Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir


Cari ilin aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Cənubi Qafqaz Azərbaycanın aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malik olduğu reallıqlarına bir daha diqqət yönəldildi.

Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulımasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Ölkə Prezidenti cənab İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır.
Forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.
Forum zamanı çıxış edən dövlət başçısı cənab İlham Əliyev yeni dünya nizamında Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmağın kifayət olduğunu vurğalayaraq qeyd etmişdir: “Bu məsələ qismən yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir”.
Əlbəttə ki, söhbət yeni dünya nizamının formalaşmasından gedirsə, hər bir ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi nəzərdən keçirməsi əsas şərtlərdən biridir. Forum çərçivəsində rəylərdə bu məqam xüsusi qeyd olundu ki, qlobal miqyasda Azərbaycanın rolunu görmək olduqca vacibdir. Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir. Azərbaycan Avropa və Asiya arasında, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşir. Ölkəmiz dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanın qlobal sülhə töhfələri təqdir edilir.
Bir sözlə, Ölkə başçısının bu forumda səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin qlobal çağırışlara verdiyi adekvat cavab, müasir siyasətin dərin analizi və milli maraqların qətiyyətli müdafiəsi idi. Azərbaycan beynəlxalq hüququn və ədalətin tərəfdarı olaraq, yeni dünya nizamında öz haqq səsini daim ucaldır və regionda sabitlik, inkişaf, tərəqqi modelini uğurla təqdim edir.

Reyhan AĞAYEVA,
ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı,

kimya üzrə fəlsəfə doktoru, dosent






Fikirlər