BMT Baş Assambleyası İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə zonasında təcili humanitar atəşkəs, habelə heç bir şərt qoyulmadan bütün girovların azad edilməsi tələbi ilə qətnamə qəbul edib.
Qaynarinfo xəbər verir ki, qətnamənin lehinə Azərbaycan da daxil olmaqla 153 ölkə səs verib. Buna qarşı 10 ölkə (Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ) çıxış edib. Daha 23 dövlət, o cümlədən Ukrayna, Böyük Britaniya, Almaniya, İtaliya, Macarıstan, Argentina və Gürcüstan bitərəf qalıb.
Qəzza zolağında mülki fələstinlilərin ağır vəziyyəti ilə bağlı qətnamə Misir (BMT-də Ərəb Qrupuna sədrlik edir) və Mavritaniya (İslam Əməkdaşlıq Təşkilatı ölkələri qrupuna sədrlik edir) tərəfindən hazırlanıb. Müəlliflər sənədin sırf humanitar olduğunu dəfələrlə vurğulayaraq, onun siyasiləşdirilməsini istəməyiblər.
Sənədin mətninə görə, BMT Baş Assambleyası "dərhal humanitar atəşkəs”, həmçinin "bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini və humanitar yardımın təmin edilməsini” tələb edir. Mətn bütün tərəflərdən beynəlxalq humanitar hüquq çərçivəsində, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəliklərə əməl etməyi tələb edir.
Cümə günü eyni tələbləri əks etdirən qətnamə BMT Təhlükəsizlik Şurasında bloklanıb. Təhlükəsizlik Şurasının 13 üzvü sənədi dəstəkləyib, ABŞ onun əleyhinə səs verib, Britaniya isə bitərəf qalıb.
BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq, Baş Assambleyanın qətnamələri hüquqi qüvvəyə malik deyil.