Sabiq baş nazir: “İqtidar və müxalifət arasındakı gərginliyi saxlamaq onun bağlı olduğu hakimiyyət çevrəsinin mövqeyi ola bilər”
AXP sədri Pənah Hüseyn müsavat.com-a məktub göndərib və onun dərcini istəyib. Biz bu yazını dərc etməklə yanaşı, bildiririk ki, BXCP sədri Q. Həsənquliyevin də məhz bu yazıya cavab haqqı yaranır. Çünki biz onun bundan əvvəlki müsahibəsini dərc etməmişdik.
* * *
Tanışlardan biri zəng edərək, Qüdrət Həsənquliyev sənin, İsa bəyin və Əli Kərimli barədə açıqlamalar verib, nə əcəb cavab vermirsiniz soruşdu. “İndi Qüdrət Həsənquliyevə vaxt ayırmaq zamanıdırmı”, - dedim. Tanışım materialın getdiyi saytı və tarixi söyləyib, “hər halda baxsanız yaxşı olar, Elçibəyi də məsələyə qatıb”, - deyə əlavə etdi. Elçibəy adına görə axtarıb baxdım...
“Prezident Elçibəyə demədən Pənah Hüseyn, İsa Qəmbər və Əli Kərimli daxili işlər nazirinin otağından Heydər Əliyevə zəng edərək onu Bakıya dəvət etdilər. Elçibəy yana-yana deyirdi ki, Heydər Əliyev götürüb ona zəng edəndə ki, bəs Pənah Hüseyn mənə zəng edib Bakıya dəvət edir, mən də soruşuram ki, bu dəvətdən prezidentin xəbəri varmı, o telefonda bir anlıq duruxur və sonra mənə deyir ki, siz razılıq versəniz, biz Elçibəyə deyərik. Heydər Əliyev Pənaha deyir ki, de görüm bu yalnız sənin fikrindir, yoxsa yanında kimsə var orda? Pənah Hüseyn də qayıdır ki, yox, tək deyiləm, İsa Qəmbərlə Əli Kərimli də yanımdadır.
Elçibəy deyirdi ki, bunları eşidəndən sonra qulaqlarım necə uğuldadısa sonradan telefonda Heydər Əliyevin nə danışdığını eşitmədim. Çünki artıq bu cavabdan sonra sanki günün günorta çağı məni ildırım vurmuşdu və mən artıq heç nə eşitmirdim. Elçibəy deyir ki, mən ondan sonra telefonu götürüb Pənaha dedim ki, təcili istefa ver. Elçibəy deyirdi Pənaha dedim ki, İsaya de, o da istefa versin. İsa Qəmbər imtina edəndən sonra Elçibəy deyir ona da götürüb telefonla dedim ki, istefa ver. Əli Kərimliyə gəldikdə isə bilirsiniz ki, hətta AXC-nin şöbə müdirlərinə desə də, Elçibəy Əli Kərimliyə Kələkiyə getməsiylə bağlı heç nə deməmişdi. Yəni onun bir satqın olduğuna tam əmin olduğundan ona Bakını tərk etməsiylə bağlı nəsə deyilməsini məsləhət bilməmişdi. Necə ki, Heydər Əliyev bu barədə danışanda Elçibəyin qulaqları batmışdı, eləcə də Elçibəy bütün bunları Kələkidə mənə danışanda mənim qulaqlarım batdı ki, o dövrdə prezidentə qarşı nə qədər ləyaqətsiz bir davranış nümayiş etdirilib...”
Bu boyda quyruqlu yalan olarmı? Adam Elçibəyə hörmət etmir, barı özünə hörmət etsin.
Ümumiyyətlə kiminsə, nəyinsə haqqında iddianı bu gün həyatda olmayan şəxsə istinadən - əgər o şəxs sağ olarkən bunu deməmisənsə, yazmamısansa, dərc etməmisənsə, - irəli sürmək, təsdiqedici başqa sübut, dəlillər olsa belə, etik deyil. Belə iddiaları təsdiq edəcək heç bir dəlilin, sübutun yoxdursa, üstəlik həmin iddialar yalan, uydurma, iftira, şər, böhtandırsa, həyatda olmayan şəxsin adını - xüsusən bu ad Elçibəy kimi milyonlar üçün müqəddəs bir addırsa, - öz yalanlarına bulaşdırmaq, alət etmək isə tam mənəviyyatsızlıq və əxlaqsızlıqdır.
