Trampdan Baydenə sərt tənqid | Ölkəni 3-cü Dünya müharibəsinə aparır
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı Prezident Cozef Baydeni “İrana nüvə proqramını inkişaf etdirməyə icazə verdiyinə” görə tənqid edib. Bu fikirləri sabiq prezident ölkənin “Fox” telekanalına verdiyi müsahibəsində səsləndirib. O əlavə edib ki, İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq: “Onlar nüvə silahı əldə etdikdən sonra bu, tamam başqa danışıqlar, tamam başqa sövdələşmə şərtlərini ortaya qoyacaq. C.Bayden isə bunun üçün bütün əsasları yaratdı. İndi İran çox zəngin ölkəyə cevrilib. Onlar İraqa nəzarət edə bilirlər. Ümumiyyətlə, C.Baydenin yanlış qərarlarından söz düşmüşkən, İranın İraqa nəzarət etməsinə imkan yaratmaq axmaqlıq idi. Mən C.Baydenə dəfələrlə dedim ki, həmin ərazilərdə neft və yanacağı gözdən buraxma. O nə etdi? Səhvə yol verdi. C.Baydenin xarici siyasəti ölkəni III Dünya Müharibəsinə aparır”. Müsahibə zamanı o, yenidən prezident seçiləcəyi təqdirdə hansı tipli islahatlar aparacağı, ölkəni necə idarə edəcəyi barədə də danışıb və yeni ideyalara sahib olduğunu bildirib.