15 İYUL QİYAMI: ilkin TƏƏSSÜRAT

15 iyul qiyamı: ilkin təəssürat

 

 

Hərbi qiyamlar haqqında məşhur bir ifadə var, deyirlər, əgər bir silahlı təşəbbüs artıq qiyam adlandırılırsa, demək, o artıq məğlub olub. 
Gerçəkdən də elədir. Hərbi çevrilişləri həyata keçirənlər heç zaman “biz bu qiyamı hakimiyyəti əla almaq üçün etdik” deməzlər, bir qayda olaraq bu cür deyərlər: “Millətin təhlükəsizliyi, dövlətin bütövlüyü naminə xalq qarşısında məsuliyyəti öz üzərimizə götürməyə məcbur olduq”.
Əgər dünən gecə Türkiyədə hərbi çevrilişə cəhd edənlər müvəffəq olsaydılar, bu gün Türkiyə xalqı bu ritorikanı dinləməli olacaqdı.
Ancaq iş elə gətirib ki, indi hərbi çevrilişi edənlər “qiyamçı” adlandırılır. 
Onlar gerçəkdən də qiyamçıdırlar və qiyam etmişdilər. 
Ən qəribəsi odur ki, bu şəxslər də atdıqları addımın dünyəvi dövlətçiliyi qorumaq, Türkiyənin başının üstünü almış təhlükələrdən milləti xilas etmək, demokratiyanın müdafiəsində durmaq üçün olduğunu deyirlər, onlara qalib gələn indiki iqtidar da demokratiyanın qələbə qazandığını bəyan edir. 
Yəni, belə çıxır ki, hərbi çevriliş baş tutsaydı da demokratiya qalib gələcəkmiş, baş tutmayanda da demokratiya qalib gəlib. 
Əslində isə istənilən hərbi çevriliş baş tutanda da ardınca sərt rejimli diktatura və repressiya dalğası gətirir, baş tutmayanda da. Birinci variantda çevrilişi edənlər, ikincidə isə hərbi qiyamı yatıran qüvvələr ölkədə sərt rejim tətbiq edir, bütün siyasi rəqiblərini zərərsizləşdirir, ona silah çevirənləri kütləvi repressiyaya məruz qoyur. 
Başqa sözlə, hərbi çevriliş cəhdləri olan yerdə heç vaxt demokratiya qalib gəlmir. Bütün variantlarda uduzan məhz demokratiya olur. 
Türkiyədə bu cür hadisələr hələ 5-6 il öncədən gözlənilirdi. Məşhur “Ergenekon” və “Balyoz” işinə görə həyata keçirilən kütləvi tutqular məhz hərbi qiyamın qarşısını almaq üçün düşünülmüşdü. Ancaq belə görünür ki, bu preventiv tədbirlər gözlənilən nəticəni verməyib, əksinə, ordu daxilindəki narazılığı, siyasi hakimiyyətə etimadsızlı daha da gücləndirib. 
Hələ 10 il öncədən Türkiyənin hazırkı iqtidarının götürdüyü siyasi kursun həm ölkə daxilində, həm də ölkədən xaricdə müəyyən müqavimətlə üzləşəcəyi bilinirdi. Bir gün bu durumun yaranacağını heç kim bilməsə də, ölkə rəhbəri Ərdoğan bilirdi. 
İndilikdə hərbi çevrilişin arxasında hansı qüvvələrin (istər daxili, istərsə də xarici) durduğu, habelə qiyam cəhdinin əsl motivi bəlli deyil. 
Ərdoğan iqtidarı 3 ildən bəri hər bir terror, sui-qəsd cəhdinə görə məsul tutduğu Fətullah Gülən camaatını yenə ittiham edir, Pensilvaniyaya barmaq tuşlayır. Ancaq hazırda baş iqamətgahı ABŞ-ın Pensilvaniya ştatında olan Gülən icması hər hansı bir hərbi çevriliş cəhdi etmədiklərini qətiyyətlə bildirir. 
Hərbi qiyam cəhdinin bu cür iflasla nəticələnməsi ondan xəbər verir ki, burada xarici güclərin rolu olmayıb. Olsaydı, qiyamçıların səfi daha geniş və mütəşəkkil olardı, dövlət rəhbərliyi tamamilə təcrid olunardı və qiyamçılar öz məqsədlərinə çatardılar. 
Əsas güman ordu daxilində mövcud iqtidarın siyasətindən narazı olan və dünyəvi sistemin başı üstünü təhlükə aldığını düşünərək, bu durumdan narazı qalan yüksək çinli zabitlər qrupunun şəxsi təşəbbüsünə gedir. 
Əlbəttə, həmişə olduğu kimi, hərbi çevriliş cəhdinə dair müxtəlif məlumatlar yayılacaq, bu olayda əli olan qüvvə və şəxslərin dairəsi absurda qədər şişirdiləcək. Türkiyədə hərbi çevriliş olmasında maraqlı olan böyük dövlətlərə işarələr ediləcək, söz atılacaq, amma konkret adlar çəkilməyəcək. Həmişə belə olur.
 
Qardaş ölkədə baş verən bu hadisə isə 1991-ci ildə Moskvada baş verən QKÇP qiyamını xatırlatdı. 
Düzdür, arada böyük fərqlər var. O zaman ölkənin siyasi və hərbi rəhbərliyi tamamilə birləşərək prezident Qorbaçıva qarşı çıxmışdılarsa, 16 iyul gecəsi siyasi qüvvələr qiyamçı hərbçilərə qoşulmadılar və dəstək vermədilər. 
Ancaq hər iki halda xalqın ayağa qalxmasının həlledici rolu oldu. 1991-ci ilin avqustunda da xalq ayağa qalxaraq qiyamçılara müqavimət göstərmişdilər, bu gecə də elə oldu: prezident Ərdoğanın xalqı müqavimətə çağırdı və 1980-ci ilin 12 sentyabrından sonra (general Kənan Evrenin rəhbərlik etdiyi hərbi çevrilş) ölkəni sarmış dəhşəti bir daha yaşamaq istəməyən xalq bu çağırışa səs verdi. 
 
Beləliklə, hərbi qiyam cəhdi baş tutmadı. Ancaq bu, hələ Türkiyənin problemlərin həlli demək deyil. Türkiyənin demokratik əsaslarla idarə olunması sahəsində ciddi problemlər var. Türkiyə uçurum kənarıyla irəliləməkdədir.
X.Kazımlı






Fikirlər