Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin səhhətində ciddi problem yaranıb. Bu barədə Trend-ə açıqlamasında C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, o bu gün günorta saatlarında 1 saylı Bakı İstintaq təcridxanasında C.Hacıyevlə görüşərkən müvəkkili özünü qəfildən pis hiss edib: "Bu gün onunla görüşdüm. Səhhətində ciddi problemlər var. Görüş zamanı qəfildən halı pisləşdi. Ona ilk yardım etdik, bir müddətdən sonra özünə gəldi. Görüşümüz yarımçıq qaldı. Hökmən müalicəyə ehtiyacı var".
A.Layicov bildirib ki, C.Hacıyevin həyatı təhlükə qarşısındadır, o, ciddi xəstəliklərdən əziyyət çəkir: "Onun ciddi xəstəlikləri var, son vaxtlar isə bu xəstəliklər onun səhhətinə daha ciddi təsirlər edir. Müalicə olunmasa, onun həyatı üçün çox təhlükə olacaq. Ürək bir anlıq dayanır və sonradan özünə gəlir. Eyni zamanda onda çox nadir xəstəlik olan Haşimato sindromu var. Bu xəstəliklər onun həyatı üçün hər an təhlükə yarada bilər".
Vəkil bildirib ki, C.Hacıyevlə görüşü yarımçıq qalıb və o, istintaq təcridxanasının tibb məntəqəsinə yollanıb.
Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.