Tiflisdə ETİRAZLAR: Hökumətə bir saat VAXT verildi

Gürcüstan parlamentinin binasının qarşısında Parlamentlərarası Pravoslavlıq Assambleyasına qarşı keçirilən aksiyada Rusiya Prezidenti Vladimir Putinin fotosu yandırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Etirazçılar təcili olaraq assambleyada iştirak edən rus deputat Sergey Qavrilovun ölkəni tərk etməsi gərəkdiyini bildiriblər.

Parlamentdə baş verən skandala boz kardinal Bidzina İvanişvili də reaksiya verib. O, vətəndaşların etirazlarını anladığını və onları dəstəklədiyini bildirib. İvanişvili rus deputatın parlamentdə spikerin yerində oturmasının qəbuledilməz olduğunu deyib. O, parlamentin sədri ilə bu məsələni müzakirə etdiyini, sərt mövqe ortaya qoyduğunu və ondan iclasın dərhal dayandırılmasını tələb etdiyini vurğulayıb.

***

Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.

Report xəbər verir ki, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib.






Fikirlər