"Biz Rusiyanın yeni ərazilərini təkcə dostluğumuz naminə deyil, tarixi ədalət naminə tanıyırıq..."
"Hər iki diktator beynəlxalq terrorçuluqla birgə mübarizəsindən danışıb, terrorçu dövlətin paytaxtında bu, "çox yerinə düşüb"
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, onun ölkəsi Rusiyanın yeni sərhədlərini tanıyır. Bu zaman o, Ukraynanın işğal edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini nəzərdə tutub.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Bu məsələ bizim üçün əvvəlcədən aydındır və biz öz mövqeyimizdə tərəddüd etməyəcəyik", - Əsəd əmin edib və qeyd edib ki, Suriya Ukraynanın işğal edilmiş ərazilərini "təkcə Rusiya ilə dostluq naminə deyil, tarixi ədalət naminə" tanıyır.
"Onlar Ukraynaya, ola bilsin ki, 100 il öncə verilib. Düşünürəm ki, bu, Leninin dönəmində baş verib", - Suriya hakimi Putinin tarixi fantaziyasını olduğu kimi təkrarlayıb.
"Mən deyirəm ki, bu, Rusiyanın əraziləridir, hətta müharibə baş verməsəydi belə, bu, tarixən Rusiya əraziləridir", - Əsəd bir daha təkrarlayıb. Axı, onun Suriyada hakimiyyəti yalnız Rusiyanın hərbi yardımı və demək olar ki, ölkənin tamamilə dağıdılması sayəsində bərqərar olub.
Bəşər Əsəd Moskvaya səfəri zamanı Rusiya hakimi Vladimir Putinlə üç saatlıq görüşü baş tutub.
Maraqlıdır ki, diktatorlar müharibədən və
beynəlxalq terrorçuluqla, guya, birgə mübarizədən danışıb. Terrorçu dövlətin paytaxtında bu, "çox yerinə düşüb".
Putin həm də ötən il bir neçə sanksiyalar paketindən sonra Rusiya və Suriya arasında ticarət dövriyyəsinin 7 faiz artması ilə öyünüb.
Öz növbəsində Əsəd ukraynalıların Rusiya tərəfindən soyqırımına və Ukraynada "xüsusi hərbi əməliyyat"a tam dəstək verib.
Rusiya Əsəd rejiminin əsas müttəfiqidir, ona hərtərəfli, o cümlədən BMT-dəki opponentlərinə müqavimət göstərilməsində dəstək verir.
Kreml Əsədə müxalifətin nəzarətində olan ərazilərin xeyli hissəsinin geri qaytarılmasına yardım edib. Bunun üçün düşmən qüvvələrinə və Əsəd rejiminin nəzarətində olmayan rayonlara hava borbardmanlarından istifadə edilib.
Əsədin Moskvaya səfəri Suriyada təxminən 500 min adamın həyatına son qoyan müharibənin 12-ci oldönümünə təsadüf edir. Praktiki olaraq əhalinin yarısı ölkəni tərk edib. Rusiya ordusu Əsəd rejimini tamamilə dəstəkləyib.