İrəvandan sonra TİFLİS QAYNAYIR: Qafqazda NƏ BAŞ VERİR?

Bütövlükdə Gürcüstanda yeni bir rəngli inqilab baş verə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli gürcü milyarder Bidzina İvanişvilinin siyasətə qayıtmasının pərdəarxası məqamlarına aydınlıq gətirərkən deyib. O bildirib ki, bir neçə gündür ki, İvanişvilinin siyasətə qayıdacağı elan olunub:

Bu, Gürcü Arzusu Partiyası koalisiyasının başçısı İvanişvilinin qorxusundan irəli gəlir. Heç kimə sirr deyil ki, İvanişvili kölgədə fəaliyyət göstərən boz kardinaldır. Ölkənin idarəetmə işləri bütünlüklə onun göstərişi ilə həll olunur. Nə qədər demokratiyadan və demokratik dəyərlərdən danışsalar da, praktik olaraq, ölkədəki bankların və digər sərvətlərin bir çoxunu İvanişvili mənimsəyib. Qərb İvanişvilini Rusiyanın adamı kimi tanıyır və onu qəbul etmir. İndi İvanişvilinin əsas qorxusu ondan ibarətdir ki, Ermənistandan sonra Gürcüstanda da ara qarışar və onlar belə bir hadisə baş verəcəyi təqdirdə Saakaşvilinin də ölkəyə daxil olmasından ehtiyat edirlər. Doğrudur, Gürcüstan Qərbin bütün tədbirlərinə qatılır, Avropa Birliyinin assosiativ üzvüdür, NATO-nun proqramlarında iştirak edir. Buna baxmayaraq, İvanişvilinin hakimiyyətə gəlməsindən sonra Rusiya ilə münasibətlər yaxşılaşıb, ticarət əlaqələri yenidən fəaliyyətə başlayıb. Bir sözlə, İvanişvili Gürcüstanın qapılarını Rusiyaya açıb”.

Politoloq qeyd edib ki, Gürcüstanda İvanişvili ilə bağlı nələr düşünülür, dəqiq demək olmaz:

Görünür, İvanişvilinin boz kardinal kimi prezidentdən tutmuş baş nazirə qədər hamını idarə etməsi artıq Qərbi də narahat edir. Bu səbəbdən də Qərb İvanişviliyə qarşı müəyyən mövqe tutmağa başlayıb. Bu mövqe İvanişvilinin tamamilə Gürcüstan siyasi hakimiyyətindən uzaqlaşdırılması ilə də nəticələnə bilər. Amma indi izləri itirmək və Qərbin etimadını qazanmaq üçün İvanişvili faktik siyasətdə iştirak etmək, ən azından öz partiyalar koalisiyasına rəhbərlik etmək niyyətindədir. Buna baxmayaraq, İvanişvilinin Rusiya banklarında böyük həcmdə pulu olmasını, Gürcüstandakı bütün bankların onun əlində cəmləşməsini, ölkənin real, faktik idarəçisinin İvanişvili olduğunu Qərb çox yaxşı bilir. Buna görə də Qərb Gürcüstandakı prosesləri daha birmənalı və şəffaf etməyin planları üzərində düşünür. Bu sarıdan da İvanişvili ölkədə siyasətə keçib, siyasi proseslərin iştirakçısı kimi görünmək istəyir. Amma hər halda İvanişvili indiyə qədər etdiyi əməllərin izini itirə bilməyəcək”.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında gürcü milyarder Bidzina İvanişvilinin siyasətə qayıdacağını bildirib. Saakaşvili isə Gürcüstana qayıtmaq niyyətini ortaya qoyub.

Hər iki açıqlamanın İrəvan olayları ilə üst-üstə düşməsi diqqəti çəkib.






Fikirlər