Azərbaycanda nurçulara QARŞI əməliyyat olacaqmı?

“Azərbaycanda nurçulara qarşı əməliyyat olacaqmı?

İyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş bir neçə istiqamətdə müzakirə olunmaqdadır.

Qafqazinfoxəbər verir ki, hökumət çevrilişin Fətullah Gülən tərəfindən həyata keçirildiyini bəyan edib. Bu səbəbdən də yenidən Gülən hərəkatına xidmət etdiyi iddia edilən ordu mənsubları, məhkəmə sisteminə məxsus olan şəxslər həbs edilib.

Xatırladaq ki, Türkiyədə hələ üç il əvvəl də Gülən hərəkatına qarşı əməliyyatlar keçirilmişdi. O zaman da hüquq-mühafizə orqanlarında çalışan şəxslər həbs edilmişdi. Qonşu ölkədə baş verən bu proses Azərbaycana da təsir etmişdi.

Hazırda isə yeni əməliyyatların başladığı bir vaxtda prosesin ölkəmizə də təsir edib etməyəcəyi maraq doğurur.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Türkiyədə nurçulara qarşı əməliyyatlar 2013-cü ilin dekabrında rüşvət və korrupsiya qalmaqalından sonra başlanıb: “Əməliyyatlardan bir müddət sonra o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi. Azərbaycan prezidenti ilə görüşdə burada olan fətullahçıların siyahısının prezident İlham Əliyevə təqdim edildiyi barədə məlumatlar yayıldı. Onların fəaliyyətləri müzakirə edildi. Ərdoğanın həmin səfərindən sonra biz ölkədə müəyyən vəzifəli şəxslərin işdən çıxarılmasının, yaxud da passivləşdirilməsinin şahidi olduq. Azərbaycanda nurçulara məxsus olan media və təhsil ocaqları var idi. Həmin o qurumların sahibləri, mülkiyyətçiləri dəyişdi.

Hazırda isə nurçuların Azərbaycandakı gücü və imkanları haqqında məndə məlumat yoxdur. Bunu dövlət orqanları bilirlər. Ola bilsin ki onlar hələ də ölkəmizdə fəaliyyətlərini davam etdirirlər. Türkiyədə vüsət alınan nurçulara qarşı əməliyyatdan sonra Azərbaycanda da Gülən icmasının mənsublarına qarşı müəyyən addımların atılması mümkündür. Bunu istisna etmək olmaz”.

Hərəkatın təhlükəli olub olmaması məsələsinə gəlincə isə ekspert qeyd edib ki, Türkiyə hüquq- mühafizə orqanlarında həmin icmaya qarşı qaldırılan çoxlu cinayət işləri var: “Həmin işlərdə bu icma terror təşkilatı kimi təqdim olunur. Hərbi çevriliş cəhdini də həmin icmaya yaxın şəxslərin törətdiyi iddia edilir. Əgər belə iddia doğrudursa, bu Türkiyə üçün təhlükədir və dövlət də onun qarşısını almalıdır. Amma Azərbaycanda onların elə də böyük gücə malik olduğunu düşünmürəm. Buna görə də Azərbaycan üçün hər hansı təhlükə gözləmirəm”.






Fikirlər