“Qarabağda əhali qalıb ki, onların özünü müdafiə hissələri də olsun?” – Polkovnik

meherrem cahangirov

“Ermənistan rəhbərliyi və cəmiyyəti Azərbaycan Ordusundan aldığı son zərbələrdən elə sarsılıb ki, artıq nə danışdığını və nə etdiyini bilmir. Aprel ayının əvvəllərində baş verən döyüş toqquşmalarında öldürülən erməni hərbçilərin böyük əksəriyyətinin Ermənistan vətəndaşı olduğu elə özlərinin Müdafiə Nazirliyinin açıqladığı məlumatlarda qeyd olunurdu.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında Dağlıq Qarabağda gedən döyüşlərdə ölənlərin Ermənistanın müxtəlif yerlərində doğulduğu və oradan hərbi xidmətə çağırıldığı açıq-aydın göstərilirdi. Üstündən bir müddət keçəndən sonra istefada olan erməni hərbçilərin Ermənistanın guya Qarabağa hərbçi göndərmədiyi, Azərbaycan Ordusu ilə yalnız separatçı rejimin “öz ordusunun döyüşdüyü” barədə cəfəng bəyanatlar səsləndirmələri sərsəmlik və aqoniya əlamətlərindən başqa bir şey deyil”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Məhərrəm Cahangirov deyib.
M. Cahangirov deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda gedən əməliyyatlarda iştirak etməməsi barədə bu ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın açıqlaması da əsassız və gülüncdür: “Onda son döyüşlərdə ölən, Ermənistan vətəndaşları olan hərbçilər Dağlıq Qarabağa hansı əsaslarla göndərilib? Ermənistan hərbçilərinin işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmətə göndərilməsi, orada ön xəttə çıxarılması, döyüşlərdə iştirak etməsi və nəhayət öldürülməsi nəyin əsasında baş verir? Ən nəhayət, əgər Ermənistan Silahlı Qüvvələri əsgəri, silahı, texnikası ilə Dağlıq Qarabağda döyüşmürsə, son məğlubiyyətə görə niyə Ermənistan müdafiə nazirinin müavini, kəşfiyyat və rabitə idarələrinin rəisi istefaya göndərilirdi?”
O, erməni tərəfinin açıqlamalarında ziddiyyət təşkil edən digər faktları da göstərib: “Aprelin əvvəllərində aktiv hərbi əməliyyatlar zamanı Ermənistanda keçmiş döyüşçülərin könüllü olaraq Qarabağa döyüşə yollandıqlarını əks etdirən yüzlərlə məlumat, video var. Hətta “Sünik könüllüləri”nin olduğu avtobusun Ağdərədə Azərbaycan Ordusunun kamikadze-dronla vurması nəticəsində xeyli sayda keçmiş hərbçinin öldüyünü də ermənilər özləri təsdiqləmişdi. Ermənistan ordusunda bas alıb gedən anarxiya, vahimə və əsgər çatışmazlığı elə həddə çatıb ki, onlar vəziyyəti guya düzəltmək, səngərlərdə qorxudan titrəyən , mənasız ölməkdən qorxan gəncləri sakitləşdirmək üçün qoca quldurlardan, 70-80 yaşlı ahıllardan da istifadə etmək məcburiyyətində qalıblar. Dünən isə Ermənistanın “168.am” saytı aprelin əvvəlində gedən döyüşlərdə Vanadzor şəhərinin keçmiş meri Arutunyan Andranikin ağır yaralandığı barədə məlumat yayıb. Minaatan mərmisinin partlaması nəticəsində o, bir ayağını itirib, çoxsaylı qəlpə yaraları alıb, hazırda Xankəndində müalicə olunur. Ortada bu qədər fakt varkən, istefada olan erməni hərbçilərin bu cür açıqlamalar verməsi həqiqətən ağlasığmazdır və ermənilərin əsil riyakar simasının gostəricisidir”.

M. Cahangirov əlavə edib ki, Qarabağ münaqişəsi başlayandan Dağlıq Qarabağ ermənilərindən ibarət heç bir tabor belə döyüşlərdə iştirak etməyib: “Qarabağda əhali qalıb ki, onların da özünü müdafiə hissələri olsun? Bu danılmaz faktdır ki, Qarabağ müharibəsini Ermənistan Silahlı Qüvvələri aparır. İstər əvvəlki, istərsə də aprelin əvvəllərində keçirilən son əməliyyatlarda düşmənin ölən və yaralanan canlı qüvvəsinin siyahısına baxmaq kifayət edir ki, bunu anlayasan. Məhv edilən canlı qüvvənin 95 faizindən çoxu Ermənistan vətəndaşlarıdır. Bu fakt danılmazdır”.

 






Fikirlər