Arif Hacılı: “Biz onu çağırdıq ki, hərbi müxalifətlə siyasi müxalifət birləşməsin, lakin...”; Fəzail Ağamalı: “AXC hökuməti Heydər Əliyevi paytaxta dəvət etməyə məhkum idi”
Hər ilin iyununda daha çox 1993-cü ilin bu vaxtları cərəyan edən hadisələr gündəmi zəbt edir. Əsas önə çıxan məsələ isə 4 iyunda Gəncədə baş verən qiyam və ardınca Əbülfəz Elçibəy hökumətinin süqutudur.
Bu tarixlə bağlı fikirlər arasında ikitirəlik yaranıb. Bir tərəf həmin ildəki hakimiyyət dəyişikliyini tarixdən doğan zərurət hesab edirsə, digər tərəf bunun əksini söyləyir. Hər iki tərəfin də özünəməxsus arqumentləri var. Dəyişikliyi zəruri sayanlar 1993-cü ildə ölkə daxilində baş verən təhlükəli hadisələri önə çəkirlər. Əks tərəf isə qanuni hökumətin qiyam yolu ilə devrildiyini iddia edir. Elçibəy hakimiyyətinin süqutuna səbəb olan iki amil ən çox önə çəkilir.
Bunlardan biri, 4 iyun qiyamının yatırılmamasıdırsa, digər amil o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya dəvət edilməsidir.
AXC hökumətində dövlət müşaviri olmuş Arif Hacılı həmin ilin bu ayını belə xatırlayır: “Heydər Əliyev nüfuzu olan o zamankı müxalifətin liderlərindən biri, müxalifət partiyasının sədri idi. Bakıya baş verənlərə münasibət bildirmək üçün dəvət olunmuşdu. Dövlətçilik naminə ona qiyama qarşı çıxmaq təklif edilmişdi. O isə əksinə, qiyamçılarla birləşərək, dövlətə və hakimiyyətə qarşı çıxdı. Nəticədə hakimiyyət qəsb olundu. Həmin dövrdə müxtəlif mülahizələr var idi. Hakimiyyət strukturlarında olan bəzi şəxslər Heydər Əliyevin qanuni hakimiyyətlə qiyama qarşı birləşəcəyinə inanırdılar. Ancaq sonrakı hadisələr bunun yanlış olduğunu göstərdi. Heydər Əliyev qanuni hakimiyyətə dəstək vermədi”.
A.Hacılı Elçibəy hökumətinin süqutuna səbəb kimi göstərilən ittihamlara da toxundu: “Elçibəy hökumətinin süqutu ilə bağlı səbəblər çoxdur. Hesab edirəm ki, 4 iyun qiyamı səbəb yox, nəticə idi. Ümumi siyasi hadisələrin gedişi, geopolitik gəlişmələr, bir çox xarici və daxili faktorlar, həmçinin bundan əvvəl yol verilmiş bəzi səhvlər qiyamın qarşısının alınmasına imkan vermədi. Bir daha qeyd edirəm ki, həmin dövrdə Heydər Əliyev Naxçıvandan Bakıya hakimiyyətdə yer tutmaq üçün yox, qiyama qarşı münasibət bildirmək, qiyama qarşı iqtidar və müxalifətin birlikdə çıxış etməsi məqsədilə dəvət olunmuşdu. Bu, hərbi müxalifətlə siyasi müxalifətin birləşməsinin qarşısını almaq məqsədilə edilmişdi. Heydər Əliyev bunu edəcəyini bildirmişdi. Lakin sonradan vədinə əməl etmədi”.
Elçibəy hökumətində rəhbər vəzifə tutmuş deputat Fəzail Ağamalı hakimiyyət dəyişikliyini zəruri hesab edən şəxslərdəndir: “Hakimiyyət dəyişikliyindən söhbət gedə bilməzdi. AXC hakimiyyəti iflasa uğramışdı. Ölkə bütün mənalarda uçurum ərəfəsində idi. Böhran son həddə çatmışdı. Belə bir vəziyyətdə xalqımızın iradəsi ortada oldu. Təhlükəni hiss edən Elçibəy ətrafındakı şəxsləri inandıra bildi ki, Heydər Əliyevin hakimiyyətə dəvət edilməsi vacibdir. Bir növ AXC hökuməti buna məhkum idi. Həmin vaxt Elçibəyin yaxın ətrafı onun sözlərini, tapşırıqlarını icra etmirdi. Xarici işlər naziri sahəsindən xəbərsiz idi. Ona görə ölkənin xarici siyasəti sıfıra düşmüşdü. Hərbi vəziyyəti isə son dərəcə ağır idi. Hərbidən başı çıxmayan riyaziyyat müəllimi müdafiə naziri işləyirdi. Daxili işlər naziri istefa vermişdi. Rövşən Cavadov faktoru meydana çıxmışdı. Krılovun təmsilində olduğu kimi, Elçibəyin cəbhəçiləri, İsa Qəmbərin müsavatçıları, Əli Kərimlinin ”yurd"çuları hərəsi “arabanı” bir tərəfə çəkirdi.
Belə durumda Moskva da hərəkətə keçdi. Azərbaycanda Rəhim Qazıyev, Sürət Hüseynov vasitəsilə ciddi problemlər yaratdılar. Ayaz Mütəllimovun hakimiyyətə gəlməyi reallaşırdı. Elçibəy bunların hamısının fərqində idi. Çıxış yolları axtarırdı. Çıxış yolu isə Heydər Əliyevin hakimiyyətə gəlməsində idi.
Azərbaycanın gələcəyi naminə yüz minlərlə Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyən insanlardan biri də mən idim. Heydər Əliyev faktiki Azərbaycanı bəlalardan qurtardı. Özü də təkbaşına bunları etdi. Atəşkəs əldə olunmaqla, ermənilərin niyyətləri həyata keçmədi. “Əsrin müqaviləsi” mahiyyət etibarı ilə dövlətçiliyimizin qarantiyası oldu".