Saakaşvilidən ÇAĞIRIŞ: “Gürcüstan DAĞILIR, 2018-ci İLDƏ...”
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş lideri Mixail Saakaşvili “Vahid Milli Hərəkat"ından olan partiyadaşları bu il hakimiyyətə qayıtmağa çağırıb. Publika.az xəbər verir ki, bu haqda siyasətçinin videomüraciətinə istinadən “Gürcüstan Online” bildirib. Onun sözlərinə görə, Gürcüstanda vəziyyət güclü şəkildə pisləşib. “Gürcüstan dağılma təhlükəsi qarşısında dayanır. İvanişvili (keçmiş baş nazir, milyarder Bidzina İvanişvili – red.) bizi ikinci yer üçün mübarizə aparmağa itələyir ki, biz bu hörmətli mükafatdan məmnun olaq. Amma bizim məqsədimiz Gürcüstanda hakimiyyətə qayıdışdır və biz artıq 2018-ci ildə qayıtmalıyıq. Bunu necə həyata keçirmək lazımdır? Biz prezident seçkilərini udmalı və İvanişvili hökumətini dağıtmalıyıq”, - Saakaşvili bildirib. Daha əvvəl Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, Saakaşvilini əfv etmək niyyəti yoxdur. Qeyd edək ki, keçmiş dövlət başçısı Gürcüstanda bir sıra cinayətlərdə, o cümlədən 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.