İrqçi atanın müsəlmanları sevməyən namizəd oğlu - MİLYONÇU
Amerikanın əmlak kralı bu gün dünyanın ən böyük iqtisadi gücünə sahib olan ölkədə prezidentliyə namizəddir. Seçilərsə, bəlkə də Amerika xalqı ilk dəfə bu qədər təzadlı həyata sahib rəhbərlə üz-üzə olacaq. Söhbət Donald Trampdan gedir. Publika.az “Milyonçu” layihəsi çərçivəsində Trampı təqdim edir. Donald Tramp 1946-cı ildə anadan olub. İş adamı ata tərəfdən alman, ana tərəfdən isə şotland əsillidir. Belə ki, Donaldın babası Frederik 1869-cu ildə Almaniyada dünyaya gəlib. 16 yaşında Amerikaya köçüb. Həyat Trampların üzünə 1896-cı ildə gülüb. Kanadanın Klondayk bölgəsinə qızıl axtarmağa gələn Frederik daha asan yolla pul qazanmağın yolunu tapıb. Yazılanlara görə, iş adamının babası qızıl axtaranları yaxşı pul müqabilində yeyib-içmək və qadınla təmin edirmiş. İmkanı düzələn kimi alman əsilli Elizabet Mesih ilə evlənir. Vergi ödəməmək və əsgərliyə getməmək üçün Almaniyaya qayıdır. Lakin çox keçmir yenidən Amerikaya üz tutur. 1905-ci ildə Donaldın atası Fred dünyaya gəlir. Frederikin ölümündən sonra Fred gənc yaşında ticarətə atılır. 22 yaşında “Elizabeth Trump & Son” adlı şirkəti yaradır. Ku-Klus Klan irqçi təşkilatına üzv olduğundan müəyyən müddət həbsdə yatır. İkinci dünya müharibəsi dövründə ABŞ donanması üçün evlər tikərək işlərini böyüdür. Müharibədən sonra New York Queensdə ərazilər alır və binalar tikməyə başlayır. Şayiələrə inansaq, Fred Tramp tikdiyi evləri ancaq ağ dərililərə satırmış. 1935-ci ildə şotland əsilli Meri Enn Makleod ilə ailə qurur. Bu evlilikdən 5 övladı - Maryanne, Frederick Jr., Elizabeth, Robert, Donald dünyaya gəlir. Bu arada onu da qeyd edək ki, Trampların ilk vaxtlar soyadları “Triumph” imiş. Bu, alman dilində zəfər deməkdir. Donaldın uşaqlığı Donald Tramp uşaqlığında həddən artıq dəcəl, eləcə də yaramaz olub. Məsələn, oxuduğu High School-dan musiqi müəlliminə yumruq atdığı üçün qovulub. Bundan sonra valideynləri onu hərbi akademiyada oxumağa göndəriblər. 1964-cü ildə akademiyanı bitirsə də zabit olmaq istəmir. Çünki Trampın yeganə xəyalı Hollivudda film çəkmək idi. Atasının onu özü ilə birlikdə yeni tikilən körpünün açılışına aparması fikrini dəyişir. İki il Fordham Universitetində, iki il isə Pensilvaniyadakı “Wharton Institut”da idarəçilik üzrə təhsil alır. Həmin ərəfədə artıq atası işlərini böyütmüşdü. 200 milyon dollarlıq sərvətə sahib idi. Təhsilini bitirər-bitirməz Donald da ailə biznesində iştirak edərək, şirkətdə aşağı vəzifələrdə işləyir. Zaman ötdükcə atasının biznesini genişləndirmək istəmədiyini görür. Atasından 350 min dollar borc, hökumətdən isə vergi, ərazinin ucuz alınması kimi güzəştlər alaraq işə başlayır. İlk işi 1973-cü ildə Nyu-Yorkda 290 mənzildən ibarət 18 mərtəbəli göydələnin inşası olur. 1975-ci ildə “Big Deal”i reallaşdırır. Və o, biznes imperiyasını qurur. Daha sonra 10 milyon dollara “Grand Central” stadionuna bitişik xaraba vəziyyətdəki “Commodore” hotelini satın alır. 80 milyon dollar xərcləyərək beş il ərzində hotelin 1400-dən çox otağını təmir edir. Nəticədə xarabalıqdan lüks hotel yaradır. Onun başqa belə layihəsi “Grand Hyatt Hotel”lə bağlı olur. 1983-cü ildə “Trump Tower” layihəsini təhvil verir. Getdikcə Donald "Nyu-Yorku yeniləyən adam" statusunu qazanır. 