İsmayıl Haniyənin 4 ay öncə 3 oğlu, 4 nəvəsi qətlə yetirilmişdi
Tehranda terrora qurban gedən İsmayıl Haniyənin ailəsi də yaxın zamanlarda sözün həqiqi mənasında qətliama məruz qalmışdı. Belə ki, bu ilin aprelin 10-da İsrail ordusu Qəzza şəhərinin qərbində yerləşən Əş-Şati Qaçqınlar Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən İsmayıl Haniyə ailəsinin çoxlu üzvünün olduğu avtomobili atəşə tutub. Hücumda 3 oğlu və 4 nəvəsini itirən Haniyə "övladlarının Qəzzanı tərk etmədiyini, Qüds və Məscidül-Əqsanın azad edilməsi üçün canlarını fəda etdiyini" demişdi. İsrail ordusunun Fitr bayramında təşkil etdiyi hücumda yaralanan Haniyənin nəvəsi Mələk Haniyə də müalicə olunduğu xəstəxanada sonradan dünyasını dəyişdi. İsrail mətbuatının verdiyi məlumata görə, "sui-qəsd İsrail ordusu və kəşfiyyatının əməkdaşlığı ilə həyata keçirilib”. /Musavat.com