Deyək ki, Qüdrət Həsənquliyev Elçibəyin sağlığında Əli Kərimlinin yanında olub. İsa Qəmbərə və mənə qarşı ki, özünün də dəfələrlə dediyi kimi mənfi münasibətini heç gizlətməyib və tənqidlərə tuş edib. Məsələn, mən 1997-ci ildən sonra həbsdən çıxdıqdan sonra “Elçibəy Pənahı AXCP- yə gətirir”, - söz- söhbətlərindən vahiməyə düşərək, mənə qarşı aparılan kampaniyanın dəstəbaşılarından olub. Nə əcəb bu gün yuxarıda dediklərini o vaxt mənə münasibətdə haqlı olmalarının sübutu kimi ortaya qoymurdu?!.
Yalançının yaddaşı gödək olar. Bu adam yaddan çıxarıb ki, Baş Nazir vəzifəsindən istefamı 07 iyun 1992-ci ildə prezident yanında müşavirədə bəyan və bu barədə yazılı ərizəmi təqdim etməyimə baxmayaraq Elçibəy mənim istefamı qəbul etməmişdi və mənim Baş Nazir postundan azad olunmağım barədə fərman 29 iyun 1993-cü il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb.
Elçibəyin 1993-cü il iyun hadisələrindən sonra İsa Qəmbərə, Pənah Hüseynə və Əli Kərimliyə münasibəti onun öz sağlığında mətbuatda dərc edilmiş çoxsaylı müsahibələrində, çap edilmiş kitablarında açıq aydın ifadə olunmuşdur.
Sitat: “...Dəfələrlə bildirmişəm ki, mən olmadıqda məni lider kimi tanıyanlar İsa Qəmbəri qəbul etməlidirlər. Bu həmçinin İsa bəyin siyasi potensialı, təcrübəsi, qabiliyyəti və siyasi nüfuzu ilə də bağlıdır.
O, yetişmiş siyasi lider kimi həm də mənim ən çox etibar etdiyim məsləkdaşım və dostumdur.” ( “Azadlıq” qəzeti 9 may 1997-ci il nömrəsi)
Əgər Qüdrət Həsənquliyevin yuxarıdakı iftirasına hətta dolayısı, uzaqdan-uzağa oxşar bir hadisə, rəy olsaydı Elçibəy bu fikri söylərdimi?
Çox gənc olmasına baxmayaraq Elçibəy tərəfindən dövlət katibi vəzifəsinə gətirilən Əli Kərimli 1993-cü il iyun hadisələrindən sonra da Elçibəy vəfat edənə qədər, onun rəhbərlik etdiyi partiyada özündən sonra əsas post tuturdu və bununla Elçibəyin ona yüksək siyasi etimadı ifadə olunurdu.
Elçibəyin Pənah Hüseynə münasibətinə gəldikdə isə, bu münasibət onun barəsində ictimai rəydə ən mənfi rəyin mövcud olduğu 1993-cü ilin sonlarından dəfələrlə “Pənah Hüseyn nə edibsə mənim tapşırığımla edib”, - bəyanatını verərək onu qorumasında ifadə edildi. Pənah Hüseyn Elçibəyin ən son günlərinə qədər onun ən yaxın ətrafında yer alırdı, Elçibəyin siyasi planlarının işlənib hazırlanmasında və icra edilməsində mühüm rol oynayırdı.
Bunlar hamıya məlum olan açıq-aşkar həqiqətlərdir. Qüdrət Həsənquliyev kim idi və Qüdrət Həsənquliyev Elçibəyin onun haqqında verdiyi hansı dəyəri ortaya qoya bilər ki, Elçibəy özünün ən yaxın əqidədaşları və dostları kimi qiymət verdiyi insanlar barədə onunla yuxarıda dediyi məzmunda “dəhşətli sirri” bölüşmüş olaydı?
Heydər Əliyevin 1993-cü ildə AXC hakimiyyəti rəhbərliyi tərəfindən Bakıya dəvət olunması məsələsi Elçibəyin həyatda olduğu dönəmdə mənim tərəfimdən o dövrə aid yazılarımda faktiki tərəfləri və siyasi mahiyyət baxımından hərtərəfli təsvir və təhlil edilmiş və dərc olunub yayılmışdır. Həmin materiallarda mənim məsələnin faktiki halları barədə dediklərim ən kiçik detalı üzrə belə Elçibəy özü və həmin dövrdə AXC hakimiyyəti rəhbərliyinə daxil və hadisələrə aidiyyatı olan şəxslərin heç biri tərəfindən təkzib edilməmişdir. Qüdrət Həsənquliyevin dediklərinə nəzərən isə onu göstərməklə kifayətlənirəm onun bu nağılı söyləməyə başlamamışdan xeyli əvvəllər, 1996-cı ildə mətbuatda dərc olunmuş yazımda və sonrakı yazı və müsahibələrimdə dəfələrlə vurğulamışam ki, 1993-cü ilin iyun hadisələri zamanı mənim Heydər Əliyevlə telefon danışığım cəmi bir dəfə, o da 9 iyunda, Ali Sovetin binasından olub.
