Ərdoğan güzəşt etməyəcək - PROQNOZ
“Ərdoğan uduzmağa öyrəşməyib və buna görə də vəziyyəti dəyişdirmək üçün hər şeyə gedə bilər”. AzerTaym.az “Nezavisimaya Gazeta” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı YPG güclərini vurmasını şərh edən Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktor müavini Anna Qlazova deyib. Onun sözlərinə görə, Rusiyanın Suriyada hərbi müvəffəqiyyətləri Türkiyənin planlarını dağıdır. “Rusiya və ABŞ Suriya üzrə mövqelərini yaxınlaşdırmağa çalışır. Bu, Türkiyə prezidentini əsəbiləşdirir. O, ultimatum verərək ABŞ-ı şantaj etməyə çalışır, ya Ankaranı, ya da kürdləri seçməsini istəyir. Hazırda Türkiyədən Rusiya ilə silahlı toqquşmanın təhrik edilməsinə qədər istənilən hərəkətləri gözləmək olar. Ərdoğan məğlubiyyətini qəbul etməyərək regional müharibəyə başlaya bilər. Fərat çayının qərbində nəzarəti saxlamaq Türkiyə üçün çox əhəmiyyətlidir. Türkiyə bu ərazi üzərində nəzarəti saxlamaqla müxalif döyüşçülərə silah çatdırmaq və bununla Suriya münaqişəsinə təsir göstərmək istəyir. Əgər sərhədin bu bölməsi bağlanmasa, Rusiyanın Suriyadakı əməliyyatı mənasızdır. Moskva orada uzun müddət bata bilər”, – Qlazova bildirib. O, hesab edir ki, Vaşinqton Ankaraya təsir edə bilər. Rusiyalı ekspert həmçinin qeyd edib ki, ABŞ-ın Yaxın Şərq üzrə dəqiq strategiyası yoxdur. Anna Qlazova bildirib ki, atəşin dayandırılması haqqında bəyanatlara baxmayaraq, bir həftə ərzində Suriya yumağı daha da dolaşıb: “Səudiyyə Ərəbistanı Türkiyə-Suriya sərhədinə hərbi təyyarələrini göndərməyə başladı. Bu ölkənin xarici işlər naziri Adil əl-Cubeyr bildirib ki, Bəşər Əsəd istefa verməsə Səudiyyə Ərəbistanının sakinləri onu güc yolu ilə devirməyə hazırdır. Nazir vurğulayıb ki, Ər-Riyad Amerikanın rəhbərlik etdiyi koalisiyanın tərkibində Suriyada quru əməliyyatları keçirə bilər”.