NATO “PATRİOT” raketlərini Türkiyəyə qaytarır

 

 

bitmap-img6


ABŞ isə Gürcüstan-Ermənistan sərhədini möhkəmlətmək qərarı verib; Azərbaycan ətrafında hərbi durum ağırlaşır; Qarabağ münaqişəsi zonasında yeni erməni təxribatları da istisna deyil; rusiyalı analitik: “Putin – müharibə bəhanəsi axtarır...”

 

 
Rusiyanın hərbi təyyarəsinin növbəti dəfə NATO üzvü Türkiyənin hava məkanını pozması bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib, yeni və daha təhlükəli bir situasiya yaradıb. 
Maraqlıdır ki, NATO və Pentaqonun da fiksə etdiyi son insidenti Moskva israrla danır, üzr istəməkdən yayınır.
Ekspertlər bunu iki mümkün səbəblə izah edirlər - ya Kreml qəsdən növbəti belə təhlükəli “insident” hazırlayır, yəni təxribatı davam etdirmək, Türkiyə və NATO-nun əsəblərini yoxlamaq məqsədi güdür, ya da gündəmi müharibə mövzusu ilə dəyişməklə ölkə ictimai rəyini son vaxtlar ağırlaşan iqtisadi durumdan yayındıracağını hədəfləyib.
Bütün hallarda Ankara gözlənildiyi kimi, olaya adekvat və çox sərt reaksiya verib: Rusiya səfiri XİN-ə çağırılıb, silahlı qüvvələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib, Hərbi Hava Qüvvələrinə siyasi qərarı gözləmədən dərhal növbəti sərhəd pozucularını məhv eləmək göstərişi verilib.
24 noyabr insidentinə görə revanş istəyi ilə alışıb-yanan və Suriyadakı planları dalana girən Kremlin müəmmalı davranışını da bura əlavə eləsək, baş verənlər potensial Rusiya-Türkiyə, deməli, həm də Rusiya-NATO müharibə risklərini artırır. Təsadüfi deyil ki, bu arada vəziyyətin dramatikliyini nəzərə alan NATO 3PK “Patriot” raket sistemlərini təzədən Türkiyəyə qaytarmaq qərarı verib. Bundan əlavə, Alyans yerli HHM sistemini dəstəkləmək üçün öz təyyarələrini Türkiyəyə göndərməyi planlaşdırır.
Bundan əvvəl NATO “Patriot”ları təkrar Türkiyə ərazisində yerləşdirməyi istisna eləməmişdi. Xatırladaq ki, bu sistemlər 2012-ci ildə Suriya tərəfdən Türkiyə ərazisinin atəşə məruz qalmasını önləmək üçün Ankaranın xahişi ilə yerləşdirilmişdi. Lakin keçən il onlar Türkiyədən çıxarılıb. 
Bundan az sonra 24 noyabr olayı baş verib - rus hərbi təyyarəsi vurulub. Rusiya isə buna cavab olaraq, Suriyada - Türkiyə sərhədinə yaxın ərazidə S-400 sistemlərini yerləşdirib, rus döyüş təyyarələrini isə havada “hava-hava” tipli raketlərlə silahlanmış qırıcılar müşayiət edir.   
*** 
Son proseslər bölgədə Rusiyanın hansısa yeni təxribat planına hazırlıq içində olması şübhələrini gücləndirib. Ötən saylarımızda Moskvanın axır vaxtlar NATO üzvlüyünə xeyli yaxınlaşmış Gürcüstana qarşı da terror ittihamları səsləndirdiyini qeyd eləmişdik ki, bu da öncəki qənaəti gücləndirir. 
Dünən isə bəlli olub ki, ABŞ Gürcüstanın Ermənistanla sərhədinin möhkəmləndirilməsi üçün Tiflisə 10 milyon dollar ayırıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq saziş Tiflisdə Gürcüstanın Sərhəd Polisi ilə ABŞ-ın Hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.
Anlaşma əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. İlk növbədə “Qasımlı” və “Keda” sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.
Bu da hər şeydən öncə ondan xəbər verir ki, ABŞ Rusiyanın öz forpostu Ermənistan ərazisindən Türkiyə ilə yanaşı, Gürcüstana da real təhlükə yaratmaq ehtimalını ciddi qəbul edir. Maraqlı məqam həm də odur ki, gürcü-erməni sərhədini möhkəmlətmək haqda sənəd müdafiə naziri Tinati Xidaşeli İrəvanda olarkən imzalanıb.
