asılı olaraq 8-20 gün arası təlimlərdə iştirak edəcək. Manevrlər zamanı yerüstü, hava və dəniz hədəflərinə raket zərbələrinin endirilməsi sınaqdan keçiriləcək.
Xəzərdə başlayan hərbi manevrlərin ərəb səhrasındakı təlimlərlə birbaşa əlaqəsinin olduğu aydındır. Məlumdur ki, Rusiya Xəzər donanmasını ilk dəfə döyüş əməliyyatlarında məhz Suriyada sınadı. Xəzərdəki gəmilərdən buraxılan “Kalibr” qanadlı raketləri Suriyadakı hədəfləri yüksək dəqiqliklə vurdu. İndi Rusiya nümayiş etdirir ki, onun Suriyadakı imkanları təkcə Hmeyim aviabazasından və Latakiyədəki hərbi dəniz bazasından ibarət deyil. Və bu, Suriyaya quru müdaxiləsi planlarını hələ də masa üzərində saxlayanlara xəbərdarlıqdır.
Bu arada Rusiya hərbi dəniz donanması yeganə təyyarədaşıyan gəmisini-“Admiral Kuznetsov” təyyarədaşıyanını Aralıq dənizinə, Suriya sahillərinə göndərəcəyini elan edib. Gəmi bu ilin yayında bölgəyə göndəriləcək və oradakı Rusiya hərbi gəmi qruplaşmasına başçılıq edəcək. Hazırda gəmi Murmansk limanındadır və bütün silah anbarları ən müasir sursatlarla doldurulur.
Hazırda Rusiyanın bölgədə 10-a yaxın hərbi gəmisi var. Onların arasında “Böyük Pyotr” atom raket kreyseri, “Moskva” və “Varyaq” raket kreyserləri də yer alır. Gözlənilir ki, “Admiral Kuznetsov” təyyarədaşıyanının göyərtəsindəki aviaqruplaşma Suriyadakı Rusiya aviaqruplaşmasına dəstək verəcək. Belə görünür ki, Rusiyanın yeganə təyyarədaşıyan gəmini Suriya sahillərinə göndərməsi Səudiyyə və müttəfiqlərinə ünvanlanmış daha bir xəbərdarlıqdır.(virtual.org)