“Əsədə dəstək verən dövlətlər onun cinayətlərinə ortaq olur” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Suriya prezidenti Bəşər Əsədə siyasi və hərbi dəstək verən Rusiya və İranı sərt tənqid edib.APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan “Sumitomo Rubber Ako” təkər fabrikinin açılış mərasimində çıxış edərkən bildirib ki, Suriyada dövlət terroruna dəstək verən dünya ölkələri bu cinayətə ortaqdır. O qeyd edib ki, Suriya məsələsinə düzgün yanaşma olmadıqca bu problem bütün dünyanı öz içinə alan bir girdaba çevrilir: “Dünyanın bəzi ölkələri dövlət terroru həyata keçirən Bəşər Əsədə dəstək verməklə tarixin bağışlamayacağı ölkələrə çevrilirlər”.
R. T. Ərdoğan Türkiyə üçün PKK, PYD YPG, DHPKC və İŞİD terror təşkilatlarının heç bir fərqinin olmadığını, bəzilərinin isə PKK və DHPKC kimi təşkilatları “təmiz” göstərməyə çalışdıqlarını vurğulayıb: “İŞİD-in Suruçda partlatdığı bomba ilə PKK-nın Qaziantepdə partlatdığı bomba arasında nə fərq var? İŞİD bombaları ilə ölənlər insandır, PKK-nın bombaları, raketləri, silahları ilə ölənlər insan deyilmi? Terror təşkilatlarından birinin fəaliyyətinə səssiz qalıb, digər terror təşkilatına qarşı səsini qaldıran kim varsa, terrorun yanında yer alır. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə apardığı bir dövrdə olaylarda dövlətin və mənim məsuliyyət daşıdığımı deyənlər bu terror təşkilatları ilə eyni cərgədədirlər”.