80-ci illərin ortasında Nyu-Yorkun abadlaşdırılması istiqamətində ən nəhəng layihələri hazırlayır. 1990-cı ildə Adantik Sitidə inşa etdirdiyi "Tac Mahal Otel-Casino" ilə qumarxana işinə girişir. Bu zaman artıq onun sərvəti 4 milyard dolları keçmişdi. Maraqlıdır həmin ildə Donaldın banklara borcunun həcmi də az deyildi. İş adamının illik faiz ödəmələri 120 milyon dollar təşkil edirdi. Vəziyyət o həddə çatmışdı ki, Trampın özəl xərcləmələri nəzarətə alınmışdı. Və o illik 350 000 dollardan artıq vəsait xərcləyə bilməzdi. Lakin iş adamı proqnozların əksinə tezliklə özünə gəlir. Amerikada banklar, inşaat sektoru böyüdükcə D.Tramp da böyüyür. Artıq onun adı hər yerdə var idi. Hətta dükanlarda 27 dollara 30 santimetrlik oyuncaq Donald Tramp belə satılırdı. NBC telekanalında 2004-cü ildə yayımlanan "Çırak" adlı proqramındaki performansıyla reytinq rekordlarını qırır. İlk zamanlar hər verilişə görə 50 min dollar qonorar alsa da, sonradan bu məbləğ milyon dollara yüksəlir. “Gallup”un apardığı sorğuların nəticəsinə görə, o illərdə 12 yaşından yuxarı amerikalıların 98 faizi Donaldı tanıyırdı. Donald Tramp bu gün Hazırda Donald Tramp əmlak kralı hesab edilir. O, ABŞ-ın ən böyük tikinti şirkəti “Trump Organization”nun prezidentidir. Bundan başqa, bütün dünyada hotel və çoxsaylı kazino şəbəkəsinin idarəçisi olan “Trump Entertainment Resorts”un yaradıcısıdır. Sərvətinin həcmi 4,5 milyard dollar səviyyəsində qiymətləndirilir. Lakin “Forbes”in araşdırması bu yöndə ziddiyyətli rəqəmləri ortaya qoyur. Jurnalın iddialarına görə, Trampın Nyu-Yorkdakı göydələnlərinin dəyəri 2.18 milyard dollardır. Biznesmenin ABŞ, Şotlandiya və İrlandiyada 13 golf sahəsi var. Hansı ki bu sahələrin dəyəri 366.6 milyon dollardır. Bunlar hamısı deyil. Araşdırmada qeyd edilir ki, Tramp Nyu-Yorkda 100 milyon dollarlıq binaya, 2 milyon dollarlıq “Sikorsky” vertolyotuna, 55 milyon dollarlıq “Boeing 757” təyyarəsinə və bir ədəd xüsusi “Cessena 750” reaktivinə sahibdir. “Wall Street” jurnalı isə bildirir ki, Donald Trampın sərvətinin həcmi iş dünyasında sirli mövzulardan biridir. Özəl həyatı Milyarderin beş övladı, səkkiz nəvəsi var. Biznesmen üç dəfə evlənib. Birinci dəfə 1977-ci ildə çex əsilli İvane Zelniçkovoyla ailə qurub. Onun bu evlilikdən üç övladı dünyaya gəlib. Buna rəğmən, 1992-ci ildə Donald İvane ilə boşanıb. 