TÜRKİYƏ-Rusiya müharibəsi olsa, KİM qazanacaq?- BU SUALA ən doğru cavabı Putinin beyni verəcək
Rusiya Xarici İşlər Nazirliyi Avropa Əməkdaşlıq Dairəsinin rəhbəri Andrey Kelin “NATO-nun hava sahəsi” deyilən bir anlayışın olmadığını irəli sürüb. Azərtaym.az Strateq.az-a istinadən xəbər verir ki, o, “RİA Novosti” agentliyinə açıqlamasında ilk dəfə belə bir söz eşitdiyini və bundan heyrətləndiyini bildirib. Xatırladaq ki, NATO-nun baş katibi Cens Stoltenberq bütün xəbərdarlıqlara baxmayaraq, rus döyüş təyyarələrinin Türkiyə hava sahəsini pozduğunu demiş və Rusiyanı məsuliyyətli olmağa, NATO-nun hava sahəsinə hörmət göstərməyə çağırmışdı. Görünür, NATO yetkilisinin bu fikrini qəbul etməyən Andrey Kelin hərbi ittifaqların yox, yalnız dövlətlərin hava sahəsi olduğunu tərəf-müqabilinə xatırlatmaq istəyib. Rus diplomatının beynəlxalq hüquq baxımından nə qədər haqlı olub-olmadığı məsələnin bir tərəfidir. Xüsusilə, son zamanlar hüquq deyilən nəsnə güclülərin əlində rezin kimi istənilən tərəfə çəkilən elastik anlayış olduğundan, bu barədə baş yormaq istəmirik. Bizi maraqlandıran məsələ Kelinin bu açıqlamasında Kremlin qardaş ölkəylə bağlı gizlənmiş niyyətidir. Andrey Kelinin mövqeyindən belə anlaşılır ki, Rusiya Türkiyəyə hava hücumu edərsə, NATO-nun buna laqeyd qalacağına inanırmış. Odur ki, cənab Cens Stoltenberqin məlum açıqlamasını eşidəndə təəccüblənib. Məsələyə bu aspektdən yanaşanda, Rusiya təyyarələrinin Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, dəfələrlə hava sərhəddini pozmasının səbəbi aydın olur: Moskvaya müharibə lazımdır! O halda sual ortaya çıxır: Niyə məhz Türkiyə hədəf seçilib? Əslində Türkiyəni hədəf seçən təkcə Rusiya da deyil. Ukraynanın şərqinin Rusiya tərəfindən ilhaqına sadəcə gəlişigözəl bəyanatlar vermək və bəzi iqtisadi sanksiyalar tətbiq etməklə kifayətlənən, konkret əməli tədbirlərə əl atmayan NATO qüvvələri də Moskvanın belə bir niyyətə düşməsini tətikləmişdir. Əgər şimal qonşumuz Ukraynada layiqli cavabını alsaydı, Türkiyəylə icəşməyə də cəsarət etməz, burnu əzilən tısbağa kimi qınına qısılardı. Nə yazıq ki, Qərb dünyasının Rusiyayla əli əlcəkli mübarizəyə qərar verməsi bu nəticəni doğurmuş, “onsuz da mənim hərbi qüdrətimdən xoflanıb qabağımdan çəkiləcəklər” qənaətini yaratmışdır. Zənnimizcə, bunun açıqlanmayan səbəbi Rusiyanı Qərbdən daha uzaq poliqonlara çəkmək, müsəlman topluluqlarla savaşda yıpratmaq və iqtsadi baxımdan daha erkən çöküşünə şərait yaratmaq idi. Bunu bilə-bilə Rusiyanın da həmin oyuna qatılması isə düçar olduğu iqtisadi vəziyyətinin tələbləriylə bağlıdır. Bir çox analitiklərin fikirlərinə inansaq, bütün dünya müharibələrinin başlıca səbəbləri iqtisadi böhranlar, dövlətlər arasındakı gəlir bərabərsizliyidir və bu gün də eyni vəziyyət yaranıb. Dünyaca məşhur iqtisadçı olan Tomas Piketti özünün “21-ci əsrdə kapital” kitabında bildirir ki, 2008-ci ildə yaşanan iqtisadi böhran 1929-dakı Böyük böhranla tam eyniyyət təşkil edir. Necə ki, böyük