Bu gün Azərbaycanın böyük fikir adamlarından biri, xalq şairi, adı ölkənin və türk dünyasının sərhədlərini çoxdan aşmış Sabir Rüstəmxanlının doğum günüdür; ömrünü millətinin milli şüurunun oyanmasına, müstəqil dövlətinin qurulmasına həsr edən, sələflərinin apardığı mübarizəni şərəflə başa vuran şairin 70 yaşı tamam olur.
Sabir Rüstəmxanlının görünən-bilinən həyatı hamının gözləri önündə keçib – ilk gənclik yazılarından, şeirlərindən milli təfəkkür daşıyıcısı və təbliğatçısı olan şairin ərsəyə gətirdiyi bütün əsərlərində millətinin böyüklüyü, cəsurluğu, unudulan və əlindən alınan tarixinə bir ismarış yatır: türkün keçdiyi coğrafiyanı ruhunda daşıyan şairin yaradıcılığı da bu coğrafiyanın sərhədləri boydadır; yalnız millətinin böyük ruhunu öz timsalında yaşadan insan “ruhumuz sərhədsiz olduğu üçün” deyə bilərdi və onun millətinə ünvanladığı “payımız gəlibdir Göydən” sözləri həm də onun ədəbi-poetik kimliyinə şamildir.
Azərbaycanın onillərini, yüzillərini – mənəvi dünyasını, mübarizlik və istiqlal tarixini “Gəncə qapısı”, “Ölüm zirvəsi”, “Ömür kitabı”, “Atamın ruhu”, “Xətai yurdu”, “Bu, sənin xalqındır”, “Difai fədailəri”ndə qat-qat, pillə-pillə yaddaşlara oyan müəllifin türk mifoloji yaddaşına və əslində, ruhunun yaddaşına söykənərək qələmə aldığı “Göy Tanrı” romanı fərqli dünyanı göz önündə açdı: bu əsər artıq ölkəmizin sərhədlərindən çox-çox kənarda qalan, yalnız ruhumuzun gözü ilə görə biləcəyimiz böyük bir mənzərəni – Ötükəndən Anadoluya, Misirdən Avropaya qədər məkanda türk atlarının ayaq səslərindən yoğrulub-yazılıb.
Onun milli qürur və özünüdərk yolunda təkcə yazı masasında yox, meydanlarda göstərdiyi cəsarət də göz önündə, yaddaşlarda, şahidlərin dilində, yaxın tariximizin qızıl səhifəsində əbədiləşib.
Bunları hamı görə, bilə bilər. Daha az görünəni isə Rüstəmxanlının ətrafına saçdıqlarıdır.
Dağ ondan uzaqlaşanda daha möhtəşəm görünür – ucalığı, böyüklüyü, əzəməti ilə. Zirvəsinə qalxanda isə o əzəmət dərhal itir. Amma Sabir Rüstəmxanlı bu məsəlin şamil olunmadığı şəxsiyyətlərimizdəndir. Onu yaxından tanıdıqca, saf, büllur sadəliyini, səmimiyyətini gördükcə kənardan onun haqqında yaranmış təsəvvürlər daha da dərinləşir.
Sabir Rüstəmxanlının görünməyən tərəfi budur ki, o, millətinin ən pisini belə sevməyi bacaran və bunu yaxınlarına daim aşılayan kəsdir. İçində daşıdığı böyük sevgi kimsəyə kin saxlamağa imkan vermir.
“Vətəndaş həmrəyliyi” ideologiyasının mahiyyətində elə Sabir Rüstəmxanlı dayanır və doğrusu, bu ideoloji adda bir az da siyasi yöntəm var. Bu ideologiyanın Sabir Rüstəmxanlı xarakterindəki, ruhundakı əksi millətinə, xalqına və vətəninə, onun torpağına, onun daşına-çiçəyinə, boranına-qarına sevgidir.
Millətinin düşmənindən başqa kimsəyə nifrət etməyən bu insanın daşıdığı sevgidir illərdir onu zirvədən enməyə qoymayan; bu sevgi haləsidir onu hər şeydən qoruyan. Və bu, onun düşünüb-daşındığı, özü üçün müəyyənləşdirdiyi bir halə deyil – bu, Sabir Rüstəmxanlıya Göydən gələn paydır. Millətə nə qədər sevgin, güvəncin olmalıdır ki, “Torpağı ot deyil, kişi göyərdən Vətən, Vətən” yaza biləsən...
Sabir Rüstəmxanlı da əslində bu millətə Tanrının göndərdiyi paylardan biridir.
Arzulayırıq ki, Tanrı bu ətasını kəsməsin, Sabir Rüstəmxanlının timsalında bu millətin varlığını, milli kimliyini özündə yaşadan şəxslərimizi qorusun, nəsil-nəsil yaşatsın.
Hörmətlə,
VHP Mərkəzi İcra Aparatı
Fikirlər