Yada salaq ki, Gümrüdəki  102 saylı Gümrü hərbi bazasından Tiflisə cəmi bir neçə saatlıq məsafə var. Bazada 5 minə yaxın rus hərbçisi qulluq edir. Bazanın şəxsi heyəti keçən ildən etibarən peşəkar hərbçilərlə (muzdlularla) komplektləşdirilməyə başlayıb. Baza həmçinin, ən müasir silahlar, döyüş maşınları və sistemləri ilə təchiz olunmaqdadır.
***
 Sergey Dorenko
Putinin təhlükəli müharibə planlarının mümkünlüyünü artıq praqmatik fikirli və vicdanlı rus şərhçilər də mümkün sayır və bunun ağır nəticələri barədə indidən xəbərdarlıq edirlər.
“Rusiyalı jurnalist Sergey Dorenko həyəcanlı səslə Kremlin şirin arzusunu artıq səsləndirib - ”Biz Türkiyə ilə müharibəyə uçuruq". Onlar - uçurlar. Qırğılar kimi. Aqressiv avantüristlərin hərbi fantaziyalarını bədəlini isə rus xalqı ödəyəcək. Elə rus-türk cəbhələrində həlak olmaq da onluq olacaq. “Ali baş komandanın” (Putinin -red.) qızlarını siz nə səngərlərdə, nə də sanitar-tibb batalyonlarında görəcəksiniz. Eynən qalmaqallı Çaykanın (Putinə yaxın olan baş prokuror - red.) oğlanlarını da". 
Aleksandr Sotnik
Belə bir fikri tanınmış rusiyalı jurnalist Aleksandr Sotnik özünün “Apastrof”dakı məqaləsində yazıb. Məqalədə daha sonra deyilir: “Vaxtilə mənə müsahibəsində politoloq Andrey Piontkovski belə bir söz demişdi ki, ”Putin - müharibəyə zəmanət deməkdir". Bu həqiqətdir. Putinin aqressiyası məntiqli şəkildə, spiralvari inkişaf edir. Gürcüstan, Ukrayna, Suriyadakı “məşqlər” və nəhayət, Türkiyə ilə toqquşma istəyi. Niyə toqquşma istəyi? Çünki Türkiyə NATO blokunun üzvüdür. Onunla döyüşmək - Kremlə Şimali Atlantika alyansının özünəməxsus “buferi” ilə vuruşmaq kimidir. Bu zaman təbliğat ritorikasında o saat “çürümüş Qərblə döyüşən böyük Rusiyanın qüdrəti” kimi söz birləşmələri peyda olacaq, nədən ki, məhz Putin Rusiyası “mənəviyyatsiz Amerika və Avropaya qarşı dura, özünə ikinci siyasi qütb rolunu qaytara bilər”. Putin çoxdan “ikiqütblü dünya” kimi sərsəm ideya ilə yaşayır və o, mütləq özünün kommunist-çekist keçmişindən qaynaq götürən fantaziyaları reallaşdırmağa çalışacaq". 
Məqalədə ardınca deyilir: “Bundan sonra da Rusiyanın təyyarə təxribatlarının davam edəcəyinə kimsə şübhə eləməsin. Günün birində Türkiyə daha bir rus təyyarəsini və ya ikisini vuracaq - bu, artıq önəmli deyil. Moskva dərhal Ankaraya müharibə elan edəcək. Axı yalnız müharibə ilə ölkədəki vəziyyətin pisləşməsinin əsl səbəbini xalqa izah eləmək olar. Daha sonra  daxildə rejim əleyhdarlarının ovu başlayacaq. Bir sözlə, çekistlər elə-belə, rahatlıqla hakimiyyətdən getməyəcəklər. Onlar Qərbin əsəblərini Türkiyə ilə toqquşmalarla tarıma çəkməklə eyni vaxtda hələ bir az da öz xalqının qanını içəcəklər...”
*** 
Göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil. Havadan barıt qoxusu, müharibə iyi gəlir. Bölgə və ətrafında gedən son həyəcanlı proseslər isə təbii ki, Azərbaycanı da maksimum diqqətli olmaq, qardaş ölkə ilə sinxron siyasət yürütmək, ən önəmlisi, Dağlıq Qarabağ münaqişəsi zonasında erməni təxribatlarına uymamaq zorunda qoyur. Çünki ən həssas durum əslində indi Qarabağ konflikti zonasındakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədindədir. Moskvanın “Qarabağ kartı”nı daim ehtiyatda saxladığı heç vaxt yaddan çıxarılmamalıdır.  (musavat.com)

 






Fikirlər