ABŞ Ukraynaya hərbi yardımı dayandıra bilər – Kiyev hansı silahlardan məhrum olacaq?
ABŞ administrasiyası Co Baydenin prezidentliyi dövründə planlaşdırılan Ukraynaya hərbi yardımı dayandıra bilər. “AzPolitika” xəbər verir ki, “Defense Express” nəşiri bu yardımın məbləğini müəyyənləşdirməyə çalışıb. Qeyd olunur ki, 2024-cü ilin dekabr ayının əvvəlində, Ağ Ev Ukraynaya şərti olaraq silah yardımı vəd edərkən, USAI proqramı çərçivəsində yardım üçün 2,2 milyard dollar vəsait qalmışdı. Bu proqram silahların istehsalçılardan sifariş edilməsi prinsipinə əsaslanır. Bundan əlavə, 2024-cü ilin büdcəsində nəzərdə tutulan PDA proqramı çərçivəsində, yəni Pentaqonun ehtiyatlarından silah verilməsi üçün 3,3 milyard dollar vəsait mövcud idi. “PDA ilə bağlı isə Co Bayden bütün vəsaiti ayıra bilmədi. 9 yanvarda ABŞ 500 milyon dollar məbləğində son yardım paketini ayırdı, lakin 1,05 milyard dollar vəsait istifadə olunmadı. Bundan əlavə, 2023-cü ilin yayında aşkar edilən mühasibatlıq səhvi nəticəsində geri qaytarılan 2,8 milyard dollar vəsait də hələ istifadə olunmayıb”, - deyə qeyd olunur. Eyni zamanda qeyd olunur ki, USAI üzrə bütün vəsaitlər 2024-cü ilin sonuna qədər xərclənib – 30 dekabrda bu proqram çərçivəsində son yardım paketi ayrılıb. Ekspertlər bildirirlər ki, Ukrayna son iki ay ərzində Pentaqonun ehtiyatlarından təxminən 2,3 milyard dollar dəyərində silah almalı idi. Bu paketlərdə artilleriya və raket sistemləri, hava hücumundan müdafiə vasitələri, tank əleyhinə silahlar və digər sursatlar var idi. Lakin ekspertlər hesab edirlər ki, kağız üzərində nəzərdə tutulan bu yardımların hamısı hələ tam şəkildə çatdırılmayıb. Onların fikrincə, USAI proqramı çərçivəsində silah tədarükünün dayandırılması daha ciddi bir təhlükədir. Qeyd olunur ki, 2022-ci ildən bəri USAI proqramı vasitəsilə Ukraynaya təxminən 30 milyard dollar həcmində silah tədarük edilib və bu, ümumi 65,9 milyard dollarlıq yardımın bir hissəsidir. “Bu kontraktların icrası 2026-cı ilə, bəlkə də 2027-ci ilə qədər planlaşdırılıb. Lakin USAI çərçivəsində bağlanan müqavilələrin hansı hissəsinin artıq icra edildiyi hələ məlum deyil”, - ekspertlər bildirirlər. Bildirilib ki, bu proqram çərçivəsində artilleriya, raket, zenit və digər sursatların alınması üçün təxminən 10 milyard dollar xərclənib.