20.06.2014.- Rus ordusu Ukraynaya hücuma hazırlaşır

20.06.2014.- Rus ordusu Ukraynaya hücuma hazırlaşır NATO baş katibi Andres Foq Ramsussen Rusiya ordusunun Ukrayna ilə sərhəddə qayıtdığını bəyan edib. Alyans rəhbəri bu faktı “məyusedici addım”, Rusiyanın Ukraynada baş verən qarşıdurmaya müdaxiləsini isə "yolverilməz siyasət" adlandırıb.

Mart ayında Rasmussen bildirmişdi ki, Rusiya Ukrayna ilə sərhəddə 40 min nəfərlik hərbi eşalon göndərib. O, bunu beynəlxalq qaydalara zidd olduğunu demişdi.

Bir müddət sonra isə Rusiya Müdafiə naziri Serqey Şoyqu hərbçilərin geri çəkilməsi barədə əmr vermişdi.

Lakin NATO-da hesab edirlər ki, son bir ay ərzində bu əmrin yerinə yetirilməsi barədə heç bir addım atılmayıb. Yalnız may ayında Rusiya prezidenti Vladimir Putinin analoji əmrindən sonra Qərb, hərbçilərin həqiqətən də daimi dislokasiya yerlərinə qayıtdığını bəyan edib.

İndi isə Qərb kəşfiyyatı 1000 nəfərlik hərbi birləşmənin Ukrayna ilə sərhədə qaytarıldığını aşkarlayıb.

“Biz yenidən görürük ki, Rusiya Ukrayna ilə sərhədində hərbi birləşmələrini gücləndirir. Hər halda sərhəd yaxınlığında bir neçə min hərbçinin dislokasiya olunduğundan xəbərdarıq. Bu, çox məyusedici addımdır. Əgər Rusiya bu üsulla Ukraynanın daxili işlərinə müdaxilə etmək niyyətindədirsə, dünya birliyi adekvat addım atmağa məcbur olacaq”, - deyə, Rasmussen bildirib.

Lakin, baş katibin sözlərinə görə, hərbi birləşmələr sərhəddə Ukraynaya silah-sursatın axınının qarşısını almaq üçün yerləşdirilibsə, bu, çox müsbət haldır. “Ancaq, təəssüflə bildirməliyəm ki, bu, xoş niyyətə bənzəmir”, - deyə, o fikrini çatdırıb.

NATO baş katibi eyni zamanda deyib ki, Rusiya Ukraynanın daxili işlərinə qarışmaqda və münaqişənin kəskinləşməsinə vasitəçi olmaqda davam etsə, dünya birliyi rəsmi Moskvaya qarşı daha ciddi sanksiyalar tətbiq etməyə məcbur olacaq.

“Ukrayna NATO-ya daxil olan ölkələr arasında olmasa da, biz məsləhətlər verəcəyik”,- Rasmussen bildirib.

Son günlər ərzində NATO Rusiyanın Ukrayna ilə sərhədə hərbi birləşmələr göndərdiyini müşahidə edir. Qeyd edilir ki, hərbçilər patrul və nəzarətlə məşğul olmur. “Elə təəssurat yaranır ki, onlar əmr gözləyirlər”, - deyə hərbi mənbədən bildirilir.






Fikirlər