"Məhkəmə iclasçıları Donald Trampa qarşı ittihamları təsdiq edib və o, məhkəmə qarşısına çıxarılacaq..."
"Ondan əl izləri götürüləcək, anfas və profildən şəkli çəkiləcək, sonra iş üzrə ilk dinləmə keçiriləcək..."
Donald Tramp, görünür ki, tarixdə barəsində rəsmən cinayət işi açılan ABŞ-ın ilk eks-prezidenti olacaq.
Manhetten iclasçılarının Böyük münsiflər heyəti Donald Trampın onunla sevgi macərası yaşadığını iddia edən pornoaktrisaya susması müqabilində 130 min dollar ödəmə barəsində işlə bağlı ittihamın təsdiq edilməsinə səs verib.
Növbəti mərhələ bu işə məhkəmədə baxılması olacaq, prodedur qaydalarına uyğun olaraq müttəhim iclasa qandallarda gətirilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Pornoulduz Stormi Denielsə (əsl adı Stefani Kliffirds) susması müqabilində pullar ödənilməsi Trampa qarşı bir neçə araşdırmanın yalnız biridir.
Sabiq prezidentə qarşı, o cümlədən biznesdə dələduzluq hərəkətləri daxil olmaqla, 30-dək ittiham irəli sürülüb. Bunu CNN məlumatlı mənbələrə istinadən məlumat verib.
Əsas ittihama gəldikdə, iş materiallarına görə, 2016-cı il seçkilərindən öncə Tramp vəkili vasitəsilə Stormi Denielsə onunla doqquz il əvvəl baş vermiş seks barəsində susması üçün 130 min dollar ödəyib.
Özlüyündə bu ödəniş qanunsuz olmayıb, lakin o, Trampın öz vəkilinə hüquq xidmətlərinə görə ödənişi kimi rəsmiləşdirilib ki, bu da Nyu-York ştatında hesabat saxtakarlığı hesab edilir və cinayət qaydasında cəzalandırılır.
Vəkil Maykl Koen 2018-ci ildə buna görə üç il həbs cəzası alıb, lakin o zaman prezident postunda olan Trampa qarşı rəsmən ittihamlar irəli sürülməyib.
Stormi Deniels Trampla münasibətləri barədə hələ 2011-ci ildə müsahibəsində danışıb. Tramp, əksinə, pornoulduzla seks yaşadığını qəti şəkildə inkar edir.
İndi isə, iclasçıların qərarından sonra, Manhetten dairə prokuroru Elvin Breqqin rəsmən Trampa qarşı ittiham irəli sürəcəyi gözlənilir.
Floridada yaşayan Trampa, ehtimal ki, Nyu-York məhkəməsinə gəlməsi tələb ediləcək və orada rəsmən həbs ediləcək.
Cinayət işlərində şübhəli bilinənlərin hamısında olduğu kimi, ondan əl izləri götürüləcək, anfas və profildən şəkli çəkiləcək, sonra isə iş üzrə ilk dinləmə keçiriləcək.
Amerika KİV-ləri dəqiqləşdirib ki, sabiq prezident Donald Tramp artıq çərşənbə axşamı məhkəmə qarşısında dayanacaq. Məhkəməyə hakim Xuan Merçan sədrlik edəcək, CNN məlumat verib.
Bundan öncə məlumat verilib ki, Donald Tramp ona qarşı aparılan istintaq hərəkətlərini "Stalin Rusiyasının dəhşətləri" adlandırıb.
Bu yaxınlaradək Ağ evin rəhbəri postu uğrunda mübarizə aparmaq niyyətində olan ABŞ-ın 45-ci prezidenti bu bəyanatla martın 25-də Texasın Ueyko şəhərində seçicilərlə görüşündə çıxış edib. Bu barədə "Reuters" agentliyi yazıb.
"Bayden rejimi hüquq-mühafizə orqanlarından öz siyasi opponentlərinə qarşı silah kimi istifadə edir. Bu, büsbütün Stalinin dəhşətli şoularına bənzəyir...
Lap əvvəlcədən bu, əcinnə ovu və bir-birinin ardınca saxta araşdırmalardır", - bunu Tramp əllərində "Əcinnə ovu" yazılan plakatlar tutan tərəfdarları qarşısında çıxış edərək deyib.