“Charlie Hebdo”dan dünyanı alt-üst edəcək karikatura
Jurnal yeni nəşrinə hazırlaşır.
ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, jurnal bu dəfə üz səhifəsində “Terrorçu Allah” karikaturasını nəşr edəcək. Ağ-qara şəkildə uzun ətəkli paltar geyinmiş ağsaçlı kişi təsvir edilib. Onun kürəyində avtomat Kalaşnikov göstərilib, saqqalı, üst-başı isə qan ləkələrinə boyanıb. Şəkilaltı söz kimi isə bunlar yazılıb: “Bir il keçib, amma qatil hələ azadlıqdadır”.
"Charlie Hebdo"nun xüsusi nömrəsi üçün hazırlanan karikatura
Karikaturanın müəllifi jurnalın redaktoru Loran Surissodur. Jurnal bu nömrəni redaksiyaya hücumun ildönümü münasibətilə hazırlayır. Jurnalın xüsusi nömrəsi çərşənbə günü nəşr ediləcək. Bazar ertəsi isə artıq BFM TV telekanalında bu barədə məlumat verilib.
Fransada artıq nəşrin əməkdaşlarını belə şəkil çəkdikləri üçün tənqid ediblər. İslamafobiya ilə Mübarizə Milli Mərkəzinin rəhbəri Abdulla Zəkri bu karikaturanı yaradanları qınayıb. O bildirib ki, şəklin müəllifləri terrorizmi pisləməkdən daha çox ümumi dinə qarşı çıxırlar. “Mən xatırlatmaq istərdim ki, biz həmin vaxt terror hücumunu pisləyərək dəstək olduq, nümayişlərə çıxaraq birliyimizi göstərdik. Fikrimcə, bu redaksiya məqaləsi dinə qarşı çox qəddar və təhqiredici addımdır”, - deyə islam dininin təmsilçisi vurğulayıb.
Bir il bundan əvvəl 2015-ci il yanvarın 7-də “Charlie Hebdo” jurnalının Parisin mərkəzində yerləşən redaksiyasına hücum edilmişdi. “Əl-Qaidə” təşkilatında hazırlanan Səid və Şərif Kuaşi qardaşları binaya daxil olaraq atəş açıblar. Hücum nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfərsə yaralanmışdı. Ölənlər arasında nəşrin baş redaktoru Stefan Şarbonye də olmuşdu. Terrorçularsa iki gün sonra fransız əməliyyatçıları tərəfindən tutularaq məhv edilmişdi.
Şahidlərin sözlərinə görə, silahlılar ərəbcə "Məhəmməd peyğəmbərin qisasını aldıq. Allah böyükdür", - deyə qışqırıblar.
Bu jurnal dəfələrlə Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar yaymaqla müsəlman aləmini qıcıqlandırıb.
Amma araşdırmalara görə, jurnal redaksiyasına hücumdan əvvəl “Charlie Hebdo”nun sonuncu “Dekabr 2014-Yanvar 2015” sayı Milad bayramına (İsanın doğulması) həsr olunub və orada xristianların da peyğəmbəri, eləcə də onun anası Məryəmi təhqir edən karikatura dərc olunub. Bu karikatura da Fransada narazılıqla qarşılanıb.
Jurnalın sonuncu sayının işıq üzü görməsindən cəmi bir neçə gün sonra isə məlum terror aktı baş vermişdi.
“Charlie Hebdo” jurnalı tək müsəlmanlara qarşı deyil, mütəmadi olaraq müxtəlif hadisələr, terror aktları ilə bağlı qeyri-adi karikaturaları ilə də gündəmə gəlib. Məsələn, nəşrin 2015-ci il noyabrın 14-də Parisdə 129 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror faciəsi ilə bağlı yaydığı karikatura ölkədə birmənalı qarşılanmamışdı. Şəkildə şampan şərabı içən fransız təsvir edilib, onun içdiyi şərab isə bədənindəki çoxsaylı güllə deşiklərindən tökülür. Şəkilin altına isə yazılıb: “Onlar silahlarla gəlmişdi. Qoy rədd olsunlar, bizimsə şampanımız var”.
"Charlie Hebdo"nun Fransadakı terror faciəsinə həsr etdiyi karikatura
Rusiyaya məxsus A 321 təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğraması ilə bağlı da jurnal karikaturalar nəşr etmişdi. Nəşr həmin vaxt kəskin tənqidlərə məruz qalmışdı. Rusiyanın da sərt münasibətindən sonra jurnal bu mövzuda başqa bir şəkil nəşr etmişdi.
"Charlie Hebdo"nun A 321 təyyarə qəzası ilə bağlı karikaturası
Göründüyü kimi, “Charlie Hebdo” satirik jurnalı populyarlığını saxlamaq üçün zaman-zaman insanların, eləcə də dövlətlərin heysiyyatına toxunmaqdan əl çəkmir. Satira adı altında ən faciəli hadisələrdə belə yumor axtarmaqla nəşr öz imicini zədələsə də, mövcudluğunu qoruyub saxlayır. Xüsusi nömrələrində Allahı terrorçu kimi görən fransız satiriklər bununla guya bir il əvvəl baş verən terroru qınamaq niyyətlərini ortaya qoyur. Amma yenidən müsəlmanların dinini təhqir etməklə yeni nifaqın başlanğıcını qoyduqlarının da, yəqin ki, fərqinə varırlar.