ZƏLİMXAN YAQUB bu gün torpağa tapşırılacaq

“Məhəmməd Əmin kişi” şeiri onu müxalif camiə daxilində də sevdirmişdi...; İqbal Ağazadə: “Qəlblərdə hər zaman qalacaq”

Pənah Hüseyn: “Onun siyasi görüşü önəmli deyil”; Arif Hacılı: “Zəlimxan Yaqubun yaradıcılığı ilə tanış olmaq imkanlarım olmayıb”; Mirmahmud Mirəlioğlu: “Çox istedadlı bir şəxs idi”

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da günorta saatlarında vəfat edib. Xalq şairinin vəfatının ardından mətbuat və sosial şəbəkələrdə onun barəsində çoxsaylı məlumatlar paylaşıldı.  Heç şübhəsiz ki, Z.Yaqub dövlət tərəfindən sənətinə yetərincə qiymət verilmiş bir şair idi. Bunu  ona verilmiş fəxri adlar təsdiq edir. Amma bəzi müxalif çevrələr onu siyasi mövqeyinə görə tənqid edirdilər.
Amma onun 2013-cü ilin mayında görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəyə yazdığı şeir demokratik düşərgə daxilində nəinki rəğbətlə qarşılandı, ona olan münasibət tamamilə dəyişdi. Gözəlliyinə söz olmayan “Məhəmməd Əmin kişi” şeiri Z.Yaqubu müxalifətçilər arasında da sevdirdi. Buna görə də, onun ölümü təkcə bir siyasi sferanın kədərinə səbəb olmadı, müxalif düşərgə də onun ölümünə kədərləndi. 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə mərhum xalq şairini belə xatırlayır: “O, ürəyi olan bir gözəl Azərbaycan şairi idi. Fərqi yox idi ki, o, siyasi mövqeyinə görə harada dayanırdı. Amma onun şeirləri çox gözəl idi. Azərbaycan ədəbiyyatında onun yeri daim olacaq. İnanıram ki, qəlblərdə də hər zaman qalacaq. Zəlimxan Yaqub mənim üçün müasir Azərbaycan ədəbiyyətinin gözəl şairlərindən biri idi”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Z.Yaqubu tələbəlik illərindən tanıyır: “Biz tələbəlik dövründə yaxın yerlərdə qalırdıq. Gürcüstandan olan tələbə yoldaşlarımızla birlikdə qalırdıq. Tez-tez bir yerə toplanırdıq. Zəlimxan Yaqub milli azadlıq hərəkatı başlayanda, xüsusilə, 80-cı illərin sonlarında Gürcüstanda azərbaycanlılarla bağlı bəzi proseslər gedəndə öndə olan şəxs idi. Onun siyasi görüşü önəmli deyil. İctimai-siyasi proseslərdə daim fəal olub. Eyni zamanda, Gürcüstan azərbaycanlıları içərisində böyük nüfuza sahib idi. Siyasi partiyalarla bağlı mövqeyi onun öz şəxsinə aid olan məsələ idi. Həqiqətən gözəl söz adamı idi. Allah ona rəhmət eləsin. Azərbaycan xalqının özünün dəyərli simalarından birini itirdiyi qənaətindəyəm”.
Müsavat başqanı Arif Hacılı Z.Yaqubu məşhur Azərbaycan şairi kimi qələmə verdi: “Zəlimxan Yaqubun bədii yaradıcılığı ilə dərin tanış olmaq imkanlarım olmayıb. Ona görə də onun yaradıcılığı ilə bağlı bir söz deməkdə çətinlik çəkirəm”.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu xalq şairinin yaxınlarına başsağlı verdi: “Zəlimxan Yaqub gözəl şair idi. Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm. Çox ilhamlı, istedadlı bir şair idi. Onun siyasi mövqeyi ayrı bir məsələdir. Amma müasir Azərbaycan ədəbiyyatı üçün çox istedadlı bir şəxs idi”.
Qeyd edək ki, xalq şairi yanvarın 11-də günorta saatlarında Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq. 






Fikirlər