İmralı imperatorunun uzun qolu və dili - Türkiyənin ən böyük səhvi...

1999-cu ilin fevralıydı, dünyanın informasiya məkanının başlıca xəbəri PKK lideri Abdulla Öcalanın Keniyada tutularaq, Türkiyəyə gətirilməsiydi. 
Bu tarixi hadisə bir günün içində baş verməmişdi. Bundan əvvəl Öcalan illərlə gizləndiyi, dəstəkləndiyi Suriyadan Rusiyaya keçmiş, ordan İtaliyaya qaçmış, daha sonra Yunanıstana, lap axırda da Keniyaya getmişdi. Türkiyənin xüsusi xidmət orqanlarının əməliyyatçıları onu orda İsrail kəşfiyyatının köməyi ilə yaxalayıb xüsusi təyyarəyə qoymuş, qolu və gözü bağlı halda gətirmişdilər. 
O zaman Türkiyə əhalisi hesab edirdi ki, 1978-ci ildən bəri minlərlə günahsız insanın qətlinə fərman vermiş bu şəxsin yaxalanmasıyla Türkiyəni qana çalxayan, kürdlərlə türkləri qan düşməni edən PKK terroru başa çatacaq. 
Buna böyük ümidlər vardı. Türkiyə hakimiyyəti eyforiyadaydı, PKK çökmüş durumdaydı. Təşkilatın liderləri ard-arda təslim olur, militanları peşmanlıq qanunundan yararlanmaq, dağdan enmək üçün müraciətlər edirdilər. Bu gedişlə PKK özünü buraxacaq, təslim olan olacaq, olmaq istəməyənlər başqa, uzaq ölkələrə sığınacaqdılar.
Qolu qandallı Öcalan yalvarırdı, Türkiyəni sevdiyini, anasının türk olduğunu, əslində ideoloji mübarizə apardığını, ölkənin parçalanmasına qarşı olduğunu deyirdi, sata biləcəyi bütün sirləri, yaxın adamlarını satırdı, istintaqla səmimi əməkdaşlıq edirdi. Silahlı mübarizə tarixi bu qədər miskin mənzərə və obraz görməmişdi.

Kürdlər və PKK üzvlərinin bir qismi Öcalanın öz boğazını kəndirdən qurtarmaq üçün belə etməsini doğru sayırdı, yerdə qalanlar zəif, qorxaq liderə inandıqları üçün peşman idi.
Ancaq işlər belə getmədi. Öcalanın boğazını kəndirdən, peysərini güllədən qurtaranlar tapıldı. Mənəvi, siyasi baxımdan ölmüş, bitmiş bir adamın canı bağışlandı. 1999-cu ilin iyununda ona ölüm hökmü kəsilsə də, hökm icra edilmədi və Türkiyə dövləti özünün yeni əsrdəki ən böyük səhvini buraxdı. 
Bu da təbii ki, durduq yerdə baş verməmişdi. O dönəmdə Türkiyədə Avropa ailəsinin üzvü olmaq, AB-yə daxil olmaq ehtirası o qədər şiddətliydi ki, Ankaranı bununla həm şirnikləndirir, həm də şantaj edirdilər. Öcalanı assaydılar, Türkiyənin AB-yə yolu bağlanacaqdı. 
Nəticə daha müdhiş oldu: Öcalanı asmadılar, Türkiyənin AB-yə qapısı açılmadı, üstəlik, pəncərəsi də bağlandı. PKK yenidən toparlanmağa, dirçəlməyə başladı, maliyyəsi, silah-sursatı artdı. Hansısa gözəgörünməz qüvvələr Türkiyəylə müttəfiqlik büsatı qura-qura onu parçalamaq istəyən terror təşkilatını gücləndirdilər. 
Gün gəldi, istintaqda, məhkəmədə qorxaq, satqın ifadələr verən adam İmralıda oturub bərabərhüquqlu tərəf kimi çıxış etməyə başladı. Öcalan artıq danışıqlar masasındakı tərəflərdən biriydi, türmədə əla şəraiti, nökər-naibi belə vardı, yanına vəkillər ordusu gəlib-gedirdi, hökumət adamlarıyla oturub müzakirələr aparırdı. Heç Müqəddəs Yelena adasında saxlanılan imperator Napoleonun bu qədər imtiyazı olmamışdı. İmralı adası onun iqamətgahına dönmüşdü, onun qolu da, dili də uzanmışdı. Terror təşkilatının rəhbəri artıq xalqa açıq və gizli müraciətlər edirdi, lazım bildiyi vaxt dövlətə təzyiq göstərirdi. Onun ictimai rəydəki keçmiş obrazı da bərpa olunmuşdu, canını qurtarmaq üçün yalvardığı günlər unudulmuşdu. 
Bu arada Türkiyə dövlətinin yeni rəhbərliyi ABŞ-a dirsək göstərirdi, Öcalanı tutub ona verən İsraillə düşmən olmuşdu, “ya Allah, bismillah” deyə ərəb dünyasını fəth edəcəyinə inanırdı, Rusiya ilə iqtisadi tərəfdaşlıqdan milyardlar qazanacağını düşünürdü, AB-yə girmək planından vaz keçmişdi. 
PKK isə güclənməkdəydi, silah-sursat tədarük edir, siyasi qanadını gücləndirir, Avropa miqyasında təşkilatlanır, beynəlxalq əlaqələr qurur, özünü dövlət qurub-yaratmağa, idarə etməyə hazır və qadir göstərirdi.  
Gün gəldi, PKK Türkiyə parlamentində 80 millət vəkili yeri qazandı. Bu, onu dövlətlə ultimativ dildə danışmağa sövq etdi. İmralı imperatoru artıq adaya sığışmırdı. 7 iyun seçkisindən sonra etnik kürdlər arasında dolaşan ən böyük qənaət bu idi: artıq dövlətimizi qurmuşuq, qarşımızda heç kəs dayana bilməz, hər cür gücümüz var. 
Bu təşkilatın son aylarda törətdiyi silsilə teraktların əsl səbəbi də budur: özünü çox güclü hesab etməsi və mütəmadi həyata keçirdikləri teraktlarla bir nəticəyə nail olacağına inanması.
Ankara terrorunu PKK-nın, yaxud başqa bir qüvvənin törətdiyi indilikdə dəqiq bilinməsə də, bilinən bir şey var: 15 il öncə Türkiyə dövləti basdığını asmalıydı və terrorun kökünü kəsməliydi.  (musavat.com) 

 






Fikirlər