böhran 2-ci dünya müharibəsinə səbəb oldu, dünya dövlətləri arasında getdikcə böyüyən uçurum da növbəti müharibəyə yol aça bilər. Maraqlıdır ki, iqtisadiyyatı neftdən asılı olan Rusiyanın çökdürülməsi üçün həm qlobal bazarda neftin qiymətləri tam aşağı salınır, həm də ona qarşı iqtisadi sanksiyalar tətbiq etməklə vəziyyəti daha da ağırlaşdırılır. Dolayısıyla, həm öz vətəndaşları arasında iqtisadi çöküş səbəbindən ortaya çıxan qəzəbi səngitmək, həm də qlobal müharibə təhlükəsi yaradaraq geopolitik sövdələşmələrdə daha artıq güzəşt əldə etmək Rusiya üçün zərurətə çevrilir. Fəqət rəsmi Moskva elə bir müharibə arzulayır ki, özünü bu gərginliyin içinə atanda həm dünyanın super gücünə çevrilən NATO-yla savaşırmış kimi görünsün, həm də bu müharibədən az itkiylə çıxa bilsin.Sözsüz ki, bu vəziyyətdə ən uğurlu variant NATO-nin ən zəif həlqəsinə hücum etməkdir. Əsgər sayına görə, NATO qüvvələri arasında 2-ci böyük orduya sahib, amma hərbi texnika baxımından xeyli zəif durumda olan Türkiyə bu mənada rəsmi Moskva üçün göydəndüşmə hədəf rolunu oynayır. İki ölkənin hərbi qüdrətini qarşılaşdırdığımızda bunu bariz şəkildə görə bilərik. Gəlin, heç uzağa getmədən rəsmi statistikalardakı rəqəmləri müqayisə edək: Müharibə zamanı orduya çağrıla biləcək əsgər sayı: Rusiya: 69 milyon, Türkiyə: 41 milyon; Baş verə biləcək müharibə vəziyyətində fəal döyüş qabiliyyətli əsgər sayı: Rusiya: 47 milyon, Türkiyə: 35 milyon; 2015-ci ildə orduda həqiqi hərbi qulluqda olan aktiv əsgər sayı: Rusiya: 765.000, Türkiyə: 410.000; Səfərbərliklə orduya cəlb oluna biləcək əsgər sayı: Rusiya: 2.485.000, Türkiyə: 185.000. Bunlar hələ sadəcə, canlı qüvvələr arasındakı nisbət fərqidir. Ehtimal olunan müharibənin taleyini həll edəcək texniki üstünlüklər və silah gücündəki fərq isə daha böyükdür: Döyüş qabiliyyəti olan təyyarələrin sayı: Rusiya: 3430, Türkiyə: 1020; Əsgər daşıyan helikopter sayı: Rusiya: 462, Türkiyə: 59; Tank və digər zirehli vasitələr: Rusiya: 15.398 (Rusiya bu sarıdan nəinki Türkiyədən, hətta ABŞ-dan belə güclü durumdadır. ABŞ: 9.000) , Türkiyə: 3778; Donanma Qüvvələri və savaş gəmiləri: Rusiya: 352, Türkiyə: 115; Döyüşə hazır sualtı qayıqlar: Rusiya: 55, Türkiyə: 13; İki ordunun illik büdcəsi: Rusiya: 60 milyard 400 milyon dollar, Türkiyə: 18 milyard 500 milyon dollar; Nüvə başlıqlı raket sayı: Rusiya: 1400, Türkiyə: 0. Göründüyü kimi, bütün göstəricilərə görə, dünyanın ikinci hərbi gücü olan Rusiya NATO-nun əsgər sayı baxımından ikinci böyük ordusu olan Türk Silahlı Qüvvələrindən xeyli öndədir. Biz hələ onu demirik ki, qardaş ölkə raket hücumlarından özünüqoruma qabiliyyətini müttəfiqlərinə borcludur. Rusiya isə bu sahədə dünyanın ən aparıcı güclərindən sayılır. Bütün bu neqativ göstəricilərə baxmayaraq, Türkiyə Rusiya qarşısında o qədər də aciz durumda deyil. Onun əsas gücü NATO üzvlüyüdür. Rusiyanın hücumu zamanı müttəfiqlərinin yardımına bel bağlayan Ankara Moskva qarşısında bacardığı qədər dik dayanmağa