Bu gün Milli Məclisin üç çağırış ard-arda deputatı olmuş fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri Rəbiyyət Aslanovanın doğum günüdür.
Moderator.az 65 illik yubiley yaşını qeyd edən sabiq millət vəkilini təbrik edib, eyni zamanda doğum gününü necə və kimlərin əhatəsində keçirdiyini öyrənib.
Rəbiyyət Aslanova yubiley yaşını övladlarının, sevdiklərinin əhatəsində qeyd etdiyini bildirib:
“Hər kəsin həyatında doğum günü əlbəttə ki, çox gözəl gündür. Doğmalarının, yaxınlarının, onu sevən insanların əhatəsində keçirmək isə daha da xoşdur. Bu gün mənim də ətrafımda məni sevən, məni sayan gözəl insanlar, övladlarım, nəvələrim var. Bu da çox önəmlidir ki, nəvələrim mənim ətrafımdadırlar, mənimlədirlər və bu günümü sevə-sevə keçirirəm.
Bu gün 65 yaşım tamam olur. 65 yaş həyatın ən müdrik yaşıdır. Ötən ömrümə nəzər salıram, bu illər ərzində yaşadığım təcrübəni, gözəl günlərimi bir daha xatırlayıram və başa düşürəm ki, həyatımı pis yaşamamışam. Həyatımı gözəl yaşamışam, xalqımı, dövlətimi sevə-sevə, insanlara böyük məhəbbət hissi ilə yaşamışam. Qəlbimdən həmişə Ulu Tanrıma bir minnətdarlıq hissi keçib. Baş verən bütün hadisələri səbrlə, müdrikcəsinə qəbul edərək yaşamışam və bir şeyi demişəm, çöx şükür ki, bu dünyadayam, bu məmləkətdəyəm, sevdiklərimin arasındayam. Ulu Tanrım mənə yenə də ömür verərsə, bundan sonra həyatımın daha da mənalı olması üçün çalışacağam. Övladlarımın, xalqımın, insanların məhəbbətini, etimadını qazanmaq üçün yenə də öz yolumu davam edəcəyəm.
Mənə bu gün çox insanlar zəng etdi, hər kəsin zəngi mənim üçün çox dəyərliydi, qiymətliydi, o cümlədən də sizin zənginiz. İnsan sevdiyini, saydığını, hörmət elədiyini axtarır. Nə gözəl ki, sizlər varsınız, nə gözəl ki, məni sevən insanlar var. Deməli, doğrudan da nahaq yaşamamışam, əbəs yaşamamışam, hansısa bir iz qoymuşam”.
Qeyd edək ki, Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcərdə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973-1976-cı illərdə universitetin aspiranturasında təhsilini davam etdirib. 1977-1978-ci illərdə Bakı Dövlət Universitetində assistent kimi fəaliyyətə başlayıb. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışıb. 2004-cü ildə “İslam mədəniyyət sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Fəlsəfə elmləri doktoru, 2004-cü ildən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. 2009-cu ildən həmin kafedraya rəhbərlik edir. Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırış deputatı olub.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 iyul tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.