Mən materiala diqqətlə baxdım. Jurnalistin Elman Rüstəmov barədə sualı da buna təhrik etmir. Əslində Qüdrət Həsənquliyevin Elman Rüstəmov barədə Milli Məclisdə səsləndirdiyi fikirlər mətbuatda digər şəxslər, məsələn, Fəzail Ağamalı və Cavanşir Abdullayev tərəfindən səsləndirilmişdi. Jurnalistin sualı da həmin fikirlərə aiddir.
Mənim Qüdrət Həsənquliyevin Milli Məclisdə Elman Rüstəmov barədə dediyi fikrimin də mahiyyəti E.Rüstəmov AXC-nin, uğurlu və ya uğursuz kadrı olması ilə bağlı deyildi. Mənim dediyim ondan ibarət idi ki, 1995-ci ildə bu iqtidar tərəfindən Mərkəzi Bankın rəhbəri təyin edilmiş və bu günə qədər həmin vəzifədə qalan bu şəxsi tənqid edərkən AXC hakimiyyətinin xatırlanması nə dərəcədə məntiqidir və belə rəy yaratmağa xidmət etmirmi manatın 2015-ci ildəki devalvasiyasına görə də sən demə 1992-ci ildə getmiş AXC hakimiyyəti məsuliyyət daşıyır. İndi 2015- ci ildə dövlətin üzləşdiyi böhrana görə 25 ildir bu iqtidarın Baş Bankiri olan Elman Rüstəmovu vurarkən belə özünü onun AXC kadrı olması deyimi ilə sığortalayan və bu günün problemlərini AXC hakimiyyəti ilə bağlayan adam qorxaqdır, yoxsa “vaxtı ilə ümidverən mütəxəssis kimi vəzifəyə gətirilən Elman Rüstəmov zay olubsa indiki iqtidarın korrupsiya qazanında zay olub”, - deyən Pənah Hüseyn.
Əsil maraqlı olan Qüdrət Həsənquliyevin yuxarıdakı uydurmaların əks olunduğu müsahibədə durub dururkən nə üçün mənə, xüsusilə İsa Qəmbərə və Əli Kərimliyə hər halda ilk nəzərdə tamamilə yersiz görünən hücumudur.
Qüdrət Həsənquliyev dövlətin üzləşdiyi problemlərdən, böhrandan daha çox tənqid etdiyi həmin şəxslərin təmsil etdikləri qüvvələrin hakimiyyətə gələcəyindən və ya da, ola bilsin, iqtidarın böhrandan çıxış yollarından biri kimi Azərbaycanın siyasi müxalifəti ilə anlaşmaya gedə biləcəyi perspektivindən xoflanıb? Yoxsa müsahibədə jurnalistin verdiyi - “Elman Rüstəmovun peşəkar bir bankir olmadığı ortada. Amma AXC iqtidarının uğursuz kadrı adlandırdığınız Elman Rüstəmov həm də Şahmat Federasiyasının prezidentidir və bir peşəkar şahmatçı olduğunu məmləkəti mat etməklə ortaya qoymuş oldu...” sualına Qüdrət Həsənquliyevin verdiyi “E. İndi də bunlar yenidən hakimiyyət iddiasına düşüblər. O dövrdə rəhmətlik Elçibəy özünün şəxsi nüfuzundan istifadə edərək hakimiyyəti bir il saxlaya bildi, amma indikilər hakimiyyət quşu çiyinlərinə qonsa belə heç bir ay da hakimiyyətdə qala bilməzlər və ölkə param - parça olar”, cavab nə anlamına gəlir?
Onun fikirlərində ifadə olunan iqtidar və müxalifət arasındakı gərginliyi saxlamaq və dərinləşdirmək xəttinin öz ruh halının ifadəsi, BAXCP-nin, yoxsa bağlı olduğu hakimiyyət çevrələrinin mövqeyi olduğunun aydınlaşmasını isə zamanın öhdəsinə buraxaq.