çalışır. Əslində NATO-nun Baş katibi Cens Stoltenberqin “ittifaqın hava sahəsi” fikrinə rus diplomatının kəskin reaksiyası da bu “silahın” yaratdığı əndişədən qaynaqlanır. Amma Türkiyə həmin “silah”dan istifadə edə biləcəkmi? Bax, ən dolaşıq sual da elə budur. Nədən ki, digər silahlarından fərqli olaraq, NATO-nun “düyməsi” Türkiyənin əlində deyil. Həmin “düymənin” işləyib- işləməyəcəyi isə ancaq savaş başlayandan sonra məlum olacaq. O da mümkündür ki, Rusiya bir neçə zərbədən sonra NATO-nun bəyanatlarını nəzərə alaraq, "atəşkəs" elan etsin. Və hətta pozduğu hava sərhədlərinin "səhvən" NATO-ya deyil, Türkiyəyə aid olduğunu düşündüyünü və bundan sonra ünvanı “səhv salmacağını” etiraf edərək, üzr istəsin. Sözsüz ki, NATO bu “üzrxahlığı” anlayışla qarşılayıb ağrımayan və yaxud ağrısı artıq keçən başına duz bağlamaya da bilər. Bu ehtimalda itirən tərəf, təbii ki, Türkiyə olacaq. Əlbəttə, bütün bunlar sadəcə ən pis ehtimallardır. Reallaşıb-reallaşmayacağı Putindən asılıdır. Putin isə İngiltərənin xarici işlər naziri Filip Hammondun təbiriylə desək, başa düşülməsi mümkün olmayan oyunçudur: “Kremlin oyun planları haqqında heç bir fikrimiz yoxdur. Nə edəcəyini bilmirik. Rusiyanın bunu müzakirə edəcək hər hansı bir şurası yoxdur. Hər şey Putinin beynindədir”. Putinin beynindən nə çıxacağı bəlli olmasa da, hər halda bir çox ekspertlər Türkiyə-Rusiya arasında böyük miqyaslı müharibənin olmayacağına inanmaq istəyirlər. Çünki iki dövlət arasında çox ciddi iqtisadi əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq Rusiyanın xeyrinədir. Təyyarə böhranından əvvəl iki ölkə arasında ticarət dövriyyəsinin ildə 31 milyard dollara yüksəldiyi bildirilirdi və bunun 25 milyardı rus ixracatının payına düşürdü. Türkiyənin Rusiyaya bir ildə ixrac etdiyi məhsulların qiyməti isə 5-6 milyard dollar həcmindəydi. Məlum təyyarə hadisəsindən sonra Rusiya Türkiyədən aldığı mallara qadağan qoydu. Dolayısıyla özü təktərəfli qazanan ölkə oldu. Hazırda şimal qonşumuz Türkiyəyə qaz və neft məhsullarını satır. Statistikaya görə, qardaş ölkə rus xammalını alan 5-ci böyük bazardır. Üstəlik, Rusiya Türkiyədə iki atom elektirik stansiyası da inşa edir. Bu stansiyalardan qazanacağı gəlir də az deyil - 20 milyard dollar. İki ölkə arasında müharibə çıxarsa, Rusiya istər-istəməz öz yağlı bazarını itirəcək. İndiki kritik zamanda isə bu, Rusiyanın çöküşünü tezləşdirə bilər. Deməli, Türkiyənin əlindəki NATO-dan daha güclü “silahı” Rusiyanın qazı və neftidir. Şərq döyüş sənətlərində buna rəqibin gücündən özünə qarşı istifadə etmək deyirlər. Amma Türkiyənin bu “silahdan” nə qədər məharətlə istifadə edib-etməyəcəyi də yenə Putinin beynindən asılıdır. Bütün hallarda bu gün belə ən azı iqtisadi sahədə davam edən Türkiyə-Rusiya müharibəsinin qazananı nə Ərdoğanın uzaqgörən siyasəti, nə də Putinin nə düşündüyü bəlli olmayan beynidir. Yeganə qazanan tərəf varsa, o da NATO-nun beyni olan ABŞ-dır. Bax, buna da rəqibin beynini özünə işlətmək deyərlər.