1993-cü ildə Donald Marle Meyplzlə evlənib. Bu evlilikdən də milyarderin bir qızı dünyaya gəlib. Amma Marle ilə də münasibətlər uzun çəkməyib, 1999-cu ildə evliliyə son qoyulub. 2004-cü ildə Donald Sloveniyadan olan Melanie Knavsa evlilik təklif edib. Onlar 2005-ci ildə evləniblər. İş adamının Melaniedən bir oğlu var. Buna rəğmən, heç kəs onun bu evliliyinin son olduğunu söyləyə bilməz. Kitabları Donald Trampla bağlı daha bir maraqlı fakt onun “Böyük Düşün”, “Varlı Olmağınızı İstəyirik”, “Tramp 101” kitablarının müəllifi olmasıdır. Hər üç kitabda sətirlər bir nöqtəyə fokuslanır: Pulunuzu və müvəffəqiyyətinizi sizdən başqa kimsə əhəmiyyətli hesab edə bilməz. Əslində ondan böyük razılaşmaların, maliyyə tövsiyələrinin əksinin tapmadığı kitab gözləmək də sadəlövlük olar. Yeri gəlmişkən, Trampın “Böyük Düşün” kitabı digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, kitabda iş dünyası əyləncəli şəkildə izah edilib. “Varlı Olmağınızı İstəyirik” kitabında isə kifayət qədər biznes nəsihətləri yer alıb. Məsələn, kitabda bildirilir ki, bir adama balıq verərək onu bir gün bəsləmiş olarsınız. Həmin adama balıq tutmağı öyrədərək isə həyatı boyunca aç qalmamasını təmin etmiş olarsınız. Həyatınızı sevmədiyiniz bir işə sərf etməyin. Ehtiras sizə daha yaxşısını etdirər. İş həyatında müvəffəqiyyətli olmaq çox işləməkdən və yaxşı fikirlərə sahib olmaqdan daha çoxunu tələb edir. Dayanıqlı, özünə inamlı, maraqlı, elastik, ehtiraslı, səbirli olmanız və etdiyiniz işə aşiq olmağınız lazımdır. İndi bunu necə edəcəyinizi işin ustasından öyrənə bilərsiniz”. Nəhayət üçüncü kitabda “Tramp 101” iş adamı taktikalarını və strategiyalarını paylaşıb. Bunlar aşağıdakılardır: Sevdiyiniz işi tapın və onu edin Standartlarınız yüksək olsun Müzakirəyə qazanmaq üçün oturun Ədəbsiz deyil, dayanıqlı olun Problemləri, hətta fəlakətləri belə qızıla çevirin Hədəfinizə sıxlaşın Onu da qeyd edək ki, Donald Tramp öz işinə həddən artıq aludədir. Belə ki, o sutkada cəmi 3 -4 saat yatır. Hər gün sübh tezdən 5-də oyanaraq işə gedir. İşdə havadan və sudan, evdə isə işdən danışmağı sevmir. Baxmayaraq ki, ofisi ilə evi eyni göydələndədir. Ofisini tərk etməyi çox sevmir. Texnoloji alətlərdən istifadə etməyi də sevmir. E-mailin tənbəl işi olduğunu söyləyir. Hələ qəzet kəsib arxiv yığır. Uzun səfərləri və tətilləri sevmir. Əlindən telefon düşmür. Qadınlara və kişilərə kompliment demək mövzusunda ustadır. Eşitmək istəmədiyi söz “bu iş olmur!" sözüdür. Cavab vermək istəmədiyi zaman yalnız gülür. Yaxşı görülən işə "şeir kimi" deyir. Onu tənqid edənlərə "məni qısqanırlar, çünki zənginəm" deyə cavab verir. Satışa çıxarma işlərində Məhəmməd Əlini nümunə götürdüyünü söyləyir. Onun fikrincə, boks kimi bir idmanda "ən böyük mən" deyə markalanaraq özünü dünyaya satışa çıxarmanın çox çətindir. Donald Tramp mediadan qaçan iş adamlarından sayılmır. “Playboy” jurnalı da daxil olmaqla hər yerə reportaj verir.